“Jara” təkcə musiqi şənliyi deyil, bu, siyasi motivli tədbirdir. Hər kəs bunu belə bilsin.
İndilikdə biz dövlət olaraq “Jara” kimi tədbirlərə qarşı çıxa bilmirik, bu, açıq-aşkar Moskvaya qarşı çıxmaq, onunla atı daşlığa sürmək demək olardı.
Ona görə də yola verməyə məcburuq, özümüzü elə göstərməliyik ki, sanki musiqi karnavalının ölkəmizdə keçirilməsindən çox məmnunuq.
Fikir verirsinizsə, bu musiqi tədbirinə Rusiya tərəfinin diqqəti Azərbaycan tərəfininkindən daha çoxdur. Tədbirə hətta yüksək mənsəbli rus məmurlar da qatılmışdı.
Elə iştirakçıların tərkibi də göstərir ki, bu, Rusiyanın musiqi festivalıdır, sadəcə, məkan olaraq Azərbaycan seçilib.
Məsələnin mahiyyəti çox sadədir. Kreml 205 il əvvəl girdiyi Azərbaycandan sakitcə, tam olaraq, bütün şələ-küləsini götürərək çıxmaq istəmir.
Bu gözdə görülən təkcə Azərbaycan deyil. Keçmiş SSRİ-yə, çar Rusiyasına daxil olan bütün ölkələrə qarşı eyni siyasət yürüdülür.
Moskva bu ölkələrdə mütləq öz təsirini saxlamaq üçün nələrəsə əl atır.
Rusiyadan tamamilə qopmuş kimi görünən Latviyada belə Kreml rus icmasının gücləndirilməsi, hərtərəfli dəstəklənməsi yolu ilə bu Baltikyanı ölkədə rıçaq əldə etmək istəyir.
Qazaxıstanın durumu ortadadır, onun Ukraynaya çevrilməsi, ərazisinin şimal hissəsində separatizm hərəkatı başladılması Kremlin düymə basmasına bağlıdır.
Ermənistan, dəfələrlə yazdığımız kimi, Rusiyanın Həştərxan vilayətindən çox da fərqli statusa malik deyil. Rusiya bu ölkədə köklü-köməcli oturub.
Gürcüstan 10 il əvvəl Rusiyanın tərs şapalağının acısını hələ də unutmayıb və 10 il əvvəlki müharibədən sonra Rusiya nə qədər çalışsa da, bu ölkə ilə münasibətini düzəldə bilmir, amma əl də çəkmir, ümidlə gələcəyə baxır.
Moldova Pridnestrovye zənciri ilə ayağından çidarlanmış durumdadır, Rusiyadan uzaqlaşa, qardaşı Rumıniya ilə çulğaşa bilmir.
Belarusun zatən gedəcək yeri yoxdur, arada müstəqillik eşqi qabarsa da, iqtisadi planda boğulmaya məruz qalan kimi ram olur, “ən böyük Moskva, başqa böyük yox” devizinə qayıdır.
Ukraynanın bir yarısı rus işğalındadır, amma Moskva bununla qane olmaq istəmir, fikri ölkəni tam ələ keçirmək, orada ruspərəst bir marionetka hakimiyyət bərqərar etməkdir.
Düzdür, Rusiyanın Azərbaycanda hərbi bazaları, əsgəri yoxdur, amma təsir agentləri, eləcə də heç nəyə baxmayaraq, Rusiyaya rəğbət bəsləyən rusdillilər kontingenti var.
Kreml bütün bu ölkələrə, diyarlara özünün arxa bağçası kimi baxır. Bu xüsusda Moskvanın qənaəti 100 il əvvəl necəydisə, indi də elədir.
Sadəcə, tarixi reallıq, xalqların özünüdərk səviyyəsi, milli dövlətçiliyin üstünlüklərinin faydasını görmələri indilikdə imkan vermir ki, bütün bu ölkələri silah gücünə, qabacasına işğal edib Rusiyanın tərkibinə qatsınlar, yeni bir unitar dövlət yaratsınlar.
Amma niyyət odur. O tarixi an gələnə qədər qonşu və keçmiş müstəmləkələrdə mövcudluğu qorumaq lazımdır. Bundan ötrü aborigen əhalinin yadından çıxmamaq, ona hər zaman rus faktorunu xatırlatmaq gərəkdir.
O gün yazıçı Əli Əkbər də yazmışdı, ölkəmizdə rus dilinin təsir dairəsi xeyli azalsa da, bu dil Moskvanın təsiri ilə ingilis dilinə və Türkiyə türkcəsinə şiddətlə müqavimət göstərir.
Son illərdə azərbaycanlıların yenidən öz övladlarını məktəblərdə kütləvi halda rus bölməsinə yönəltmələri də müşahidə olunur və bu, təsadüfi deyil. Bu ortamı təşkil edənlər, valideynlərdə bu qənaətə gətirənlər var.
“Jara” festivalına bu prizmadan yanaşmaq lazımdır. Bu, Rusiyaya meylli olan, ona rəğbət bəsləyən kontingentin bir arada tutulmasına xidmət edir. Onlar bu minvalla özlərini rus mədəniyyətindən qopmuş hiss etmir, televizorlarının antenini Moskvaya yönəldir, eyzən bu dövlətin siyasi, mədəni gündəmini izləyirlər.
Ona görə də bundan sonra da Rusiyanın ölkəmizdə bənzər tədbirlər keçirməsinə təəccüblənmək yersizdir. İri dövlətlər Azərbaycan kimi kiçik dövlətləri öz təsir dairələrində saxlamaq üçün yüz oyun fikirləşirlər.