“Lakin
mən bunu
çıxarıb geniş yan cibimdən
deyirəm: Oxuyun!
Bu pasportu mənəm daşıyan”.
(Mayakovski)
Xəzəryanı dövlətlər Qazaxıstanda toplaşıb Xəzərin statusu haqda nəhayət razılığa gəliblər. Guya. Prinsipcə, əsas məsələ dənizin dibi idi, o da İranın absurd imperiya iddiaları, Türkmənistanın xəstə ambisiyaları üzündən razılaşdırılmamış qaldı. Ancaq deyir indi Xəzər yeni “pasportuna” əsasən artıq nə göl sayılır, nə dəniz. Göl və dənizlərə aid beynəlxalq qanunlar, konvensiyalar buna aid edilməyəcəkdir. Bəs o zaman Xəzər nə oldu? Meşə. Məncə artıq onu meşə saya bilərik. Ya da samanlıq. Lap bərk getsə bataqlıq. Hamısı öz əlimizdə deyilmi? Onsuz neçə illərdir bizim varlı lotular dənizi hasarlayıblar, üzünü görə bilmirdik. Bu müddətdə Xəzərin genini dəyişdiriblər – indi modda olan sarsaq söhbətdəki kimi. Özü də deyilənə görə son vaxtlar hökumətin qərarı ilə sahilyanı hasarların sökülməsinə start verilibdir. Bəxtimiz yoxdur ki. Neçə il həsrətlə gözlədik, hasar söküləndən sonra isə dalından dəniz cəhənnəmə, heç gölməçə də çıxmadı.
Burada ermənilərə vurulan siyasi-geopolitik, uzaqgörən-praqmatik, ballistik-mənəvi zərbənin əhəmiyyətini də qeyd etməliyik. Axı o namərd qonşularımız həmişə “Dənizdən dənizə Ermənistan” xülyasıyla yaşayıblar. Guya Qara dənizdən Xəzərə qədər hər yer tarixən bunların olubdur. Al gəldi… Ta dəniz yoxdur e. İndi zəhmət çəkin “Dənizdən meşəyə Ermənistan” qayırın. Adamın xəyalplov qazanını belə təpəsinə keçirdərlər.
Dənizimizə yeni vətəndaşlıq sənədinin verilməsi mənim ümumvətəndaşlıq pasportumu dəyişdirməyimlə eyni vaxta düşdü, bu tarixi hadisəni mütləq qeyd etməliyəm. Tanıyanlar bilir, mənim heç vaxt ana yurdumuzdan harasa getmək fikrim olmamışdır, o üzdən xarici pasportu ən gec alan vətəndaşlardan biriyəm – yalnız 2008-ci ildə, hardasa bu vaxtlar almışam. Dəhşətli günlər idi, getsin gəlməsin. Uşaq-muşağın yadına gəlməz, biz o zamanlar xarici pasportu “OVİR” deyilən idarədən alırdıq, bütün respublika üzrə də yalnız bir nöqtədə verilirdi, başqa yer yox idi. Bu əsrarəngiz, türkün sözü, gizəmli nöqtə isə Bakıda, Xarici Dillər Universitetinin yanında yerləşirdi. Pasport almaq üçün gərək iki-üç gün qabaqdan növbəyə duraydın. Adamlar raskladuşka, yorğan-döşək gətirib növbədə yatırdılar. Neçə insan o növbələrdə evlənib ailə qurmuş, dünyadan köçmüş, sünnət toyu çaldırmışdı. Telekanalizasiyalar pasport növbəsində tok-şoular hazırlayır, müəllim uşaqlara repetitorluq edir, qəssablar dana kəsib satır, gəlinlər səhənglə bulağa gedirdilər. Hamilə qadınlar pasport növbəsində uşaq doğur, əsgərlərimiz cəbhə istehkamları qazır, həkimlər diş çəkir, böyrək alveri edir, babasili sağaldırdılar. Xalq yazıçımız Anar müəllim pasport növbəsində özünün ən yaxşı əsərlərindən birini, “Beşvərəqli pasportun altıncı vərəqi” romanını hazırlamışdı.
Uzun sözün qısası, vətənimiz üçün belə çətin məqamda mən pasport almaq qərarına gəlmişdim, lakin növbəyə durmaq istəmədim. Çünki o növbədən sağ çıxmaq, YAP quruculuq işlərində iştirak imkanlarıma qəti ümidim yox idi. Bu üzdən, qapıda dayanan əməkdaşlarla müəyyən miqdarda dostluq, qardaşlıq əlaqələri yaratdım. Ancaq idarəyə girib pasporta qovuşmaq üçün şifrəli hərəkətlər etməliydim: uzun növbənin yanından dayanmadan, sürətlə keçməli, qapıda Filankəs müəllimin adını çəkib guya onun yanına getdiyimi bildirməliydim. Artıq içəridə Filankəs müəllim özü məni müqəddəs sənədə qovuşdurmalı idi. Yadıma gəlir, növbənin yanından, gecədən saqqal basmış, yorğun-arğın, Liviya qaçqınlarını, Somali qurbanlarını xatırladan adamların böyründən necə xəcalət çəkərək keçmişdim. Ən qorxunc, çox qorxduğum hadisə isə qapıya az qalmış baş vermişdi: bir nəfər tanış növbədən məni səsləmişdi. Mən isə özümü eşitməzliyə vurmuşdum. Kəşfiyyatçılar İcevana o cür gedirlər.
Üç gün qabaq isə Yasamalda ASAN-xidmətin binasında pasportun vaxtını uzatmaq üçün getmişdim. Binaya girməyimlə çıxmağım yalan olmasın, 10 dəqiqə çəkmədi. Bu qısa müddətdə rüsum ödədim (məncə 40 manat o pasport üçün çoxdur, ancaq bu başqa temadır), şəklimi çəkdilər, barmaq izlərimi aldılar, vəssalam. İnşallah, 20 avqustda gedib təzə pasportu almalıyam.
Fantastik irəliləyişdir. Hətta insanın kosmosu fəthi, penisillinin kəşfi, nə bilim, internetin ixtirası bunun yanında heç zaddır. Biz o günləri görmüşük axı. Bu günləri də görürük. O üzdən, ASAN-xidmətdə sənədlərimizin belə asan hazırlanması bizi fantastik dərəcədə xoşbəxt edir. Mən xoşbəxtliyin şiddətindən hətta idarədən çıxan kimi böyürdəki bazardan kəklikotu, qantəpər, solmazçiçəyi aldım, satıcılar da çox sevindilər, dedilər indi siftə elədik. Yəni, qabağıma çıxan istənilən otu almağa hazır idim. “İnşaatçılar” metrosu mənə Monmartr bulvarı, “Bakubus” avtobusu “Bentli”nin ən son modeli, rastıma çıxan adamlar isə dünyanın ən mehriban, ən gözəl insanları kimi görünürdülər.
Evə gələndə isə köhnə pasportumdan qalan Şengen vizalarına baxıb ağladım. ASAN-dakı qız bunları cırıb vermişdi, demişdi saxlayın, səfirliklərə lazım olur. Ancaq daha belə gözəl ölkədən hara gedəsən…