Gündəlik həyatımızın bir parçası olan sosial şəbəkələrdə hər gün yeni bir trend ortaya çıxır. Uzunmüddətli olmasa da, hər kəsin təkrarlamağa çalışdığı müəyyən hərəkətlər bir virus kimi bütün dünyaya yayılır.
Hazırda sosial şəbəkələrdə daha bir trend meydana gəlib. Ən çox imkanlı ailələrin övladları tərəfindən yayılan bu trend xüsusilə rusiyalı gənclər arasında məşhurdur.
“Falling Stars 2018” adlı bu trendi başladan şəxs məşhur rusiyalı dicey “Smash”dır.
Bir gənc özəl təyyarədən enən zaman yerə uzanıb, fotosunu çəkdirərək, “instagram”da paylaşıb. Fotonu paylaşarkan isə sosial media fenomeni Lena Perminova və model Nataşa Pollininidən bu hərəkəti təkrarlamasını xahiş edib.
Burada məqsəd fotonu paylaşan şəxsin iki və ya üç yaxın dostlarının onun etdiyi hərəkəti təkrarlayaraq, sosial hesabında paylaşmasıdır. Hərəkəti təkrar edən hər bir dost da digər dostlarından bu hərəkəti təkrarlamağı tələb edir. Beləcə yeni bir trend ortaya çıxır və sürətlə yayılır.
Belə bir trendin əsl həvəs qaynağı isə İtalyan fotoqraf Sandro Giordanodur.
Bir çox moda çəkimlərində maraqlı kadrlara yer verən fotoqraf gənclərin ağlına bu ideyanı salmaqda yardımçı olub. Belə ki, bu fotoqraf model çəkimlərində və ya hansısa bir geyim şirkətinin fotolarını çəkərkən maraqlı üsuldan istifadə edir.
Bu maraqlı üsul isə ondan ibarətdir ki, hansısa geyimi reklam edən modelyer yerə uzanır və fotodan da göründüyü kimi, bu cür qəribə kadrlar ortaya çıxır.
Fotoqrafın bu stili seçməsinin arxasında bir fəlsəfə var. O, bu məsələyə bu cür izah verib: “Fotolarım yorucu bir sürətlə yaşayan insanların həyatından bir neçə saniyəlik kəsintiləri ifadə edir. Modern dünyanın tələblərinə cavab vermək üçün bədən üzvlərimizə sözün əsl mənasında, işgəncə veririk. Gündəlik həyatımıza zərər edirik. Mən də bu fotolarımda insanların özlərini lazımsız yerə yormamalarının vacibliyini izah etməyə çalışıram. Həm pul qazanmaq, həm də cəmiyyətə mesaj vermək istəyirəm”.
Lakin varlı gənclər bunu fotoqrafın dediyi variantda anlamayıb, hər zaman olduğu kimi, lüks həyat tərzlərini ortaya qoyaraq, yeni bir trendə çeviriblər.
Sözügedən trendin yaradıcıları olan zəngin gənclərin fotolarını sizlərə təqdim edirik:
Turan Oruc,
Musavat.com