Загрузка...

“Bilinməz nə vaxtdan hərlənir bu tas;

Nə zaman pozular bu gözəl əsas.

Belə nazik fikri dərindən duyub,

Ağıl ölçüsüylə dərk etmək olmaz”

(Ömər Xəyyam)

****

Nazpəri Dostəliyeva fəlsəfə elmləri doktoru adı alıb Sokrat, Platon, Aristotel, nə bilim, Nitşe və Şopenhauer yolunda nəğməli addımlar atacaqdı ki, axmaq və paxıl adamlar imkan vermədilər. Tağı müəllim demiş, hərə bir yandan dızıldaşdı, Nazpəri xanım da məcbur oldu doktor diplomunun şəklini İnstaqramdan silsin. Ona doktor adı vermiş yekə-yekə kişilər isə utanmadan bunu boyunlarından atdılar, hətta imzalar saxta elan olundu. İndi Nazpəri xanım uzaqdan filosof diplomuna baxıb “Nə olar, Allahım, ayırma bizi” oxuyur, diplom isə deyir get, vəfasızsan bu dünya kimi. Bu əhvalat bizə Röyanın BDU yurfakından paxıllar üzündən qovulmasını xatırlatdı.

Bəlkə də iqtidar bu yolla İsa Qəmbərin oğlunun toyunda oxumasının qisasını Nazpəri xanımdan aldı, nə biləsən. Azərbaycanda belənçik qisas hadisələrinə çox rast gəlmişik. Elə vaxtlar olub müsavatçının uşağını məktəbdən qovublar, deyiblər sənin atan vandalizmlə, ekstremizmlə, dövlətçilik əleyhinə fəaliyyətlə məşğuldur. “Get, atan gəlsin” – necə deyərlər. Ata da həmin vaxt Bayıl türməsində otururdu, gələ bilmirdi. Ancaq indi, əlbəttə, belə şeylər mümkün deyil, hətta hüquq-mühafizə orqanları uşaqlara pivə satanları tapıb cəzalandırmaq fikrindədir. Uşaqlarımız bu dərəcədə dövlət qayğısı ilə əhatə olunubdur.

Sözgəlişi, bizim uşaq siyasətimiz bir qədər gülməli formalar da alır. Misal üçün, elə bu uşaqlara siqaret, pivə-araq satmağın guya qabağını alırıq, eyni zamanda həmin uşaqların idmanla məşğul olması üçün normal stadionlar, uşaq idman məktəbləri yox səviyyəsindədir. Avroliqada oynayan futbol komandalarımız, o cümlədən milyonlarla büdcə pulunun silinmə mənbələrindən biri “Neftçi” komandası uduzub turniri tərk elədi. Səbəb isə aşağı qatlardan futbolçu hazırlayan məktəblərimizin yoxluğudur. Almaniyada hər il uşaq futboluna cəmi 10 milyon avro xərclənir. Bir neçə il ərzində orada 900-ə yaxın uşaq idman məktəbi yaradılıb. Özü də bunlar dövlətin yox, şəxsi şirkətlərin, biznesin hesabına qurulub. Nəticədə Almaniyada hansı daşı qaldırsan altından məşhur futbolçu çıxır. Bizimkilər isə ispan klubunun yaxasına ildə 20 milyon avroya mənasız şüar yazırdılar.

Keçən il yadıma gəlir, bir uşaq mediada reklam olunurdu. Deyirdilər bu, pəhləvandır, Qəbələdə sorağı yayılıb, qarnında çəkiclə daş sındırırlar, şüşə sınıqları üstündə gəzir və sairə. Heç maraqlanan yox idi ki, bir uşaq nə üçün belə təhlükəli tryuklarda iştirak edir. Əlbəttə, əsas pivə içənlərdir, onları içirdənləri tutan kimi ədalət zəfər çalacaqdır.

Gör Nazpəri xanımın doktorluq işi bizi hara gətirib çıxardı. Axı o, Qərb və Şərq aşıq məktəblərimizin əlaqələrini araşdırırmış. Həm də Nazpəri xanım mahiyyət etibariylə şirin insandır, onun mehribanlıq yağan əsl şərqli, müsəlman, azərbaycanlı xanımı çöhrəsinə baxanda insan fəlsəfi düşüncələrə qərq olur. Elə vaxtilə bunu yaxşı dərk edən iş adamları xanımın fotosunu şokolad qutularına üz qabığı edirdilər. 90-cı illərdə bizim dükanların şirniyyat bölümünə yaraşıq verən o məhsulun adı məhz “Nazpəri şokoladı” idi. Müəlliminə 8 mart münasibətiylə, qaynanasına Xirosimanın ildönümünə görə, sevgilisinə 14 mart günündə… Hər bir azərbaycanlı orta statistik kişinin həyatda ən azı bir dəfə o şokolad qutuları ilə ünsiyyəti olmuşdur. Həmin qutular tariximizin bir parçasıdır.

Uzun sözün qısası, Nazpəri xanım ölkəmizin alim bazarında dəllallıq edənlərin çoxundan güclü alimdir. Vallah, tam səmimi sözümdür. Elə tiplər tanıyırıq ki, yaltaqlıq, korrupsiya, yalançılıq hesabına çoxdan akademik adı alıblar. Elmi mərkəzlərimiz, universitetlərimiz xiyardan elektrik alınması, mələyin uçuş sürətinin tapılması, nanosarımsaqlı qatıq, Sarı gəlinin saçlarına qoyulan boyanın Qarabağda bitən gəndalaşdan alınması üsulları, nə bilim, qoyun qığı və Manna dövləti arasında əlaqələri araşdıran sarsaq tiplərlə doludur, onları heç görən olmur, hamı utanmazcasına düşdü Nazpəri xanımın üstünə. Haqqı var çəlləyə girib bir də bizimlə danışmasın.

O şokoladlar piltə-piltə burnumuzdan gələcəkdir, baxarsınız.