“Mən ki, damdan bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim;
Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın”
(Sabir)
Bakıda avtobus marşrutlarında qiymətin qalxması bizə Amerika zəncilərinin hüquq və azadlıq hərəkatının liderlərindən Roza Parksı xatırlatdı. 1955-ci ildə Roza xanım Amerikanın bir şəhərində avtobusda gedirmiş. O zamanlar ABŞ avtobuslarında ağlar və qaralar üçün ayrıca yerlər vardı, ağ adam gələndə qara adam durub ona yerini verməliydi. Roza xanım da avtobus sürücüsünün tələbinə əhəmiyyət vermədən ağ adama öz oturacağını verməməklə ölkədə avtobusları boykot hərəkatına səbəb olmuşdu. Ümumiyyətlə, Roza Parks sonradan Amerikada olduqca tanınmış şəxsiyyətdir, heykəlləri qoyulub, adına yerlər verilib, yalan olmasın, nəvələrinə çoxlu dükan açılıbdır.
İndi güman və ümid edə bilərik bizdə avtobusun qiymətinin qalxması hansısa zənənlərin üsyan bayrağını qaldırmasına gətirməyəcəkdir. Nəyə görə? Çünki o vaxt zəncilər avtobusda oturmaq davası edirdilər, indiki halda Amerikada elə avtobusda onlar gedir, ağların hərəsinin minimum 3-4 dənə avtomobili vardır. Yəni insan azadlığı üçün avtobusda yer o qədər vacib deyildir. Bunu bizim camaat çoxdan dərk etmişdir, avtobusda nadir hallarda oturanda da görürsən bir yekəpər xala əlində bütün məhəllənin bazarlıq kisəsi, kəsdirdi başının üstünü. Məcbur olursan yer verəsən. Deməli bizim qadınlar çoxdan “rozaparks” olmuşlar, biz fərqinə varmırıq. Kişilər zənci sayıldığı üçün onlara adətən avtobusun arxasında, motorun üstündə sınıq, deşik oturacaqlar ayrılır. Hətta bəzən avtobusun qabaq tərəfində bütün yerlər boş qalır, ancaq erkəklər risk edib orda əyləşmirlər, çünki hamı dərk edir: “Ən yaxın dayanacaqda bir qadın mütləq avtobusa minəcəkdir, biz də məcbur olub duracağıq. Elə indidən oturmasaq yaxşıdır”.
Həmçinin yaxşılıq və pislik, əxlaq və mənəviyyat anlayışlarımız elə avtobus mədəniyyətimizlə bağlıdır, bundan o yana getmir. Misal üçün, kimdənsə haçansa nə yaxşılıq elədiyini soruş, 99 faiz deyəcək ki, avtobusda filan vaxt yaşlı nənəyə yer vermişəm. Adam tanıyıram, 1995-ci il dekabrın 19-da saat 7 radələrində 27 nömrəli marşrutda mənim əvəzimə ödədiyi 20 qəpiyi yüksək dəqiqliklə yadda saxlayıb bunu 2018-ci il martın 24-də saat 15:00 radələrində bəndeyi-fəqirinizə çatdırmışdır. Açığı, mən özüm də kimin pulunu verib düşsəm sonra bunu dəftərçəyə yazıram. İndiyə qədər 6 dəftərxana kitabxana doldurmuşam. Yaxud, ağsaqqallar görürsən məhəllədəki “Nərdtaxta Tarif Şurasında” (NTŞ) kiminsə oğlunu qiymətləndirərkən belə deyirlər: “Əşşi, o niyə adam olur, heç avtobusda böyüyə-kiçiyə yer vermir”.
Yeri gəlmişkən, mən hansısa saytın linkini gördüm, çox qəşəng başlıq vermişdilər: “Qiymət artımından sonra bürclər necə olacaqdır”. Bəli. Həqiqətən Qoç bürcünü avtobusda nələr gözləyir, Buğalar metroya girməlidirmi, bunlar olduqca əhəmiyyətlidir.
İndi keçək siyasi məsələlərə. Deputat zənənlərimizdən birinin adı borc fırıldağında hallanır, bu isə həm yaxşı hal deyil, həm də bir növ dejavyu olmağımıza səbəbdir. Çünki deputat qadınlardan birinin də başına 5-6 il qabaq oxşar hadisələr gəlmişdi, eynilə onun da səs yazısını paylaşırdılar, kimdənsə pul alırdı, kiməsə pul verirdi, guya iş düzəldirdi. Bu isə bizim Tomris, Natəvan, Həcər, Zoya Kosmodemyanskaya, Valentina Tereşkova, Roza Parks ənənələrimizə uyğun gəlmir. Sanki ölkəmizdə kişilərin gizli, sektant qrupu var, azca qabağa gedən qadınları yıxmağa çalışır, onlara paxıllıq edirlər. Halbuki, şair yaxşı deyibdir: “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.
Düzdür, ingilislərin bizim temada belə bir yumoru da var: “Heç vaxt qadının və avtobusun ardıyca baxma, gözlə, bir azdan başqası gələcək”. Ancaq biz şərqliyik, müsəlmanıq, qadınlara hörmətlə yanaşmalıyıq.
İndi söz əlaqədar təşkilatlarındır.