Son günlər ölkədə ard-arda bir neçə elə hadisə baş verib ki, çoxları bunu millətin adına minus kimi qəbul edir, məyusluq içində uzaqgedən nəticələr çıxarırlar.
O cür xoşagəlməz hadisələr aşağıdakılardır: Yasamalda ağacları qəsdən qurutmaq üçün dibinə sulfat turşusu töküblər; Qubada ağac kölgəsini ərəb turistə 5 manata satıblar; Bakıda avtobus sükanı arxasında nəşə çəkiblər; Qəbələdə 5 dönər üçün bir ailədən 75 manat alıblar və s.
Bu kimi hadisələr millətimizin reputasiyasını öz gözümüzdə belə zədələyib. İnsanlar bu olaylardan çıxış edərək ümumiləşdirmə aparır, yekun və qəti qənaət elan edirlər: “Biz beləyik”.
Sanki hamımız əlimizdə sulfat turşusu dolu vedrələrlə gəzir, yaşıl ağacların dibinə tökürük. Yaxud, qarşımıza əcnəbi keçən kimi onu müxtəlif bəhanələrlə soymaq istəyirik. Ya da sürücülər sükan arxasında kütləvi şəkildə nəşə çəkir, araq içirlər…
Elə deyil. Bu kimi hadisələr artıq müstəsna hallar olmasa da, kütləvi səciyyə də daşımır.
Yalnız onunla razılaşmaq olar ki, bəli, bu cür millətin adını batıran, onu turistlərin gözündə acgöz, kəmfürsət, tamahkar qövm kimi tanıdan hadisələr son illərdə xeyli artıb.
Bir ölkə üçün müasir dünyada ən xoşagəlməz durum, onun xaricdə “dələduz, tamahkar, hiyləgər adamlarla dolu ölkə” kimi tanınmasıdır. Nə yazıq ki, bu ölkədə xeyli adam sözləşibmişlər kimi bu işlə məşğuldurlar – 5 manat üçün.
Nəzərə almaq lazımdır ki, dünyanın hər tərəfində insanlar ümumiləşdirmələrə meyllidir. Biz özümüz də olduğumuz xarici ölkədə dalbadal iki dəfə kobudluqla üzləşsək, ölkəmizə qayıdandan sonra o ölkənin mədəni səviyyəsi haqqında xoş sözlər demərik. Bir əsəbi aeroport işçisi 10 milyonluq ölkəni reklam üzü olmasa da, antireklam üzü ola bilər.
“Avropadakı irqçilik”dən danışmağın dəb olduğu bu günlərdə bir isveçli xanımın təyyarəyə oturdulub Əfqanıstana, ölümə, işgəncəyə göndərilən miqrantdan ötrü necə aksiya keçirdiyini, adamın təyyarədən endirilməsinə nail olduğunu əks etdirən video yayılmışdı. Bu, “Avropada iqrçilik” mövzusuna tutarlı zərbəydi, eyni zamanda İsveçin başqa Avropa ölkələrinə qarışdırılmamalı olduğunu göstərirdi.
İndi təsəvvür edin ki, ölkəmizə gələn əcnəbi aeroportda qaba rəftarla qarşılaşır, fırıldaqçı taksi sürücüsünə rast olur, iaşə obyektində tamahkar ofisiantla üzləşir, addımbaşı önünə onu aldatmağa, pul qoparmağa çalışan adamlar çıxır, o, haqqımızda nə düşünəcək, gedib öz ölkəsində nə danışacaq?
Aydın məsələdir. Biz xaricdən gələndə bir ölkə haqqında təəssüratlarımızı necə danışırıqsa, o da elə edəcək.
Təbii ki, bizim yüksək inkişaf etmiş, mədəni, firavan ölkələrdən bir çox fərqimiz var. Onlarda yaxşı həkimlər çoxdur, bizdə yaxşı həkimlər, yaxşı müəllimlər, yaxşı jurnalistlər, yaxşı məmurlar, yaxşı ticarətçilər çoxdur, bizdə isə, yumşaq desək, o qədər də çox deyil.
Bizdə qanunları pozmaq, ictimai qaydalara riayət etməmək, intizamsızlıq, məsuliyyətsizlik yayğındır, toplum olaraq bu cür qəbih hərəkətləri norma kimi qəbul edirik, onlar qanun-qaydaya riayət etməyin hər kəsə faydalı olduğu qənaətinə azı 50 il öncədən gəliblər.
Ona görə də onlarda olsaydı, ağac dibinə sulfat turşusu tökdürən sahibkarı müflis olana qədər qovardılar, bizdə isə yalnız ağacı qurutmağa çalışan adamı həbs ediblər, o işin arxasında duranların adını kimsə bilmir.
Oralarda dövlətə, xalqa məxsus ərazidə 3-5 ağacı çəpərə alıb, altına masa qoyub, ağac kölgəsi satmaq istəyənlər yoxdur, bilirlər ki, heç kəsin buna haqqı çatmır. Bizdə isə hər kəs başqasını aldatmağa, soymağa hazırdır, əllərində əlac olsa bulaqdan çıxan suyu, təmiz meşə havasını da adama satarlar.
Belə hallar toplanır, toplanır və adam bir gün özünə, yaşadığı cəmiyyətə, şüurlara hakim kəsilmiş ehtirasa baxır, düşünür ki, bu xasiyyət və reputasiya ilə biz mədəni dünyaya necə inteqrasiya olunacağıq.
Bunun nə demək olduğunu bilənlər heç vaxt istəməzlər ki, Azərbaycan dünyada “Qafqazın Taylandı”, “Qafqazın CAR-i”, “Qafqazın Kolumbiyası” adlandırılsın…