Загрузка...

Demək olar ki, hər gün sevgilisi, həyat yoldaşı tərəfindən döyülən, təhqir edilən, şiddət görən, hətta öldürülən qadınlar haqqında xəbərlər oxuyuruq. Məlum olur ki, həmin qadınların əksəriyyəti xoşbəxtlik, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Nəticə isə xəyalındakı kimi olmur.

Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

Həmsöhbətim Ayşən Məmmədovadır (Ad şərtidir). O, ucqar rayon və kəndlərdə deyil, Bakıda yaşayıb:

“Sadə bir ailədə doğulmuşam. Bir bacı, bir qardaşıq. İmkanımız olmasa da, ailəmiz qoymayıb ki, nədənsə korluq çəkək. Orta məktəbi bitidikdən sonra kollecə daxil oldum və ailəmə dəstək olmaq üçün işləməyə başladım.

Bir gün anam məni yanına çağırıb iş yoldaşının qohumu ilə tanış olmağımı təklif etdi. Bildirdi ki,  danış, normal adamdırsa, ailəni qur, evində-eşiyində yaşa. Öz ailən olsun. Düşündüm ki, ailəm mənim pisliyimi istəməz. Razılaşdım. Gələcək həyat yoldaşımla belə tanış olduq. Amma heç bilmirdim ki, bu, sadəcə, gözdən asılan pərdədir”.

Ayşən danışdıqca xəyallara dalırdı. Birdən fikri dağılırdı. O deyir ki, ailə həyatı qurduqdan bir müddət sonra qaynanası rəhmətə gedib. Özləri də cəmi iki il rahat həyat sürüblər:

“Toydan sonra qaynanamı itirdik. Yaşamaq üçün rayona köçmək qərarına gəldik. Dörd il orada yaşadıq. Mən şəhərdə böyüsəm də, onların yaşam tərzinə uyğunlaşmağa başladım.

Hamı bunu təəccüblə qarşıladı. İnnamırdılar ki, şəhərdə böyüyən qız kənd mühitinə öyrəşər. Həyat yoldaşımla iki il şad-xürrəm yaşadıq. Sevib ərə getməmişdim. O da mənim üçün ölmürdü. Amma o, mənim həyat yoldaşım, uşağımın da atası idi. Bir oğlan övladımız dünyaya gəldi. Normal yaşayırdıq”.

Həmsöhbətim deyir ki, evliliyindən iki il sonra yoldaşı iş üçün Bakıya gedib və bundan sonra tamamilə dəyişib:

“Elə bil başqa adam oldu. Mənimlə onsuz da o qədər maraqlanmırdı, amma oğluna biganə yanaşmağa başlamışdı. Bakıda kirayədə yaşayırdı və aylarla evə gəlmirdi. Qazancını görmürdük. Atası da həmişə narazılıq edirdi.

Mənə həmişə deyirdi ki, özünə, uşağa nə lazımdırsa, atana de, göndərsinlər. Hər dəfə gələndə heç bir səbəbdən döyürdü. O qədər döyürdü ki, o rayona gələndə, qaynatamın ikinci arvadı ilə birlikdə yatırdım ki, məni döyməsin.

Dəfələrlə döyəndə məni onun əlindən alıblar ki, iki günlük gəlirsən və döyürsən. Söyür, təhqir edirdi. Onlarda bu ayıb deyildi. Ata-anama heç vaxt aramızda olan prolemləri demirdim.

Qaynatam da oğlunun bu cür laqeydliyindən yorulmuşdu. Gəldim valideynlərimin evinə, beş ay qaldım. Bir dəfə də axtarmadı,heç demədi ki, arvadım, uşağım haradadır, nə yeyir, nə içirlər?!”

Həmsöbətim deyir ki, boşanmaq üçün ərizə versə də, həyat yoldaşının barışmaq üçün addım atacağına ümid edib:

“Uzun müddət ailəmlə qaldım. Yoldaşım bizi soruşmadı. Ailə dəfələrlə döyüldüyüm bildi. Atam dedi ki, səndən bezməmişəm. Boşan və oğlunu da götür, gəl. Boşanmaq üçün məhkəməyə gedəndə ümidim var idi ki, həyat yoldaşım deyəcək ki, gəl, evimizə qayıdaq. Amma olmadı…

İlk məhkəməyə gəlmədi. İkinci məhkəmədə dedi ki, boşanaq, amma məndən aliment istəmə. Çünki mənim aliment verməyə pulum yoxudr. Mən də bilirdim ki, alimenti verməyəcək. Ona görə müraciət etmədim. Oğlumu bağçaya qoydum, özüm də işlədim”.

Ayşənin birinci evliliyi ürəyi istədiyi kimi olmur. Bütün xəyalları puç olan Aytən deyir ki, düşünməzdi ki, başına gələnlərdən sonra yenidən bir kişiyə güvənib, inanar:

“Həmişə deyirdim ki, birinci ailəm əbədi olsun. Amma qismət olmadı. Ona görə ikinci dəfə ailə qurmağı düşünmürdüm, utanırdım. Amma valideynlərim yenidən ailə qurmağımı istəyirdilər.

Anam deyirdi ki, biz bu gün varıq, sabah yoxuq. Heç kim əbədi deyil. Sənə də bu həyatda bir dəstək olacaq ömür-gün yoldaşı, uşağına qayğı göstərəcək ata lazımdır. Beləcə, bir gün bu düşüncələr də gerçək oldu. İkinci dəfə ailə qurdum.

İkinci həyat yoldaşımla tanışlığımız da qəribə oldu. Çalışdığım mağazaya alış-veriş etməyə gələndə məni görüb. Sonra məni görmək üçün nəsə almasa da, hər dəfə yolunu mağazadan salırdı.

Bir gün yaxınlaşıb tanış olmaq istədiyini dedi və tanış olduq. Bir müddət sonra anası Türkiyədə yaşadığı üçün onun yanına getməli oldu. Mənə dedi ki, bir ay sonra qayıdacaq, onu gözləyim. Gələndən sonra xalası, nənəsi ilə bizə gəlib üzük verdilər və münasibətə ad qoyduq.

Hər şey yaxşı idi. Atam ikinci həyat yoldaşımı çox bəyənirdi. aralarından su sızmazdı. Bir dəfə atama dedi ki, işləyirəm, təkəm, yığıncaq edək və nişanlımı aparım.

Atam nikahsız razılaşmadı. Sonra məni tələsdirməyə başladı. Dedi ki, gəlməsən, Türkiyəyə gedəcəyəm və məni görməyəcəksən. Mən də istəmirdim ki, onu itirim. Öz evi hazır deyildi deyə, kirayədə yaşayırdı.

Qərar verdim ki, o qədər çətinliyə dözmüşəm, kirayədə yaşamaq da olar bir müddət. Oğlumu da götürüb getdim onun evinə. Atam-anam zəng edib evə qayıtmağımı istədilər. Amma o, məni geri göndərməyəcəyini dedi. Anam bu sözdən acıqlandı və mənə “bundan sonra biz adda anan-atan yoxdu” dedi.

Çox pis olmuşdum, saatlarla ağladım. Həmin gün telefonumu əlimdən aldı. Evdən çölə çıxmağa da icazə vermədi. Oğlumla məni evdə qoyub, qapını üstümüzə bağlayıb getdi. Bu, günlərlə davam etdi.

Həmişə çalışırdı ki, elə ev tutsun ki, ondan başqa heç kim qapını aça bilməsin. Bir il ərzində mən və oğlum heç yerə gedə bilmədik. Oğlum həyətdə uşaqların səsini eşidəndə pəncərəyə həsrətlə baxırdı.

Uşağımın bir saat çöldə oynamaq üçün yalvarışları ürəyimi üzürdü. Ona izah edə bilmirdim ki, həyətə düşmək üçün qapını açmalıyam. Amma açarım yoxdur. Saatlarla uşağım pəncərədən çöldəki uşaqların oynamağına baxa-baxa iç çəkirdi…”

Həmsöhbətim deyir ki, bir müddət sonra oğlu onlarla yaşamaq istəməyib:

“Yoldaşım evə hər gün içkili gəlməyə başladı. Evə gələn kimi məni döyürdü, söyürdü. Böyük oğlum artıq hər şeyi dərk edirdi. Mən ikinci dəfə ana olmağa hazırlaşırdım. Hamilə ola-ola döyülməyimdən, söyülməyimdən oğlum bezdi və bizimlə yaşamaq istəmədiyini dedi.

Anama yalvardım, gəlib oğlumu apardı. Sonra eşitdim ki, birinci həyat yoldaşım mənim ikinci dəfə ailə qurdugumu eşidib və oğlumu anamdan alıb özü ilə rayona aparıb. Artıq rayonda məktəbə başlayıb.

Tətil olanda nənəsigilə gəlir. Amma mən onu görə bilmirəm (ağlayır). İkinci övladım da oğlan oldu. Amma taleyi elə birinci övladıma oxşadı. Həyatımda heç nə dəyişmədi, yenə zülüm, yenə əziyyət…”

Ayşən deyir ki, qaynanası vəziyyətə müdaxilə edərək, onu Türkiyəyə çağırıb:

“Oğlum dünyaya gələndən sonra Qaynanam dedi ki, Türkiyə gəl. getdim. Çünki hər dəfə dava, söz-söhbət olanda getməyə yerim yox idi. Bir müddət orda qaldıqdan sonra qayıtdım. Mənə dəyişəcəyini dedi və şans verdim. Amma dəyişmədi. Daha da kobudlaşmışdı.

Yenidən hamilə olduğumu öyrəndim. Uşağı aldırmaq istədim, amma qoymadı. Hamilə olsam da, hər gün döyülürdüm, söyülürdüm. Beləcə, üçüncü oğlum da doğuldu….”

Hər gecə evdən çıxmağa məcbur edilən Ayşən deyir ki, getməyə yeri olmayıb:

“Hər dəfə söz-söhbət olanda məni məcbur edirdi ki, çıx evdən. Gecəyə baxmaz, saata baxmazdı. İki uşaqla qalırdım çarəsiz. Bilirdi ki, getməyə yerim yoxdur. Bir xalamın evinə gedə bilirdim. Orda da çox qala bilmirdim. Bir gün xalama dedim ki, məni qovur evdən. O da gəlib danışdı. Dedi, heç nə etməyəcəm, düzələcəm.

Xalamgil getdikdən sonra məni döydü. İçirdi, gəlib döyürdü. Bir dəfə məni necə döydüsə, burnum qırıldı. Ağrıdan özümdən getmişdim. Oyananda gördüm ki, iki dişim sınıb. O cəhənnəmdən sağ çıxa bildimsə, qonşularım sayəsində oldu. Oradan iki uşağımla sığınacağa qaçdım. Bundan sonra nə edəcəyimi bilmirəm”.