Загрузка...

Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən “Qarabağ” kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib.

Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə Əvəzov sahibi olduğu kafenin Astana ədliyyə departamentinin dövlət məhkəmə icraçıları tərəfindən sökülməsinə etiraz olaraq intihar edib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

2017-ci ilin sentyabrında paytaxtın Almata rayon məhkəməsi şəhər hakimiyyətinin Mayor Əvəzova qarşı kafenin məcburi sökülməsi barədə iddia qaldırıb. İddiaya əsasən sahibkar təxminən 1 sotluq ərazidə yerləşən kafeni sökməli, ərazini boşaltmalı idi. Şəhər hakimiyyəti ərazinin qanunsuz zəbt edildiyini iddia edib. Lakin Əvəzovun nümayəndəsi məhkəmədə bildirib ki, ərazinin icarəsinə dair “Astana Green Resource” şirkəti ilə müqavilə var.

“Qarabağ” dərdinə dözməyən azərbaycanlı sahibkar özünü güllələdi

Məhkəmə isə ötən ilin iyununda belə qərar çıxarıb ki, Əvəzov müvafiq icazə sənədləri olmadan dövlətə məxsus ərazidə “Qarabağ” kafesi tikib və onu kommersiya məqsədi ilə istismar edir. Və Əvəzovun kafeni sökməsi barədə hökm çıxarılıb, icarə müqaviləsi qüvvədən düşmüş sayılıb. Məhkəmə qərarına əsasən azərbaycanlı sahibkara cərimə də kəsilib.

Dekabr ayında apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Habelə bu ilin yanvarında Almata rayon məhkəməsi Əvəzovu cərimələyib. Onu müvafiq qanuni sənədləri olmadan neft məhsullarını əldə etmə, saxlama və satma maddəsi ilə təqsirləndiriblər. Belə ki, Əvəzov Astana-Yekatrinburq şosesinin kənarında yerləşən “Qarabağ” kafesində dizel və kerosinin qəbulu-satışı məntəqəsini təşkil edib. Həmin yanacağı əsasən TIR sürücülərinə satıb.

“Qarabağ” dərdinə dözməyən azərbaycanlı sahibkar özünü güllələdi

Məhkəmə müəyyən edib ki, Əvəzov 2017-ci ildə qanunsuz olaraq 3760 litr dizel yanacağını “Qarabağ” kafesində saxlayıb. Habelə 1 ton yanacağı 130 min təngəyə satıb.

Məhkəmədə Əvəzov günahını qismən etiraf edib, bildirib ki, yanacağın bu cür satışının qadağan olduğunu bilmirdi.

Kafenin məcburi sökülməsi barədə qərar isə iyunun 20-də qüvvəyə minib və sahibkara avqustun 2-nədək vaxt verilib. Sahibkar kafeni sökmədiyi üçün obyektin avqustun 16-da məcburi sökülməsi qərara alınıb. Bu haqda Əvəzova əvvəlcədən xəbərdarlıq edilib. Lakin obyektinin sökülməsinə dözməyən Əvəzov özünü vurub…