Həyatın filmlərimizdən süjet çırpışdırmasından yazmışdım. Bunun daha bir beynəlxalq səviyyəli təzahürü Türkiyədə yaşandı. ABŞ ora sanksiyalar qoyandan, ümumiyyətlə, Türkiyənin iqtisadi problemləri başlayandan bəri yerli valyuta lirə liraya dönüb qəmli musiqilər çalmaqdadır. Qardaş ölkənin hakimiyyəti bunu önləmək üçün camaata üz tutdu, dolları satıb lirə almağa çağırdı.
Deyəsən, camaat da hakimiyyətə səs verməkdədir, hətta bazarlarda dollar satdığı haqda çeki göstərənlərə kartof-soğanı hədiyyə edənlər varmış. Türkiyə bu baxımdan unikal dövlətdir, biz – əksəri sovet adamı olan, ondan da qabaq rusun müstəmləkəsi olmuş azərbaycanlılar oranı anlamaqda bəzən çətinlik çəkərik. Çox da “bir millət, iki dövlət” deyirik. Fərqimiz çoxdur. Məsələn, bizi propaqanda ilə harasa dartmaq, aparmaq çox çətindir. Yüz ölçüb, bir biçərik, axırda da görərik quru yurdda qalmışıq. Türkiyə türkləri isə bir “hurrey” deyib vaxtilə dünyanın yarısını tutmuşdular. Yəni o boyda Osmanlı imperiyası əslində “hurrey”ə söykənirdi, arxasında heç bir ciddi siyasi-iqtisadi, mədəni-sosial dayaqlar yox idi. Yaxud istiqlal savaşı zamanı Atatürk Türkiyəni necə qoruyub saxlamışdı? Adamlara əmr verirdi, 200 min əsgər birdən gedib həlak olurdu. Bizdə isə belə əmr versən deyərlər xalqın uşaqlarını qırğına verir, gəlin qaçaq, dövlət-zad cəhənnəm olsun, bir yer tapıb təzədən “naxalstroy” tikərik. Erməni kimi sırtıq toplum yüz ildir bir “soyqırım”ı türklərə şəlləyə bilmir, sizə zarafat gəlməsin. Camaat yüz ildir erməninin hər cür terroruna sinə gərir, arxasında durub qısqırdanlara dözür.
Nəsə, filmdən danışırdıq. Türkiyə-ABŞ iqtisadi savaşının qızğın anında Ərdoğan təxminən belə ifadə işlətdi ki, onların dolları var, bizim də Allahımız var. Tanış gəldimi? Mən də bunu hardasa eşitdiyimi fikirləşdim və yadıma saldım. Bizim 1971-ci ildə çəkilən “Axırıncı aşırım” filmimizdə buna bənzər söhbət düz 2 yerdə səslənir. Birinci dəfə kolxoz sədri İmanı Kərbəlayının hüzuruna gətirirlər. Kərbəlayı İsmayıl İmana deyir ki, gətir möhür, ştampı təhvil ver. İman razı olmur: “Sovet hökumətinin topu-topxanası var” deyir. Qəmlo o epizodda İmanı döyür. İkinci dəfə isə Abbasqulu bəyi Kərbəlayının yanına danışığa göndərəndə Abbasqulu bəy də ona bir növ hədə-qorxu gəlir: “Topxanan yox, cəbbəxanan yox!” Bu zaman Kərbəlayı filmdən sitat kimi bir vaxtlar dillər əzbərinə çevrilmiş sözləri deyir: “Şura hökumətinin topu var, bizim də namusumuz, qeyrətimiz var! Vuruşarıq!”
İndi türklər də şübhə eləmirəm ki, bu maliyyə böhranından nəsə bir hay-küy qoparıb salamat çıxacaqlar. Yeri gəlib, əsgərlikdə tabor komandirim olmuş gözəl insan Elşən bəyin mənə danışdığı əhvalatı da yazım. Elşən bəy Bakıda ali hərbi məktəbi bitirib, leytenant rütbəsi alandan sonra Elçibəyin hakimiyyəti dönəmində Türkiyədə hansısa kurs keçməyə göndərilibmiş. Deyir, Azərbaycandan bir qrup gənc leytenant orada hərbi hissəyə yerləşdik, elə birinci gün eynən bizim rütbədə (teymen) olan türk zabit bizə sıra təlimi keçməyə başladı. Bizimkilər bundan çaşqınlıq keçirirlər, zabitin təzədən sıra təlimi keçməsinin mənası olmadığını düşünüb “sürün” komandasını yerinə yetirmək istəmirlər. Deyirlər biz əsgər deyilik. Teymen deyir mənim üçün əsgərsiniz, Azərbaycanda aldığınız rütbə burada keçmir, təlim kursuna sürünmək də daxildir və sairə. Mübahisə qızışır, hətta teymen yerə güllə atır, ancaq bizim zabitlər sürünmək istəmir. Sən demə, bir albay (polkovnik) müşahidə qülləsindən bunu görürmüş. Düşür gəlir, bizim zabitlərin sırası qarşısında alovlu bir çıxış yapır. Özü də nə çıxış… Qardaş olmağımızdan, oğuz türklərindən, nə bilim, Ərgənəkondan başlayıb Qurtuluş savaşı zamanı azərbaycanlı anaların öz qızıllarını yığıb Atatürkə kömək üçün göndərməsinə qədər elə söhbətlər edir ki, gənc leytenantlarımızın tükü biz-biz olur. Elşən bəy deyirdi ki, albay çıxışını qurtarıb “Sürün!” komandası verəndə özümüzdən asılı olmayaraq hamımız yerdə uzanmışdıq. Bəlkə əmr versə oradan sürünə-sürünə gəlib Qarabağı alardıq.
Tabor komandirimin Türkiyədə hansısa hərbi muzeydə saxlanan ələk barədə söhbəti də yadımda qalıb. Deyir bir sultan olub, hansısa əsgərə əmr edib ki, ələklə hovuzun suyunu boşaltsın. Axşam tərəfi imiş. Səhər sultan sarayın həyətindən keçəndə görür ki, əsgər heysizlikdən az qalır ölsün, ancaq hələ də ələk əlində hovuzu boşaltmağa çalışır. Ondan sonra ələyi muzeyə qoyurlar – türk əsgərin əmri müzakirə eləmədən yerinə yetirməsinə xatirə olaraq.