Avtomobillərin qeydiyyata alınması üçün dövlət rüsumunun artırılması maşın bazarına təsirsiz ötüşməyib.
Xüsusən də böyk mühərrikli avtomobillərin alıcıları azalıb.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarında çoxlu sayda böyük mühərrikli maşın olsa da onların alıcısı tapılmır.
Satıcıların sözlərinə görə, bundan əvvəl də böyük mühərrikli maşınların satışı zəif idi. Qeydiyyatla bağlı rüsumların artırılması bazara hələ ki, ciddi təsir etməsə də, növbəti həftələrdə bu təsirin artacağı gözlənilir.
Böyük mühərrikli avtomobilləri satanların sözlərinə görə, hələlik alıcıların əksəriyyətinin yeni rüsumlardan xəbəri yoxdur. Əksər hallarda da avtomobil mülki etibarnamə ilə satılır və alan şəxs sonradan onu öz adına keçirir. Amma bir müddət sonra yəqin ki, ada keçirmək üçün olan rüsumun pulu da maşının qiyəmtindən çıxılacaq.
Hazırda maşını ada keçirməyin pulunu əsasən alıcılar ödəyir. Amma alqı-satqı zamanı razılaşmada istisnalar da ola bilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə avqustun 1- dən etibarən fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkilədirilməsi haqqında müqavilənin dövlət qeydiyyatına alınmasına görə rüsumlar artırılıb və maşının mühərrikinin həcminə görə rüsum tətbiq edilib. Daha böyük mühərrikli avtomobillər üçün daha çox pul tələb edilir.