Hər dəfə harın bir gəncin bahalı avtomobillərlə ağır qəza törədərək 3-4 adamı öldürməsindən, bir o qədərini də şikəst etməsindən sonra mediada, sosial şəbəkədə başlayan ajiotaj ona səbəb olur ki, bir çox harınlar qorxur, özlərini yığışdırırlar.
Bəziləri ağır qəza törədən şəxsin özünün və atasının cəzalandırılmasından ibrət dərsi çıxarır, bəziləri valideynlərinin “bu aralar ağıllı ol” tələbinə müvəqqəti boyun əyir. Hər nədirsə, açıq gözlə belə müşahidə edəndə fikir verirsən ki, başqa günlərdən fərqli olaraq, artıq qəza şəraiti yarada-yarada böyründən şütüyüb gedənlər, işıqforun qırmızı işığında keçənlər, sürət həddi 60 km/saat olan yerlərdə azı 120 km/saat sürəti ilə uçub gedənlər yoxdur.
Ancaq elə ki, ehtiraslar soyuyur, gündəm dəyişir, 3-4 adam öldürən harın gənc barədə müzakirə dayanır, hər şey yenidən başlayır. Yenə yollar təhlükəli olur.
Belələri demək olar ki, hər gün yollarda qəzalar törədirlər, sadəcə, çox zaman ağır tələfat olmur deyə vəziyyətdən çıxır, adları dilə-dişə düşməmiş məsələni yat-yut edə bilirlər.
Onlar potensial qatillərdir. Etdikləri hərəkətin, yüksək sürətin, avtoxuliqanlığın hər dəqiqə insan ölümü nəticələnə biləcəyini bilə-bilə özünü bu “əyləncə”dən, “zövq”dən məhrum etməmək həm də manyaklığın bir növüdür. Bu şəxslər psixopatdırlar – başqa adları yoxdur.
Son günlər şəhərin küçə və yollarında bu cür qudurğan sürücülərin sayı yenidən artıb. Gözlə görünür. İstənilən ağlı başında sürücünü danışdırın, mütləq deyəcəklər: “Bu gün birinin qabağından zorla qaçıb qurtuldum, düz üstümə sürürdü”; “Arxadan az qala belimizə çıxacaqdı, iri maşın idi, birimiz də salamat qalmayacaqdıq”; “Yol mənim idi, qırmızı işıqda keçib üstümə şığıdı” və sair və ilaxır.
Durum budur. Məhz ona görədir ki, əhalisinin və avtomobilinin sayına görə Azərbaycana tən olan Avropa ölkəsində qəzalar və insan tələfatı 10 dəfə (bəzən 20 dəfə) az olur. Bu, həmin ölkələrdə “günortadan sonra varlanan və avtomobil görən” adamların sayının qat-qat az olması, bir də sürücülük mədəniyyətinin yüksək səviyyəsi ilə bağlıdır.
Bizdə yolları təhlükəli edənlər təkcə sürətli maşınlar sürən imkanlı adamlar deyil. Taksi sürücülərinin tam əksəriyyəti də bu kateqoriyaya aiddir. Nədənsə ölkəmizin taksi sürücülərinə elə gəlir ki, bütün hallarda yol onlarındır, önlərində hərəkət edən avtomobilləri mütləq ötməlidirlər, sürət həddinin onlara dəxli yoxdur, istədikləri yerdə və istədikləri vaxt avtomobili dayandıra bilərlər və sair və ilaxır. Bu üzdəndir ki, Bakı boyda şəhərdə qəzaya uğramamış taksi maşını tapmaq müşküldür. Tam əksəriyyəti böyrü-başı əzik, ala-bəzək boyanmış avtomobillərdə xidmət göstərirlər.
Bir də olduqca köhnə avtomobillərdə avtoxuliqanlıq edən, harınlıqda, qudurğanlıqda oliqarx züryətindən geri qalmayan imkansız adamlar var. Bəzən görürsən ki, yanı-böyrü, altı-üstü çürümüş, azı 40-50 il ömrü olan, istismar müddəti çoxdan başa çatmış sovet avtomobillərində oturan gənclər özlərini eynilə varlı harınlar kimi aparır, onlar qədər qəza şəraiti yaradır, guya ki, cavanlıq edirlər.
Bu adamları durdurmaq lazımdır. Bu potensial qatillərin qarşısını almaq, onları sürücülük hüququndan məhrum etmək, avtomobillərini qanunsuz idarə etdikləri halda isə qanunun tam ciddiyyəti ilə cəzalandırmaq vacibdir.
Bu xüsusda ayrı-seçkilik etmək olmaz. Yeddi il əvvəl içkili halda avtomobil idarə edərək iki nəfərin ölümünə bais olan bir tanışımız var, yeddi ildir cəza çəkir, hələ iki il də çəkəcək, amma 2-dən artıq adamı öldürən elə adam da var ki, artıq azadlıqdadır.
Bu xüsusatları bilən pullu adamlar maşınla adam öldürməkdən qorxmurlar, fikirləşirlər ki, uzağı, bir il yatıb çıxacaqlar. Onlara qəza törətməyin, avtomobillə adam öldürməyin nə qədər ağır cinayət olduğunu, necə ağır şəkildə cəzalandırıldığını başa salmaq gərəkdir.
Yoxsa bu qatillərin əlindən şəhərin, eləcə də ölkənin yollarına çıxmaq mümkün olmayacaq.