“Şamamam olmadı, tağım olmadı,
Bostanım olmadı, bağım olmadı,
Yıxılıb ölərdim, ağlım olmadı,
Vurdum gəldim çıxdım otuz yaşıma”
(Eldar Baxış)
Avtobusda nəşə çəkən sürücüyə sataşmağımızın, onun nəşəsini pozub polisə təhvil verməyimizin axırı elə avtobusda gediş haqqının qalxması ilə yekunlaşmalıydı. Sakit oturmaq lazımdır. Nə üçün biz siyasətə qarışırıq? O cümlədən metroda qiymətin qalxması Tarif Şurasının izahatı ilə qətiyyən bağlı deyildir. Guya işıq sönəndə bir də tuneldə qalmayaq deyə generator alacaqlar, metronun müdiri həyətində yeraltı hovuz düzəldəcək, nə bilim, Azıx mağarasının bir ucu Güney Azərbaycana çıxır… Bunlar hamısı boş-boş söhbətlər, nəzəriyyələrdir. Metroya keçən ay bir qız mini paltarda minmişdi, yadınıza gəlirmi? Bax, metroda qiyməti qaldıran belə şeylərdir. Dünyanın hər yerində striptiz-klublar bahalı yerlərdir.
Eyni zamanda iranlı alimlərin, həmçinin bizim AMEA-dan Əkrəm Həsənovun araşdırmalarına görə, zənənlər qısa tuman geysə, başı açıq gəzsə, o yerdə fəlakət qopmalıdır, zəlzələ, tufan, cəhənnəm, tornado, fırtına, deputat fırıldağı, vulkan, sel, yumurtanın bahalaşması, meşə yanğınları, metroda qiymətin qalxması kimi təbii fəlakətlər baş verməlidir (İlahi, sən bunlardan Ərmənistan tərəflərdə bol elə, amin! Paşinyanın oğlu da əsgərlik zamanı gələn Novruzda Cıdır düzündən yıxılıb İsa bulağında boğulsun, gözünə isə bizsiz qurumuş xarı-bülbül çiçəyinin çöpü girsin, inşallah, ya rəbbülaləmin!) Çünki yuxarıdakı idarədən belənçik geyim-kecim işlərinə ciddi nəzarət vardır. Sən baldırını bircə millimetr açıq qoyub küçəyə çıxırsan, heç xəbərin yoxdur ki, o yanda mələklər Tarif Şurasında dərhal yığışıb avtobus biletinin neçə qəpik qalxmasının zəruriliyini müzakirə edirlər.
Doğrudur, metroda o fəlakət anonsu baş verərkən bir xala milli qeyrətimizi əsas tutaraq, mentalitet tumanını başına keçirdərək o qıza hücuma keçmiş, həyasızı yerində oturtmuşdu. Ancaq daha olan olmuşdu, yuxarıya informasiya getmişdi. İnsan gərək heç vaxt siyasətə qarışmasın, başını aşağı salıb yaşasın, bundan da pis ola bilər. Sözgəlişi, başını aşağı salıb yaşayanda adam qiymətin yuxarı qalxmağını görmür, bu da xalqımız tərəfindən müdrik qərardır.
Dövlətin qiymət qalxmasına verdiyi izahda “2007-ci ildən bəri gediş haqqı dəyişməmişdi” cümləsi də maraqlı, məzmunlu, dolğun, aydın, gərəkli, müdrik, ağıllı, uzaqgörən, tüpdağıdan, alaypozan, çaydaçapan cümlədir. Şair bu məqamda yaxşı demişdir:
“Atın-tutun bu balanı,
Qəndə qatın bu balanı.
Atası evə gələndə
Qabağa tutun bu balanı.
***
Dağdakı atlar,
Quyruğun qatlar,
Göyçək arvadlar
Bu balama qurban”.
Şair burada qeyd etmək istəyir ki, əgər ötən dövrdə ölkəmizdə bu qədər dəyişiklik olubsa, nə üçün avtobusun qiyməti də qalxmasın? Təsəvvür edin, bizim iqtisadiyyat o dərəcədə qabağa getmişdi ki, Müdafiə Nazirliyi hətta deputatı saxlayırmış! Hər ay deputata 100 min manata yaxın pul gedirmiş. Hansı büdcədən? Yəqin işğaldan azad elədiyimiz ərazilərdə düşməndən toplanan vəsaitdən, qənimətdən. Rusca desək, trofeydən (deputat özü ruskoyazıçnıdır, belə yazaq başa düşsün). Çünki hər deputat bir ordudur. Ancaq sonra nazir dəyişilib, pullar kəsilibdir. Nəticədə camaat bir-birini məhkəməyə verir, səs yazısı yayır, milli birliyimizə, dünya azərbaycanlılarının həmrəyliyinə xələl gəlir, ermənilər sevinir.
Deputatın borclu olduğu şəxsə “Mehmandan pul alıb, sənə verəcəyəm” deməsi də lentə düşübdür, biz güman edirik, bu gizli adam hazırda həbsdə olan jurnalist-blogger Mehman Hüseynovdur. Böyük ehtimalla Mehman Hüseynovun villa tikintisi, deputat biznesində əli varmış. Gəlin, onu azad edək, deputatın pulunu ödəsin, avtobusların qiyməti də bir daha qalxmasın. Çünki 30 qəpik nəsə yuvarlaq rəqəmə oxşamır.