Загрузка...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar sərəncam imzalayıb.

Medianews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Qeyd edək ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq. Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı.