Загрузка...

Qarpızın  bahalaşmasının ardınca, bazarda xiyarın qiyməti də artmaqdadır.

Oxu.Az xəbər verir ki, mövsümün əvvəlində 50-70 qəpik təşkil edən xiyarın dəyəri bu gün 80-90 qəpik arasında dəyişir.

Qiymətlər bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir. Satıcılar bahalaşmanı fermerlərin tarla başında qiymətləri qaldırmaları ilə izah edirlər.

Bazarda mövsümi məhsullar niyə bahadır?

“Əzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirli bildirir ki, mövsümi məhsulların bahalaşmasının iqtisadi əsası yoxdur.

Onun sözlərinə görə, bu gün topdansatış bazarındakı qiymətlə pərakəndə satış bazarındakı qiymət arasında ciddi fərq var:

“Əgər pomidor topdansatış bazarlarında 40-42 qəpikdən satılırsa, həmin məhsulun dəyəri səyyar dükanlarda, bazarda 0,6 manatdan 1,2 manata qədər təşkil edir”.

Bunun səbəbinə gəlincə, N.Nəsirli deyir ki, müəyyən subyektiv amillər var:

“Bəzi bazarlar var ki, öz prinsipləri mövcuddur. Məsələn, onların qaydalarına görə, bazara məhsulu istehsalçı gətirə bilməz. Burada qiymətlərin süni şəkildə qaldırılması faktı var”.

N.Nəsirli bildirir ki, əhalinin qidalanma strukturundakı dəyişiklik də bazara təsir edib. Belə ki, mövsümdən asılı olaraq qidalanmada bostan məhsullarından daha çox istifadə edilir:

“Bazardakı qiymətə tələbatın artması da təsir edir. Statistikaya nəzər yetirsək, görərik ki, ötən il Azərbaycana xarici ölkələrdən 1 milyon 325 min xarici turist gəlmişdisə, 2018-ci ilin altı ayında bu rəqəm 10 faiz artıb.

Bazarda mövsümi məhsullar niyə bahadır?

Turistlərin gəlişi Azərbaycanda orqanik kənd təsərrüfatı məhsullarına olan tələbatı artırıb. İstehsalla tələbat arasında ciddi fərq yaranıb. Bu da qiymətlərə təsir edir”.

Bununla belə, N.Nəsirli mövsümi məhsulların bazarda bu şəkildə bahalaşmasının iqtisadi əsası olmadığını diqqətə çatdırır:

“Kənd təsərrüfatı sahəsində vasitəçi sistem var. Alverçi şəxslər tarladan məhsulu alaraq topdansatış mərkəzlərinə gətirirlər. Oradan da məhsullar bazarlara paylanır. Yəni məhsulun bahalaşması zəncirin halqalarında baş verir”.

N.Nəsirli hesab edir ki, məsələ dövlət qurumları tərəfindən tənzimlənməlidir:

“Ümumilikdə məhsulun hansı mərhələdə bahalaşması ilə bağlı ciddi təhlilə ehtiyac var. Bu təhlil Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi tərəfindən reallaşdırılmalıdır. İstehsalçının iqtisadi müdafiəsi həyata keçirilməlidir.

Alverçi satış şəbəkələri tarla başında fermerlərə psixoloji təsir edərək bazar prinsiplərinə zidd şəkildə məhsulu ucuz alıb, baha satırlar. Bu proses institusional qaydada tənzimlənməlidir”.

Bunun liberal bazar iqtisadiyyatında necə mümkün olacağına gəlincə, N.Nəsirli deyir ki,  istehsalçı məhsulunu istədiyi qiymətə təklif edə bilər:

“Burada satış şəbəkələrinin də risklərini nəzərə almalıyıq. Uzaq məsafədən məhsulu daşıyırlar. Bunun özü də iqtisadi fəaliyyətdir. Amma ölkə əhalisinin alıcılıq qabiliyyətinin müdafiəsi,  istehsalçının iqtisadi fəallığının təmin olunması da diqqətə alınmalıdır.

Bu gün yarmarkalarda belə fermerlər azlıq təşkil edir. İstehsalçılara bazara birbaşa çıxmaq üçün dəstək verilməlidir. Təəssüf ki, yerli istehsalçıların çoxu öz məhsullarına qiymət qoya bilmirlər. Satış zamanı dialoq bundan ibarət olur: “Məhsula neçə verərsən?”

Fermerlər bir il ərzində əziyyətlə istehsal etdikləri məhsulun bazar dəyərini bilmirlər. Alverçilər də bundan istifadə edirlər”.

O ki qaldı bahalaşan mövsümi məhsulların satışına, N.Nəsirli bildirir ki, qarpız dəfələrlə bahalaşmasına baxmayaraq, tələbat aşağı düşməyib və bu məhsul yaxşı satılır. Eləcə də, digər kənd təsərrüfatı məhsulları. Mövsümdə qiymətlərin bu qədər yüksək olmasında tələbat mühüm rol oynayır:

“Məlum oldu ki, fermerlər bazarın məhsula olan tələbatı ilə bağlı araşdırma aparmırlar. Ümumiyyətlə, kənd təsərrüfatında planlaşdırma yox səviyyəsindədir. Hər il hansı məhsul yaxşı satılırsa, maraq o tərəfə yönəlir.

Bazarda mövsümi məhsullar niyə bahadır?

Ötən il soğanla bağlı ciddi problem yaşadıq. Bu il sarımsaq istehsalçıları öz məhsullarını sata bilmirlər. Belə ki, qış mövsümündə sarımsaq 8-10 manat arasında dəyişdiyi üçün hamı sarımsaq əkdi. Nəticədə, fermerlər məhsullarını 70-80 qəpikdən sata bilmirlər.

Regionlar üzrə istehsal planlaşdırılmalıdır. Lənkəran kimi subtropik zonada bostan tərəvəzçiliyi geniş yayılmayıb. Tarixən bu rayonda bostan təsərrüfatçılığı ənənəsi mövcud olub.

Təəssüf doğuran məqamdır ki, istehsalçılar gəlir gətirən istiqamətə yönəlirlər. Nəticədə bölgənin iqtisadi potensialı itirilir”.