Загрузка...

Bu il Azərbaycanda keçirilən qəbul imtahanı zamanı unikal hadisə baş verib.

Oxu.Az-ın müxbiri sığınacaqda yaşayan və Mədəniyyət və İncəsənət Universitetinə daxil olan qızla söhbət edib.

Darida Usova həyatın acı günlərini universitetə qəbul olunmasından xeyli əvvəl, uşaq yaşlarında atasının onu atması və 12 yaşında anasının himayəsindən məhrum olmasından sonra görüb.

Ögey bacısı onun tərbiyəsini üzərinə götürsə də, Darida onun yanından qaçıb. O, üç il ərzində bacısının evində döyülüb, qul kimi işlədilib və alçaldılıb.

Bu gün Darida həyatının qaranlıq səhifələri haqqında danışmır və sorğu-sual olunaraq o günlərə qayıtmaq istəmir. Qısa saçlı Darida həmyaşıdlarından fərqli olaraq, həyatın çətin anlarına qarşı kişi kimi dayanır. Ancaq onun gözlərində ağrı və əzabı görmək olur.

Həyatında ağır zərbələr almasına baxmayaraq, Darida ağıllı, gözəl və mədəni böyüyüb.

15 yaşlı, rus görünüşlü bu qızcığaz ikinci dəfə Bakı küçələrində qalmalı olub.

“Bir yaxşı dostum mənə məsləhət gördü ki, sığınacağa gedim. Ac və yorğun ora getdim. Onlar məni doğma övladları kimi qəbul etdilər. Buna görə onlara çox təşəkkür edirəm”, – Darida deyib.

Beləliklə, o, “Təmiz dünya” İctimai Birliyinin xətti ilə sığınacağa qəbul olunub.

“Həyat ona o qədər əzab verib ki, ilk vaxtlar Darida gülümsəmirdi. O, hər şeydən qorxurdu. Allaha şükür olsun ki, universitetə girdikdən sonra onun üzündə gülüş yarandı”, – sığınacağın nümayəndəsi bildirib.

“Beləliklə, mənim uşaqlıq arzum yerinə yetdi. Uşaq yaşlarımdan çəkdiyim rəsmlər çoxlarının xoşuna gəlir. Sığınacağın bütün kollektivi ilə bunu qeyd etdik”, – Darida söyləyib.

Həyatın çətinliklərinə görə o, orta məktəbi yarımçıq dayandırmalı olmuşdu. Ancaq sığınacağın rəhbərliyinin səyi nəticəsində o, burada yaşadığı müddətdə məktəbin 10-11-ci siniflərini başa vurur.

”Bacardığım qədər çox çalışırdım. Məni pulsuz hazırlayan müəllimlərə təşəkkür edirəm.

Bütün imkanları – anası, atası, qohumları olan, ancaq öz üzərində işləməyən uşaqları başa düşmürəm. Dərsdən qaçmaq, vaxtını əyləncəyə sərf etmək, kompüter və noutbukdan asılı olan, narkotik qəbul edən…

Qısa desək, onlar özləri üçün problem yaradır. Sonra da deyirlər ki, həyat uğursuzdur. Həyat, çörək, nəfəs almaq uğrunda mübarizə aparmaq lazımdır. Mübarizə aparmaq və göydə Allaha, yerdə yaxşı insanlara təşəkkür etmək… Güclü olmaq lazımdır. Düşünürəm ki, mübarizəmə görə Allah məni mükafatlandırdı.

Universitetdə oxumaq və layiqli azərbaycanlı olmaq istəyirəm. Dünyada öz yerimi tapmaq istəyirəm” , – Darida əlavə edib.

Daridanın təmiz Azərbaycan dilində söylədiyi fikirlərdə tez-tez Allahın adını çəkməsi diqqətimizdən yayınmayıb.

Öyrəndik ki, xristian ailəsində doğulan Darida 17 yaşında öz istəyi ilə İslamı qəbul edib.

“Məni xristianlar dünyaya gətirib, müsəlmanlar isə məni yaşadıb. Gözəl günlərin birində İslamı öyrənməyə başladım. Bunu qəlbən istəyirdim.

İslamın gözəlliyini və böyüklüyünü öyrəndikdən sonra sığınacağın rəhbərliyindən xahiş etdim ki, məni məscidə aparsınlar. Müsəlman olmağımla fəxr edirəm”, – Darida bildirib.

Burada qəhrəmanımızla söhbəti bitirə bilərdik, əgər “amma” çıxmasaydı. Biz Daridanın başqa problemini də deməliyik.

Universitetə qəbul olandan sonra Darida öyrənib ki, onun ixtisası pulludur və illik 1800 manat ödəməlidir. Bu, hökmə bənzəyirdi. Qızın öz dili ilə desək, o, heç yuxusunda bu qədər pulu bir yerdə görməyib.

Qızın gözündəki yaşı görən “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova onun üçün mübarizə aparmaq qərarına gəlib.

“Sən oxuyacaqsan”, – vədini verən sədr bütün qapıları döyməyə başlayıb.

Zeynalovanın sözlərinə görə, o, artıq Təhsil Nazirliyinə və universitet rəhbərliyinə müraciət edib.

“İstəyirik ki, onlar bizə kömək etsinlər. Ola bilsin ki, onu pulsuz ixtisasa keçirmək olacaq. Baxaq… Bu günlərdə nazirlik öz qərarını bizə açıqlamalıdıt. Fürsətdən istifadə edərək, bu qıza kömək edə biləcək imkanlı şəxslərə müraciət edirəm” , – sığınacağın direktoru qeyd edib.

Sonda demək istərdim ki, əgər hər birimiz ona kömək etməyə çalışsaq, bunu bacararıq – kimsə bu məqaləni çap etsə, kimsə sosial şəbəkədə paylaşsa, məqsədimizə çatacağıq və Darida oxuyacaq. Axı o, qanunsuz heç nə istəmir. Sadəcə, oxumaq istəyir. Allah sənə kömək olsun, Maşinka.