Загрузка...


Rusiyanın Yaroslavl vilayətindəki 1 saylı islah düşərgəsində həbsxana nəzarətçilərinin məhbusa qəddarcasına işgəncə verməsinin görüntüləri sızıb.

Virtualaz.org lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “İctimai hökm” fondunun hüquqşünasları “Novaya qazeta”nı məlumatlandırıb. Hüquqşünaslar işgəncə kadrlarını da təqdim ediblər.

Videokadrlarda xüsusi geyimdə olan 10-a qədər adam otağın ortasında yerə uzadılmış məhbusu uzun-uzadı və metodiki olaraq döydükləri əks olunur. Məhbusun əlləri qandalla bağlıdır və o, ağrılardan zarıyır, aman diləyir. Arada huşunu itirən məhbusu ayıltmaq üçün onun başına vedrə ilə su tökürlər.

Qəzetin yazdığına görə insident 2017-ci il iyunun 29-da baş verib. İşgəncəyə məruz qalan məhbusun tibbi müayinə protokoluna əsasən onun sol ayağı dizdən aşağı şişib və çürüyür, onun ayaqlarında digər xəsarətlər də qeydə alınıb. Ayaq üstə dayana və çox otura bilmir.

Faktla bağlı təhqiqat başladılsa da cinayət işinin qaldırılması üçün əsas “tapılmamışdı”. Lakin görüntülər mətbuatda yayılandan sonra Yaroslavl vilayəti üzrə cəzaların icrası xidməti bəyan edib ki, videomaterialda əksini tapan faktlarla bağlı xidməti təhqiqat başladılıb və günahkarlar təhqiqatın nəticələrinə əsasən cəzalandırılacaq.