Загрузка...

Eyyub Hüseynov: “Kolbasa istehsal edən yerli şirkətlərin 80 faizinə ciddi nəzarət yoxdur”

Rusiyanın ət kombinatlarından biri ilə bağlı ölkə mətbuatında şok məlumat yayılıb. Məlumatda iddia edilir ki, Moskva yaxınlığında fəaliyyət göstərən “Mortadel” ət kombinatında istehsal edilən kolbasaların tərkibində insan əti aşkarlanıb.

Bildirilir ki, Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutunun alimləri həmin kombinatdakı ət məhsulları nümunələrini tədqiq ediblər və tərkibində insan əti olduğu qənaətinə gəliblər. İnsan əti nümunələri iki növ kolbasada – “Kral” və “Dənəvər servalat”da tapılıb. Ekspertlər kolbasanın tərkibinə insan ətinin təsadüfən düşməsi ehtimalını istisna ediblər. Kolbasaların tərkibinə kimsəsiz meyitlərin əti vurulduğu ehtimal edilir.

Maraqlıdır, Azərbaycanın kolbasa sənayesində vəziyyət necədir?

Mövzu ilə əlaqədar Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. “Yeni Müsavat”a danışan E.Hüseynov bildirir ki, Rusiyada kolbasalarda aşkarlanan insan əti Azərbaycanda istehsal olunan kolbasalarda da müəyyən oluna bilər: “Yoxlama yoxdur, belə bir şəraitdə Qida Təhlükəsizliyi Agentliyi işə indi başlayır.  Belə bir şəraitdə hətta yerli istehsalda (bir neçə kolbasa sexi istisna olmaqla) digərlərində bu cür hala rast gəlinə bilər. Kolbasa istehsal edən yerli şirkətlərdən bir neçə müəssisə ”Halal” sertifikatı alsa da, 80 faizinə ciddi nəzarət yoxdur. Elə yerlərdə təhlükəli kolbasalar istehsal oluna bilər. Xaricdən gələn kolbasalarda böyük problem yaşana bilər. Onlar malların ömrünü uzatmaq üçün hər cür inqrediyentlərdən, hətta insan ətindən də təhlükəli kimyəvi elementlərdən istifadə edirlər. Belə kolbasaların gözəl ətri və dadı olur. Əslində isə kimyalaşmış məhsullardır”.

İçində insan əti aşkarlanmış kolbasalar Azərbaycana gətirilə bilər – iddia

Azad İstehsalçılar Birliyinin sədri yerli kolbasalara üstünlük verir: “2011-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAİD bizə müraciət etdi və dünyada ilk təcrübəni həyata keçirməyi təklif etdi. Bu, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsinə hazırlıq idi. Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsi çərçivəsində idi. Biz ilk dəfə olaraq Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanını dövlət qeydiyyatına aldırdıq və bir neçə müəssisəyə, o cümlədən Azərbaycanda kolbasa istehsal edən ”SAB” və “Min bərəkət” şirkətlərinə Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanını şamil etdik. Orada daim ictimai monitorinqlər aparılır. Ölkədə 20-yə qədər kolbasa istehsalçıları var. Bir çoxu nəzarətdənkənar – harada gəldi, necə gəldi, nədən gəldi, kolbasa istehsal edir və harada gəldi satır. Bunlar artıq təhlükəli kolbasalardır”.

E.Hüseynov Rusiyada aşkarlanmış mal partiyaların Azərbaycana gətirilməsini də istisna etmir: “Bir sözlə, əhali yerli kolbasalara üstünlük versin. O kolbasa ki, standartlara uyğun hazırlanıb, üzərində istehsal olunma və son istifadə tarixi vurulub, istehsalçı müəssisənin ünvanı, əlaqə telefonu var, tənbəllik etməsinlər, zəng vurub istehsalı barədə maraqlansınlar. İstehlakçı hüquqlarının mühafizəsi haqqında qanunda istehlakçının malın sertifikatını tələb etmək hüququ var, bu hüquqlarında istifadə etsinlər”.

Qida eksperti istehlakçıları diqqətli olmağa çağırır: “Azad bazar iqtisadiyyatı, biznesə toxunulmazlıq şəraitində təhlükəli kolbasalar və digər mallar əmtəə bazarında var. Kolbasa ilə bağlı bizə həftədə 1-2 şikayət daxil olur. O da etiketi olmayan kolbasalardan olur. Azad İstehlakçılar Birliyi hazırda hazırlaşır ki, ”Halal” sertifikatı almış kolbasa müəssisələrində ictimai monitorinq aparsın, monitorinqə kütləvi informasiya vasitələrini cəlb eləsin. Bilmək istəyirik ki, onlar həqiqətən də ekoloji təmiz, halal standartlara uyğun kolbasa istehsal edirlər, ya aldadırlar?”