Ermənilər həqiqətən yaxşılıq qavrayası, arxa çevriləsi, “ipinə odun yığılası” millət deyillər. Əfsus ki, bizə belə məkrli, əmanətə (Qarabağ) xəyanət edən nankor bir qonşu nəsib olub. Hətta xristian gürcülərin də bu sarıdan bəxti gətirməyib. Şəkk-şübhəsiz, Qarabağ məsələsi olmasaydı, ermənilər indi onlarla cəngi-cidada idilər. Cavaxetiya – potensial Qarabağ deyilmi?
Ermənilər öz maraqları naminə tarixi xilaskarlarına belə, xilaf çıxdıqlarını dəfələrlə sübut ediblər. Rusiya da istisna olmayacaq. Artıq simptomlar var, siqnallar gəlir…
“Günün birində biz ruslara deyə bilərik ki, sağ olun, bu illərdə sərhədlərimizi qorumağa kömək etdiniz, artıq özümüz öz sərhədlərimizi qoruyacağıq”. Bunu ötən həftəsonu Ermənistanın müdafiə naziri David Tonoyan işğalçı ölkədəki rus hərbi qüvvələrin aqibətindən danışarkən deyib.
Amma kasıb Ermənistan belə imkana malik deyil. Di gəl, öz xarici sərhədlərini qorumaq qabiliyyəti olmayan bu cırtdan ölkə qonşu Azərbaycanın 20% ərazisini illərdir işğal altında saxlayır. Nonsens? Həm – hə, həm də – yox.
Biz əlbəttə ki, Ermənistandan qat-qat güclüyük. Ancaq Rusiya-Ermənistan birliyi qədər güc sahibi də deyilik, ola bilmərik. Problem də məhz bunda – işğalçı ölkəni Rusiyanın arxasından çıxarıb öz gerçək gücü ilə qabaq-qənşər qoymaq, sonra da “qulaqlarından” tutmaqdadır.
Aydındır ki, vassal Ermənistanın son zamanlar hətta NATO-ya kurs götürmək cəsarətində bulanması da Rusiya sayəsindədir. Yəni Kremlin düşmən saydığı Alyansa İrəvanın meyl salması haradasa yenə özünə arxayınlığın, özünə yanlış inamın, lap dəqiqi, tipik erməni xislətinin təzahürüdür. Rusiyaya qarşı isə böyük bir nankorluqdur.
Deyəsən, bunu ermənilər özləri də duymağa başlayıblar. Son vaxtlar Rusiya KİV-lərində Ermənistan rəhbərliyinə qarşı silsilə yazıların getməsi Nikol Paşinyan və onun tərəfdarlarını ciddi təlaşlandırmağa başlayıb. İş o yerə çatıb ki, artıq Rusiyada rəhbəri erməni olan REGNUM agentliyi, Qarabağ məsələsində həmişə ermənipərəst mövqeyi ilə seçilən, separatçı rejimin müstəqillik tərəfdarı olan Stanislav Tarasov kimi politoloqlar da Ermənistanın yeni hökumətini hədəf alıb, hədələməyə, söyməyə başlayıblar. Ermənilərə loyal olmayan digər Rusiya saytları və nəşrləri, tanınmış ekspertlər də öz yerində.
Bu, nəsə yeni məsələdir, yeni mərhələdir və şəksiz ki, Kremldəki ovqatdan, Putinin Ermənistandakı 8 may çevrilişinin nəticələrinə sərt münasibətindən xəbər verir. Erməniləri ən çox qorxudan da odur ki, Putin daha Paşinyanın sədaqət bəyanatlarına inanmır, onu Kremlə qarşı səmimi saymır, “qoltuğunda nəsə gizlətdiyini” düşünür.
Bir azdan ermənilərin Rusiyadakı “boz kardinalı” Sergey Lavrovdan da Paşinyan əleyhinə açıqlamalar eşitsək, təəccüblənmərik. Vaxtilə Lavrov “Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” deyib suverenliyimizi və ərazi bütövlüyümüzü şübhə altına almış, bizi təhdid eləmişdi. Amma Putin istəsə, indi əksini ona dedirdər. Çünki bu – “özgə bədəndə” parazitlik eləməyə öyrəncəli Ermənistandırsa, o da qos-qoca Rusiyadır. Burada tək söz sahibi onun başçısıdır, Putindir, lavrov-kalantarovlar yox…
İkinci yandan, avtoritar Rusiya heç vaxt demokratik Ermənistanın strateji müttəfiqi, qarantı ola bilməz. Bu – aksiomdur. Ona görə ki, o halda söhbət fərqli dəyərlər sisteminə tapınmaqdan gedəcək. Demokratik dəyərlər Qərb, Avropa, NATO sistemi deməkdir, “Qərb dünyasının tərkib hissəsi olmağa hazırıq” mesajı deməkdir.
Rusiya belə dəyərlərin daşıyıcısı deyil, olmayacaq. Olsa, Rusiya olmayacaq, çünki demokratik imperiyalar olmur. Ermənistanın yeni rəhbərliyi bu mənada da haqqına narahatdır ki, dərin islahatlara Moskva, sadəcə, imkan verməyəcək. Bu islahatlar olmadan isə Qərbdən böyük maliyyə dəstəyi qoparmaq, Qərbə doğru getmək real deyil.
Demək, Ermənistanda hökumət köklü islahatlara nail olmaq istəyirsə, öncə Rusiya qoşunlarını öz ərazisindən çıxarmalı, rusların arxasından çıxmalı, sərhədlərini özü qorumalı, kəsəsi, “olduğu kimi görünməlidır”. Bu xüsusda Azərbaycan və Gürcüstanda islahat potensialı işğalçı ölkədən qat-qat böyükdür.
Heç şübhəsiz, Qərbdə bunu çoxdan anlayıblar. Odur ki, “qərbçi” Paşinyan hökumətindən də məsafə saxlayırlar…