“Hamar yolla getmə – sürüşərsən”
(Stanislav Yeji Lets)
Ağlıma çox kreativ ideya gəlibdir, öncə istərdim onu dəyərli biznesmen məmurlarımızla bölüşüm. Bakıda “Sonalar sonası”, “Su sonası”, “Sona” kimi gözəl adlar daşıyan məkanlarımız vardır. Gənclərimiz bu yerlərdə toy çaldırır, qudalar sağlıq deyib dingildəyir, qız-gəlinlər saç qaynağı, dırnaq caynağı, fırıldaq oylağı nümayiş etdirirlər. Adətən tədbirin sonunda gənclər hamıdan ayrılıb “Vağzalı” sədaları altında cütləşməyə, uca millətimizin sayını, həmçinin YAP sıralarını genişləndirməyə yollanırlar ki, bu da yaralı qəlbimizdə üçqat fərəh doğurur. Heç Ermənistanda şadlıq sarayları yoxdur, yalnız mərasim evləri açılıbdır, orada da xaricə qaçarkən yolda-irizdə ayaq altda qalıb cəhənnəmə vasil olan ermənilərin üç, yeddi, qırx mərasimləri keçirilir. Nəsə, çox uzatmayaq, ideyamı yazım.
Bax, yuxarıda yazdığım kimi, “Sona” şadlıq sarayı var, “Su sonası” var, “Sonalar sonası” var, elə deyilmi? Bəs nədən bizim Bakımızda “Sonanın uşaqları”, “Bu son olsun” kimi möhtəşəm adlarda şadlıq sarayları açılmayıbdır? Axı bu, əla olardı. Təsəvvür elə, girirsən saraya, tamada sağlıq deyir: “Arzu edək bu gənclərin yeddi oğlu, bir dənə də UZİ-dən gizlənib, abortdan qaçıb canını qurtarmış qotur qızları olsun, ilahi, amin! Qoy o uşaqlar Sonanın uşaqlarına qoşulub dinc quruculuq işlərimizə töhfə versinlər”.
Yaxud görürsən manıs o yanda Cem Karacanın mahnısını oxuyur: “Ölərkən ağladı insan, Bu son olsun, bu son”. Bəh. Yəni burada yekun aktı heç də sonuncu toy mənasında nəzərdə tutulmur. Bizim belənçik mənfi fikirlərimiz qətiyyən yoxdur (hərdən başımda elə fikirlər yaranır, əlbəttə, ancaq mən onların barəsində dərhal qətimkan tədbiri görürəm. Bəzən isə müqavimət göstərən fikirlər də olur, onları isə yerindəcə məhv edirik).
İndi keçək təhsil problemlərinə. Tələbə Qəbulu Dövlət Komissiyasının məlumatlarına görə 1992-2014-cü illərdə ölkəmizdə 23 min nəfər heç bir qəbul imtahanı vermədən tələbə bileti əldə eləmiş, müxtəlif universitetləri bitirərək həyatın qoynuna atılmışlar. Bəs bu necə olub, nə üçün baş veribdir, gəlin biz bu barədə heç düşünməyək. Əsas odur millətimiz hansı üsulla olur-olsun oxumaq istəyir, diplom əldə edir. Ermənilərin çoxunun heç diplomu yoxdur. Sözümün canı nədir? Sözümün canı odur ki, gənclərimiz universitetlərə girə bilməyəndə cavan canlarına qıymasınlar, intihar eləməsinlər. Bu, çox mənasız hərəkətdir. İndi girə bilməzsən, gələn il girərsən. Gələn il girməzsən, o biri il Allah hansısa qapını açar, oradan gedib həmin o 23 min nəfər kimi qəşəng diplomlar alıb evdəkiləri sevindirərsən, nənən dombalaq aşar, baban salto vurar, atan qoyun kəsər, qonşu paxıllıqdan ölər və sairə. Şəxsən mənə Narxozun diplomu 25 ildə cəmi bir dəfə lazım olub, o da əsgərliyi altı ay az eləmək üçün. Açığı, sonradan fikirləşdim bu da Narxozun mənə zərəridir, çünki Səfər müəllimin ordusunda 6 ay daha çox qalsam həyat bilgilərim, təcrübəm, yaşantılarım daha çox olardı.
Yəni haradan baxsan diplom ziyanlı şeydir. Ondan ötrü intihar eləməyə dəyməz. Fikrimcə, burada jurnalistlərin də çox günahı var. Axmaq şeyləri çox yazırıq, təbliğ edirik. Bir də görürsən yazıblar: “Rayonun fəxri, 700 bal toplayan Gülbadamın açıqlamaları”, “Maksimum bal yığan Allahverdi ilk intervünü bizə verdi” və sairə. Guya bunlar bizə çox maraqlıdır. Nəticədə millətdə yanlış təsəvvür yaranır ki, oxumaq, çox bal yığıb universitetə girmək-zad yaxşı işdir. Halbuki tam tərsinədir. Savadsızlar, keçid balını güclə adlayanlar, yol qırağındakı dönər köşkündən diplom alanlar sonra bizi idarə edirlər. Deputat olurlar, icra hakimi, rəis, prokuror, hakim təyin edilirlər. Güləş müəllimi tanıyıram, yeddi çağırışdır Milli Məclisin üzvüdür. İndi o da vaxtilə dama çıxıb özünü öldürsə bizim axırımız nə olardı? Uşağı güləşə-zada, saç ustalığına, qəssablığa, dırnaq boyama, xınayaxdı, nə bilim, yaltaqlıq kursuna qoyun, özünə yol tapıb xoşbəxt olsun.
Ümid edirəm mətbuatımız da özünə gələr, tezliklə “70 balı güclə toplayan Məmmədqulunun məsləhətləri” yazısını oxuyarıq.