“Pessimist tuneli qaranlıq görür, optimist tunelin sonunda işıq görür, realist bu işığın optimist və pessimisti basdalayacaq qatardan düşdüyünü bilir. Məmur uşaqları isə tuneli bağlatdırıb orda xınayaxdı mərasimi qayırırlar”
(müasir pritça)
Gözlənildiyi kimi, İran Gəncə hadisələrində rolunun olmasını dandı. Rəsmi bəyanat veriblər, deyirlər İran həmişə qonşularının yaxşı yaşamasını arzu edir, bu təxribatı da düşmənlərimiz psixi gərginlik yaratmaq üçün ortaya atıblar, gəlin biz şayiələrə uymayaq və sairə.
Əlbəttə. Biz bilirik İran həmişə Azərbaycanın yaxşı olmasını istəyibdir. Bunu xüsusən oradakı türkləri tarakana oxşadan karikaturalar çəkəndə, ana dilində məktəb oxumağa qoymayanda, tonlarla əfqan tiryəkini üzübəri ötürəndə, nə bilim, əcaib fətvaları cürbəcür saqqallı sülh göyərçini mollaların dırnaqlarında şimala göndərəndə öyrənmişik. Hərçənd İran bu işləri bir az feodal üsullarla görür, ağlı olsa Amerika-zad kimi demokratiya buketinə bürüyüb ötürər, heç ruhun inciməz. Odur, yankilər dünyanın hər yerinə “Tomaqavk” qanadlarında azadlıq yayırlar, kiminsə nəsə sözü olurmu? Çağdaş dünyada gərək dövlət terrorunu da çağdaş üsullarla həyata keçirəsən. Yoxsa İran kimi… Görürsən haradasa əlləm-qəlləm biri ələ keçir, üstündən min dənə təlimat, dua, cadu-piti, nə bilim, Qum qarantiya talonu çıxır.
İranın bizi sevməyini o cümlədən Azərbaycanın başabəla rəhbəri Yaqub müəllimin Tehran səfəri zamanı Şuşanın oğrunca qapazlanmasındakı fəaliyyətindən də görmüşük. Yaxud Surət Hüseynovun Gəncə qiyamında aktiv iştirakçılardan biri elə İranın o vaxtkı səfiri Nəhavəndiyan müəllim idi. Adam ilana ağu verən kərtənkələ misalı (bunun elmi əsası yoxdur, təbii), Gəncə yollarından yığışmırdı ki. Bütün günü Surətin olmayan beynini mundar fikirlərlə doldurmaqla məşğul idi. İranın ermənilərlə, Ermənistanla, Rusiya və başqa müsəlman düşməni olan məmləkət və ərazilərlə dostluğunun hekayəti isə həm bitməz, həm də çox qədimdir. Bu erməni-fars qardaşlığı hətta ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin də gözündən qaçmamış, 1909-cu ildə “Tərəqqi” qəzetində bu haqda yazmışdır. Sözgəlişi, mən həmin sitatı keçən ay, 22 iyunda “Avtoritarizmin sınırları” yazımda vermişdim, İranın tez-tez sərhədimizi pozmasını tənqid eləmişdim. Nə biləydik daha böyük zırıltı hələ qabaqdadır. Məqamı gəlib, istəyirəm Rəsulzadənin o fikirlərini bir qədər də geniş formada təzədən dərc edim: “İran qəribə bir təzad və dərəbəylik ölkəsi olduğundan qanun-qaidəsi yox, zülm və ədaləti bəgənilməz bir dövlət olduğundan, nədən isə ermənilər İranda kəmali-istirahət və azadlıqla yaşamışlar. İran istibdadından bunlar zərrəcə bir zərər görməmiş kəmali-rəfahətlə dolanmışlar. İran xanlarının, ərbablarının, sahibi-zülm və ictihaflarının (qəddarlıq – Z.H.) hər nə qədər dürüşkarlıqları (kobudluq eləmək – Z.H.) vəhşilik və dirrəndəlikləri (yırtıcılıq) varsa, hamısı haman müsəlman əhalisinin başında oynadılmış, ermənilər isə bu bəlalardan daima məsun (toxunulmaz) qalmış, müsəlmanlara nisbətən artıq bir imtiyaz ilə dolanmışlar”.
İndi isə qayıdaq daxili siyasətin problemlərinə. Bunlardan bir-ikisini ötən yazılarda qeyd etmişdik. Örnək üçün, bulvarda gürzənin millətə görünməsi keçən həftə şok yaratdı, hətta bir dəstə insan özünü dənizə atıb intihar etmək fikrinə düşdü. Oxucularımızdan biri isə görün ilanın haradan gəldiyini necə dəqiq tapıbdır: “Əslində o gürzə təzə deyil. Vaxtilə bulvarda İlan sərgisi var idi, onu sökdülər, bu gürzə oradan qaçıbdır”. Çox maraqlı versiyadır. Eyni zamanda yaddaşımızı təzələdiyi üçün oxucuya dərin minnətdarlıq edirik, çünki doğrudan da o sərgi bulvarda maraqlı obyektlərdən idi. Uşağı-böyüyü aparıb həqiqi heyvanatı göstərirdik. Düzdür, orada ilanlar adətən pis gündə olurdular, çünki yemək üçün ayrılan əti bulvarın müdiri udurdu. Ancaq şəraiti yaxşılaşdırıb ilan sərgisini saxlamaq olardı. Yoxsa indi yerində mənasız bir alış-veriş mərkəzi açıblar, millətin gələcəyi üçün bir qəpiklik faydası yoxdur.
Qaçmaqdan söz düşmüşkən, Bakının Cəlil Məmmədquluzadə küçəsində çökən yolun taleyi də maraqlı formada cərəyan edir. Keçən yazımda qeyd eləmişdim, bu dəqiqə o çöküntünü metro idarəsi ilə yolqayıranlar bir-birinə şəlləməkdə əzmkarlıq göstərir. Qırğın gedir. Ən son məlumat belədir ki, orada tunelvari tikili aşkarlanıb. Deyir guya yolu çəkməzdən qabaq orada ev tikmək istəyirmişlər, sonra nəsə olub, yarımçıq qalıb, yolu da evin zirzəmisinin üstündən basıblar.
Məncə, bu, tunelin düzgün izahatı deyil. İranlı qardaşlarımız demişkən, şayiədir, iz azdırmaqdır. Əslində o tuneli camaat qazıb. Aradan çıxmaq üçün. Çünki son illər kimi görürəm hamı şikayətlənir, deyirlər necə edək Almaniyaya-zada qaçaq. Cavanlı-qocalı, ailəli-subay, itli-pişikli hər kəs buradan qaçmaq istəyir. Hətta nəsillikcə, bütöv kəndlər var Almaniyaya qaçıbdır. Bilmirəm niyə yaşamaq istəmirlər, gül kimi parklarımız salınıb…