“Səhər alim qəhvə içməyə və qəzet oxumağa kafeyə getdi. O günün altına çıxanda dedi: – Bu nə deməkdir? Mənim kölgəm yoxdur! Doğrudanmı o, dünən axşam çıxıb getdi, bir daha qayıtmadı? Hər halda xoşagəlməz əhvalatdır!”
(Hans Kristian Andersen, “Kölgə”)
Öncə daimi oxucularımızdan Elçin Əliyevin aktual yay temalarını əhatə edən məktubundan şeir parçasını oxuyaq. Doğrudur, təvazökarlıqda məndən, Zlatan İbrahimoviçdən və Səyavuş Novruzovdan geri qalmayan hörmətli Elçin bəy şeirin zəif alındığını qeyd etmişdir, ancaq mən bəyəndim, xüsusən də giriş hissəsini:
“Yazılarınızı oxuyub, gülməkdən ağlayıram,
Çünki bizi dərd həm güldürür, həm ağladır.
Elin dərdi güldürür, öz dərdimiz ağladır,
(ilk dəfədir belə səmimi poetik açıqlama görürəm – Z.H.)
Sən pulun gücünə bax,
Dənizi də bağladır.
İndi dənizlər hasar,
Çimmək üçün deyilmiş.
Ərəbin turistləri,
Bakıda kef edirmiş”.
Gördüyünüz kimi müəllif qısa bir şeirdə ölkəmizdəki bütün sosial-iqtisadi, mədəni-geopolitik mövzuları qaldırmışdır. Ağır mövzulardır. İndiyə qədər AYB üzvü olan neçə şair-mair, yazıçı-pozuçu bu mövzuları qaldırarkən gücənmə nəticəsində qrıja olmuş, bəzilərində isə babasil əməliyyatına ehtiyac yaranmışdır, lakin bizim dəyərli şairimiz sarıdan ürəyimiz rahatdır, onun poetik muskullarına bələdik.
Şeirdə qaldırılan məsələlərdən ərəb turistlərinə münasibət başqa bir xəbərdə ortaya çıxdı, deyir Qubada bir vətəndaşımız ağacın altındakı kölgəni ərəblərə 5 manata satmışdır. Ərəb etiraz edib, “Ağac Allahındır, kölgə satılmaz” deyibdir, ancaq hörmətli zəhmətkeşimizin cavabı dünya ədəbiyyatlarına salınası müdrik bir kəlam olmuşdur: “Ağac Allahındır, ancaq buralara mən baxıram”. Möhtəşəmdir. Buraları yiyəsiz sanıblar. Əslində sizə deyim ki, bu tiplərin ulu babaları da bizim torpaqları tutaraq ideolojilərini yaya bilməzdilər, əgər sapı özümüzdən baltalar olmasaydı. (Yenə ağac məsələsi). Babəki məğlub edən, əsir tutan sərkərdə Afşin milliyyətcə türk olub.
Burada bir haşiyə çıxım, yuxarıdakı fikirlərimin bir zarafat olması bilinsin. Bizim mediada, həmçinin camaat arasında mənfi, irqçilik səviyyəli söhbətlər, stereotiplər vardır, məncə biz buna son qoysaq yaxşıdır. Misal üçün, görürsən yazırlar, deyirlər: “Ərəblər filan yerdə özlərini pis apardılar, ətrafı zibillədilər, nə bilim, əxlaqsızlıq elədilər və sairə”. Hər hansı millət haqda bu cür ümumiləşdirmələr yaramaz. Hətta turistin başına bir hadisə gəlibsə onun milliyyətini də xüsusi ehtiyac yoxdursa qabartmaq lazım deyil. Kimsə yaxşı ərəb tanımaya bilər, ancaq bununla “bütün ərəblər pisdir” deməyə haqqı çatmır. “Ərəb turist öldü” yerinə uzağı “Səudiyyə vətəndaşı Filankəs öldü” yazmaq olar.
İndi internetin Azərbaycan sektoruna baxsan adamda belə təəssürat yaranır ki, ərəblər ancaq Viaqra-dan ölürlər. Onda amerikalılar neçə il Bin Ladenin arxasınca niyə düşmüşdülər?
Viaqradan ora-bura səpib adamı öldürərdilər da bə. Eynilə, başqa ölkələrdə biz azərbaycanlılar haqda bu cür axmaq stereotiplər yaradırlar. Bütün insanlar bərabərdir. Doğrudur, bəzi insanlar “daha çox bərabərdir” (Oruell), ancaq biz siyasətə qarışmırıq.
Elə Nabranda itmiş və hamımızı sevindirərək sağ-salamat tapılmış balaca oğlanın “Akula axtarırdım” açıqlaması da prioritetlərimizi (savadlı adam ayrıdır, qardaşım) göstərir. Uşaqdan böyüyə hamı bilir ki, Azərbaycanda akulalar var. Vaxtında bu akulaları görüb-tanısan, hansı ərazilərdə ova çıxdıqlarını, hansı akulanın hansı çömçəquyruğa sponsorluq elədiyini bilsən başın salamat olar. Ümid edək akula axtararkən üz-gözünü cıran böyürtkən kolları balaca oğlana böyük həyat dərsi vermiş, onun gələcəkdə mətin addımlarla başını aşağı salıb yaşamasına yardım etmişdir. Üstəlik, bizdə çox zaman akulanı axtarmağa ehtiyac olmur, akula müəllim özü lazım gələndə adamı axtarır tapır. Şair demişkən: “Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadır”.
Dənizin hasarlanması mövzusuna gələndə, hələlik buna baxan akuladan münasibət öyrənirəm, qanuna görə onun üzgəcləri yazıya dəyməsə materialı dərc etmək haqqım yoxdur. Bizimlə qalın – burda sərinləmək pulsuzdur. Hələlik.