Dünən Bakı sakini Nigar Qəmərlinin paytaxtda fəaliyyət göstərən “İstanbul Clinic” özəl tibb müəssisəsinda ona göstərilən münasibətdən narazı qaldığı barədə məlumat verdik. Belə ki, xanımın iddiasına görə, xəstəxananın baş həkimi Ümman Abbasova onunla kobud şəkildə danışıb. N.Qəmərli isə tibb mütəxəssisini müvafiq qaydada şikayət edəcəyini bildirib.
Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini almağa çalışsaq da, cəhdlərimiz boşa çıxıb.
Bu gün minval.info klinikanın baş həkimi Ümman Abbasovayla əlaqa saxlaya bilib. O, saytımıza açıqlamasında hadisənin bir qədər fərqli baş verdiyini söyləyib.
Həkim klinikada təmir-tikinti işlərinin aparıldığını deyib. Ardınca hadisənin təfərrüatı barədə danışıb:
“Xəbəri yazıb məni biabır etmisiniz. Həmin xanım pilləkənə görə əvvəlcə aşağıda söz-söhbət salıb. Sonra onu mənim yanıma göndəriblər. Otağa daxil oldu, yüksək səslə danışmağa başladı. Mən ona izah etməyə çalışdım ki, bura özəl klinikadır. Sizin ixtiyarınız var ki, harada istəyirsiniz, orada müalicə ala bilərsiniz. Klinika reabilitasiya, fizioterapiya mərkəzi kimi fəaliyyət göstərmir. Pilləkən axı mənim problemim deyil. Xəstə müalicə zamanı ölməyib, o, mənim pasientim olmayıb. Bilirsiniz, xanım deyirdi ki, “mən İstanbulda olmuşam, bu klinikanın adını dəyişmək lazımdır”. Ona “gələ bilmirsinizsə, gəlməyin, mən sizi necə məcbur edə bilərəm? Pilləkənimiz budur, neyləyə bilərəm? O qədər klinikalarımız var” söylədim. Həmin qız “hə? Mənə belə cavab verirsiniz? Sizdən şikayət edəcəyəm” dedi. Mən də bildirdim ki, gedin şikayət edin. Nə deyə bilərəm, demokratik ölkədə yaşayırıq. Aşağı mərtəbədə olanlara isə “sabah gəlim, burada pilləkəni görməyim” söyləyib”.