“İnsanı ən yaxşı qoruyan qiymətli daş bəzən yerdən götürdüyün daş olur”
(afyorizm)
Deyir, məmləkətin müstəqilliyinə səs vermiş deputat ehtiyac içində ölübmüş. Yataqxanada yaşayırmış. Dərman pulunu güc-bəla tapırmış. Deputatlar üçün nəzərdə tutulan yüksək dərəcəli pensiyanı da axıracan dirəşib buna verməyiblər. Həmin pensiyanı istiqlalçı deputata verməmək uğrunda gərgin savaşda, müqəddəs mübarizədə yerli deputatxananın hüquq şöbəsinin bir neçə əməkdaşı, həmçinin sos-müdafiə nazirliyinin, sos-müdafiə fondunun rəhbərləri şəhidlik zirvəsinə ucalmışlar.
Vay-vay… Gör dünyada nə cür ölkələr vardır. Nə yaxşı biz beləsində yaşamırıq. Hələ deyir, elə dövlətlər var, orada müstəqilliyin əleyhinə səs verənlərə sonradan “İstiqlal” ordeni yapışdırıblar, ən hörmətli işlərdə, ən yağlı pulları alaraq yaşayırlar. Bu məqamda şair yaxşı demişdir:
“Sevməyim məni bədbəxt etdi,
Bilmədim ağlım necə itdi,
Unutdun nə tez sən, insafsız,
Əlimdən cavanlığım getdi”.
Vallah. Çətin söhbətdir. Dünyada o qədər ermənipərəst, qara qüvvə, düşmən dəyirmanına su axıdan var ki, heç bilmirsən harada yaşayasan, necə rahatlıq tapasan. Adam var gedir bazardan qızıl teşt alır, ancaq sonradan içinə qan qusur. Ağac əkirsən meyvəsini yeyəsən, hardansa mənasızın biri çıxır, səni elə o ağacın budağından asır. Hələ quyu… Bu lap dəhşətdir. Quyu qazırsan, əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq, ölkəmizdə sosializm quruculuğuna töhfə vermək fikrinə düşürsən, bir də görürsən, o quyunun dibindəsən, çünki axmağın biri səni arxadan itələyibdir. Hələ həyasızcasına gedir kitaba-zada guya ağıllı söz yazır: “Özgəyə quyu qazan özü düşər”. Olmadı ki. Quyu qazmayaq, el üçün ağlamayaq, yaxşılığa yamanlıq eləməyək… Çox çətindir. Bu məsələlər üzrə dövlət komissiyası yaratmağın vaxtıdır.
O cümlədən Bakıda bəzi hotellərin zəhmətkeşlərimizə mənfi münasibətinə son qoyulmalıdır. Deyir hotelə hər cür it-qurd öz sevgilisi ilə təşrif buyura bilərmiş, yalnız azərbaycanlılar gərək girişdə oturan xiyara (bağışlayın, çox əsəbləşdim – milli məsələlərdə dözümsüzəm, Sərkisyanın küçüklə kollajını da mən hazırlayıb yaymışam, biləsiniz) özünün nikah kağızını təqdim eləsin. Sübut eləməlisən ki, bu yanında apardığın arvad həqiqətən sənin arvadındır.
Əslində burada bir məsələ var ki, bizim hotellərin demək olar hamısının otaqlarına gizli kamera qoyublar, qabaqkı illərdə biz bu temada xeyli müxalifətçinin, jurnalistin-zadın kinolarını izləmişik. Yəni xaricdə camaat jurnalistin yazısını görürsə, biz hər şeyini görmüş camaatıq, türkün məsəli (buna görə respublika ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk, çünki yenə xaricdə bu cür kinoları pullu kanallarda, abunə-zad yoluyla izləmək olurmuş. Düzü, burasını tam dəqiq bilmirəm, oxucular yanlış anlamasın).
Sözümün canı odur ki, öz arvadınla hotelə getdin, ya özgə arvadla, bunun bizim qonaqpərvərlik siyasətimizdə elə bir fərqi yoxdur. Onsuz hamının müvafiq çəkilişləri müvafiq orqanların əlində olur. Bəs o zaman pasportda nikah möhürünü tələb eləməyin əhəmiyyəti nədir? Niyə bu hotellərin personalı, müdiriyyəti azərbaycanlıları Amerikada 60-cı illərin zəncisi sifətində görürlər? Bəs qorxmursunuz bir gün bunların da sırasından “barak obama” çıxar?
Sonda hamınızı dərin nifrətinizi bildirməyə, o cümlədən ətrafında sıx birləşməyə dəvət edirəm. Fərqi yoxdur nəyə nifrət, fərqi yoxdur kimin ətrafında. Əsas odur milli birlik olsun! Milli birliyimiz, milli ideologiyamız olsa, hotellərə sərbəst girəcəyik. Ondan sonrası asandır. Bu dəqiqə bizim əsas problemimiz milli ideologiyanın yoxluğudur.