Загрузка...


Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cari ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 1708, o cümlədən satışla bağlı 525, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə əlaqədar 118 fakt müəyyən edilib.

Faktlar üzrə 734,4 kiloqram narkotik vasitə, o cümlədən 483,4 kiloqram marixuana, 157,9 kiloqram tiryək, 70,1 kiloqram heroin, 8,3 kiloqram həşiş, 14,6 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə, 1 ton 126 kiloqram narkotik tərkibli çətənə, 6,4 kiloqram xaş-xaş bitkiləri götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin 2,2 kiloqram güclü təsiredici xüsusiyyətə malik, 1,4 kiloqram zəhərli və 334,5 qram psixotrop maddə aşkarlanaraq götürülüb.

Xüsusi plan əsasında cari ilin mayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya olunan və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu məhv edilib.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 kiloqram çoxdur.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.