Загрузка...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə magistrlərin məzun günündə çıxış edərkən gənc alimləri energetika sahəsində araşdırmalara həvəsləndirmişdir. Deyir Mingəçevir SES-də qəza Azərbaycan elminin energetika sahəsində bir qədər də inkişafını tələb edir. Guya müəyyən qədər elmi inkişaf varmış.

Prinsipcə, Akif müəllim doğru buyurmuşdur. Doğrudan da bizim energetika elmi sahəmizdə biabırçı vəziyyətdir. Bu sahədə çoxlu anekdot və olmuş əhvalatların yaranması da təsadüfi deyil. Misal üçün, bir dəfə Qarabağın indi xaraba qalmış kəndlərindən birində işıqlar sönübmüş. Yaşlı ər-arvadın evində də öncədən işıq xəttində problem varmış, kişi fikirləşir ki, elə işıq sönmüşkən məsələni həll edim. Çıxır dirəyin başına, başlayır tokla əlləşməyə, arvada isə tapşırır, qonşu kənddə işıq yansa mənə deyərsən, tez əlimi çəkim. Qonşu kənd 3 kilometr aralıda olub, kişi də fikirləşib tok ordan bura çatanacan vaxt keçər. Nəsə, əhvalatın məlum sonluğunu fizikanı Misir müəllimin dövründə oxumayan oxucularımız yəqin eləmiş olarlar. Tok kişini çırpır yerə, ancaq salamat qurtarır, durub başlayır arvadı döyməyə: “Köpəyin qızı, sən qəsdən işığın qonşu kənddə yandığını gec xəbər verdin, mənim ölməyimi istəyirdin”.

Bir əhvalat isə şəxsən başıma gəlib. Yaşadığım binanın blokunda elektrik şiti (dilimizdə tərcüməsini bilmirəm, üzrlü sayın; əslində tok, rozetka, şnur, vilka və sairə kimi elektrik terminlərinin dilimizdə normal, ümumişlək tərcüməsinin olmaması da real mənzərəni açır – biz elektrikin dilini bilmirik) yanmışdı, usta çağırdım. Usta gəldi, şiti açıb, yanmış məftillərə baxıb məndən soruşdu: “Bunun hansı noldur, hansı faza?” Dalağım sancdı, bunun yaxşı qurtarmayacağını fikirləşdim. Elə də oldu: azca qurdalanmışdı ki, tok götürüb ustanı çırpdı divara. Şükürlər olsun, salamat qaldı. Təcili pulunu verib yola saldım, dedim ta düzəltmə, ehtiyac yoxdur.

Yaxud elə son qəzada hadisə yerini hərə bir cür yazırdı. Biri Mingəçevir SES, başqası Mingəçevir İES. Hətta deyəsən, arada AES yazanlar da oldu. Əlbəttə, bizim jurnalistika “Qadın sürücü qəza törətdi” başlığı qoyacaq qədər səviyyəsizdirsə, ondan istilik elektrik stansiyası ilə su elektrik stansiyasının fərqini anlamağı gözləmirik. Buna da şükür. Rəhmətlik Ayna nənəmin əfəl adamlar haqda çəkdiyi misal burada yerinə düşür: “Allah buna bir-iki deşik açıb ki, boğulub ölməsin”.

Ancaq hörmətli Akif müəllim nəinki energetika, ümumiyyətlə, başqa elm sahələrimizdə də yekun sözün ona məxsus olmadığını bizim hamımızdan gözəl bilir. Azərbaycan elmi korrupsiya, siyasi konyuktura, qohumbazlıq, yerlibazlıq, rüşvətxorluq və sairə üzündən elə kökdədir ki, ona nə qədər tok versən, süni nəfəsalma aparatına qoşsan, hətta İlon Maskın “Falkon” raketinə bağlayıb kosmosa fırlatsan düzələn deyildir. Özü də bu, tək indinin problemi sayılmaz. Misal üçün, indi ölüb deyə adını yazmıram, son 25 ildə bizim energetika alimlərimizin başında duran adamı YAP Siyasi Şurasına üzv eləmişdilər, deputat qoymuşdular. Axırı da budur: bir blok yanır, bütün sistem çökür.

Ümumiyyətlə, bizdə fizikaya, onun energetika bölümünə alim  marağı mümkün deyildir. Çünki burada savadsızlıqla doktorluq işi “müdafiəsi”, nə bilim, akademik adı-zadı almaq çətindir. Sadə səbəbdən: tok vurar, çezərsən. Ən rahatı hüquq, tarix, fəlsəfə-səfsəfə, nə bilim, siyasi elmlər kimi humanitar sferalarda uydurma elmi adlar qazanmaqdır. Pulunu ver, daydayını tap, gömrükdə işlə, YAP-da aktiv ol, hardasa uçaskovılıq elə – vəssalam. Uzağı üç-dörd ilə minimum müxbir üzv adı hazırdır. “Filankəs müəllimin siyasi çıxışlarında dilçiliyin gülçülüyü”, “Behmənkəs müəllimin Şah İsmayıl irsini araşdırmasının irsini araşdırmaq”, “Dolma bizim yeməkdir, ermənilər gəbərsin” tipli temalarda elmi işlərimiz zibil kimidir. Hərəkət elə, başını aşağı sal, pulunu qazan. Burada elektronların hərəkəti kimə lazımdır? Heç kimə.

Akif müəllimə də lazım deyil, onu qəzavü-qədər danışdırmışdı.