“Gün olur ki ne gökyüzü para eder,
Ne deniz kenarı, ne bağlar bahçeler.
Gün olur ki ne kız, ne rakı, ne şiir,
Hiçbir şey insanı sarmaz, kandıramaz;
Her çeşmeden boş döner, elindeki tas.
Gün olur ki çıldırmak işten değildir”.
(Cahid Sıtkı Tarançı)
Ötən yazımda hərənin bir yeri şəxsi mülkü elan edib turistlərdən pul istəməsinə toxunmuşdum. Dərhal Bakı bulvarından yeni xəbər aldıq: orada hansısa hissəni pullu elan ediblər, giriş üçün 1 manat alırlar. Bulvar idarəsi hətta camaatın bunu razılıqla qarşıladığını bildirmişdi. Deyir, bəziləri ora pulsuz girib əxlaqsızlıq edirdi. Maraqlı yanaşmadır. Guya indi 1 manat ödəyib, girməyəcəklər. Prinsipcə, bizdə hər yer bu cür pullu girişlədir. Avtovağzaldan tutmuş, universitetlərə qədər. Sadəcə, bu ödənilən pullar lazımi, qanuni yerinə çatmır, dövlət büdcəsinə, həmçinin yerli idarəetmə orqanlarının büdcəsinə bu yığımlar oturmur. Nəticədə hansısa yolkəsənin quldurluq edib camaatı soyması təəssüratı yaranır ki, bu da dövlətçiliyimizə yaraşan hal deyildir. Bizdə axırıncı yolkəsənlik hadisəsi AXC-Müsavat hakimiyyəti dönəmində qeydə alınmışdır, Surətin qabağını Hacıqabulda kəsmək istəmişdilər, heç onu da yarıtmamışdılar, çünki bacarıqsız hökumət idi.
O cümlədən Bakı Nəqliyyat Agentliyi Binəqədidə, Rəsulzadə qəsəbəsinin mərkəzində avtobus dayanacağının zəbt edilməsi haqda foto-açıqlama yaydı. Doğrudan da orada darısqal yolun içində biabırçı vəziyyət yaranıbdır, kimsə dayanacağı söküb yerində 3 mərtəbəli dükan qayırmaqla məşğuldur. Bunlar hamısı köhnə icra başçısı Xaləddin müəllimdən qalma ünsürlərdir. Xaləddin müəllim işdən çıxarılacağını gözlədiyi (dayday Fazil müəllim vergidən uçandan sonra) son bir neçə ayda Binəqədidə artıq yolları satmağa girişmişdi, çünki başqa yer qalmamışdı, səkiləri daha öncə satmışdı. Həmin satasatın üzündən hazırda Binəqədi rayonu ərazisindəki küçələr Türkiyədəki məşhur Menderes çayının hövzəsini xatırladır – o dərəcədə dolanbacdır. Həmişə getdiyin yolla gedirsən, bir də görürsən qarşına dükan çıxdı. Məcbur dönüb ayrı yolla gedirsən, orda görürsən villa qayırıblar. Villanı birtəhər burulursan, bu dəfə hansısa çayxana çıxır. Ancaq biz Binəqədi sakinləri buna görə o qədər dilxor olmuruq. Hər pisdə bir yaxşı, hər qaranlıqda bir işıq vardır. Qaranlığı söyməkdənsə, bir şam yandır! Şam əgər yanmırsa, dövlət büdcəsinə keçirilibdir. Həri. Temadan uzaqlaşmayaq. Bayaq adını çəkdiyim Menderes çayının qədim adı Meandr çayıdır, orada qədim yunan mədəniyyəti vaxtilə ad qoymuşdur. Meandr çayı əyrim-üyrümlüyü ilə qədim dünyada çox məşhur idi. Həmin çayın adından isə dünyaya meandr naxışı deyilən ornament yadigar qalmışdır. Davamlı olaraq təkrarlanan düzbucaqlı xətlərdən ibarət bu naxışın ən məşhur istifadə yerlərindən biri “Canni Versaçe” firmasının emblemidir (təsəvvür üçün yazdım, köşədə naxış vermək imkanımız hələlik yoxdur – icra hakimiyyəti gərək lisenziya versin). Uzun sözün qısası, biz hazırda ümid edirik ki, Xaləddin müəllimin yolları dükan üçün satması üzündən dünya mədəniyyətinə də hansısa bir “Binəqədi naxışı” qalacaqdır.
Yazının bu məqamında poçtalyon dədə-babası qaydasında, kağızda və konvertdə məktub gətirdi. Məktubu Neftçalanın Aşağı Qaramanlı kəndindən Əliniyaz Quliyev yazıb. Daimi oxucularımız 88 yaşlı pedaqoji elmlər namizədi Əliniyaz müəllimi xatırlamalıdırlar, çünki onun haqqında ötənlərdə yazmışam. Əliniyaz müəllimin indiki məktubu isə bizim 9 avqustda çıxan “Tarixi adətlərimizə körpü” yazımızla bağlıdır. Yazır ki, bizim kənddə də şlaqbaum qoyublar, tam qanunsuz halda. Kənddən çölə gedən yolda qoyulan şlaqbaumun yanına da itlər buraxıblar, camaat heç cür keçməsin deyə. Əliniyaz müəllim öz gücünə şlaqbaumun qıfılını sındırıb atıb, ancaq özünü tam sökməyə gücü çatmayıb. Deyir ərazidəki hökumət qurumlarına bu şlaqbaum haqda çoxlu şikayət eləsəm də xeyri olmayıbdır.
Maraqlı hadisədir. Görəsən, çöllüyə gedən yola şlaqbaum qoymaq kimin ağlına gəlmişdir, oradan marağı nədir? Bəlkə Neftçalanın həmin çöllüyündə “İnterstellar” filmindəki kimi, kosmosu araşdıran gizli stansiya vardır? Nə biləsən… Azərbaycanın hər qarışı əsrarəngizdir, möcüzələrlə doludur. İndi söz əlaqədar təşkilatlarındır. Bu dəfə onlara yazının ortasında ehtiyac duyduq, axıra qalmasınlar, işgüzar təşkilatlardır, bəlkə harasa tələsirlər.
Hərçənd nə orta, yazı artıq qurtardı. Əlaqədar təşkilatlara mane olmayaq.