Şəkinin Baş Göynük kəndində tütünçülüklə məşğul olan bir qrup fermer məhsulun maya dəyərinin düzgün hesablanmamasından, subsidiyanın azlığından, tütünçülük sahəsi ilə məşğul olanlara kredit verilməməsindən, habelə fermerlərə güzəştli şərtlərlə satılmalı olan gübrələrin bazarlarda satışa çıxarılmasından şikayətçidir.

Virtualaz.org xəbər verir ki, bu şikayətlər bir qrup fermerin Azərbaycan prezidentinə, kənd təsərrüfatı nazirinə, iqtisadiyyat nazirinə və digər instansiyalara, o cümlədən mətbuata ünvanlanan müraciətində əksini tapıb. Müraciət o cümlədən virtualaz.org-un elektron poçtuna daxil olub.

“Gəlir xərcləri ödəmir…”

Fermerlər bildirir ki, tütün istehsalının maya dəyəri hər hektar üçün 2500 manata başa gəldiyi halda Kənd Təsərrüfatı Nazirliyinin yerli mütəxəsisləri tərəfindən maya dəyəri 1700 manat göstərilir. Bu isə sonda tütünün satış qiymətlərinə təsir edir.

Müraciətdə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi Şəkinin Baş Göynük kəndindəki 66 fermerə 42 ton quru, 211 ton yaş tütünə görə 31.6 min manat subsidya ayırıb. Lakin əkin aparılacaq hər hektar üçün yanacaq və motor yağına görə 40 manat subsidiyanı, güzəştlə verilən gübrə subsidiyasını hələ də ala bilmirlər. Fermerlərin bildirdiyinə görə onlara güzəştli şərtlərlə verilməli olan gübrəni bazarda satışa çıxarırlar.

Baş Göynükdə tütün əkənlərin tüstüsü təpəsindən çıxır

 

“Nəticədə əldə etdiyimiz gəlir çəkilən xərcləri ödəmir. Bizdən çoxlu yersiz sənədlər tələb edirlər və bu üzdən vaxtında güzəştli kredit ala bilmirik. Kredit üzünə həsrət qalmışıq”, -fermerlər yazırlar.

Fermerlər yola tütün səpəcəklər

Şikayətdə o da göstərilir ki, dekabr ayında verilməli subsidiyaları sənədləşməyə görə ləngidib mart ayında ödəyirlər, bu da fermerlərin işini ləngidir. “Bu problemi isə “Aqrokredit” və yerli emal müəssisələri qəsdən yaradırlar. Biz də fəhlənin pulunu vaxtında ödəyə bilmirik”, -müraciətdə deyilir.

Fermerlər tütünü Şəki tütün emalı müəssisələrinə verirlər. Şikayətçilər iddia edirlər ki, indidən onların qarşısına şərt qoyublar, yalnız tütün yarpağının 4-cü və 5-ci qırımından sonrakı məhsulları qəbul edəcəklər. Fermerlər belə olacağı təqdirdə yerdə qalan tütünü neyləyəcəklərini bilmirlər. “İlin ortasında bu ağır şərtlərə görə biz nəinki mayanı çıxaracağıq, hələ banklara borclu qalacağıq”, -fermerlər yazırlar.

Şikayətçilər sadalanan problemlərin avqustun 15-dək həll olunmayacağı təqdirdə etiraz olaraq Şəki-Qax magistral yolunun İnçə və Aşağı Göynük kəndlərini birləşdirən 8 kilometrlik hissəsinə tonlarla yaşıl tütün yarpaqlarını səpəcəklərini də bildirirlər.

Baş Göynükdə tütün əkənlərin tüstüsü təpəsindən çıxır

Niyə pambığa 10 qəpik, tütünə isə 5 qəpik?

Virtualaz.org saytı bu şikayətlə bağlı fermerlərlə əlaqə saxlayıb. Fermer Rafiq Məmmədov həqiqətən çıxılmaz durumda olduqlarını söyləyib. Onun sözlərinə görə, şitilin yetişdirilməsindən tutmuş işçilərin əməkhaqqına qədər xərcləri nəzərə aldıqda maya dəyəri 2500 manat olur. Çünki tütün əl əməyidir, çox zəhmət tələb edir. Subsidiyalar isə vaxtlı-vaxtında ödənilmir. “Hava şəraitinin qeyri-sabit keçməsi də maya dəyərinə təsir edir. Hava qeyri-sabit keçəndə maya dəyəri 2800-2900 manata yüksəlir”,– fermer deyir.

Məmmədov əlavə edir ki, son 3 ildə güzəştli şərtlərlə gübrə, eləcə də yanacaq və motor yağlarına görə subsidiya ala bilməyiblər: “Pambığın hər kiloqramına dövlət tərəfindən 10 qəpik subsidiya ödənilir, müqayisə üçün deyim ki, 1 hektar sahədə pambıq becərməyin maya dəyəri 700 manatdır. Tütün becərilməsində, yığımında texnika işlədilmir, sırf insan əməyindən istifadə olunur, maya dəyəri 1 hektara görə 2500 manatı keçir, amma tütünə görə verilən subsidiya cəmi 5 qəpikdir”.

Eşidiblər ki, yeni nazir şikayətləri dinləyir…

Baş Göynükdə tütün əkənlərin tüstüsü təpəsindən çıxır

Fermer əlavə edir ki, 2016-cı ildə subsidiyalarla bağlı 3 dəfə şikayət etsə də, baxan olmayıb. İndi yeni nazirin şikayətləri dinlədiyini eşidiblər, ona görə də yenidən müraciət etmək qərarına gəliblər. “Məsələn, maya dəyəri 2500 manatdan hesablanarsa, tütünün 1 kiloqramı 30 qəpikdən hesablanar. Keçən il yaş tütünü 21-23 qəpikdən təhvil vermişik”, -Məmmədov deyir.

Tütünçülüklə məşğul olan fermerlər əsasən yüksək keyfiyyətli Amerika sortu olan “Virciniya” sortuna üstünlük verirlər. Fermerlər bu sort toxumun qramını 8 manat 60 qəpikdən alıblar.

Qeyd edək ki, emal müəssisələri ötən il birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə, ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə alıblar.

Nazirlik nə deyir?

Kənd Təsərrüfatı Nazirliyindən isə virtualaz.org-a bildiriblər ki, subsidiyaların hesablanması Nazirlər Kabinetinin 439 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq hesablanır. Tütün istehsalçılarına emal müəssisələrinə satdıqları quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 5 qəpik subsidiya verilir. İstehsalçı satdığı tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün hər ilin noyabrın 30-dək sənədlərini kənd ərazi komissiyasına təqdim edir. Sonra Respublika Komissiyası təqdim edilmiş icmal siyahılara 20 gün müddətində baxır, istehsalçıların emal müəssisələrinə satdıqları tütünün miqdarına görə subsidiyanın verilməsi barədə qərar qəbul edir, həmin qərarı Maliyyə Nazirliyinə göndərilir.

Baş Göynükdə tütün əkənlərin tüstüsü təpəsindən çıxır

Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 gün müddətində köçürülməsini təmin edir. Yalnız müvafiq sənədləri qaydasında olmayan fermerlərin subsidiyaları bir qədər gec almaları mümkündür. Sənədlərin çoxluğu ilə bağlı iddiaya gəldikdə, şəxsiyyət vəsiqəsinin, fərdi sahibkarlar üçün VÖEN-in surəti, hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri, emal müəssisəsinə satılmış tütünün alqı-satqısına dair qaimə, emal müəssisəsinə satılmış tütünün alqı-satqısına dair müqavilənin surəti tütünün qəbulu qəbzi istənilir.

“O ki qaldı əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə hər hektar üçün 50 manat ödənilməsinə, bu güzəşt tütün istehsalçılarına şamil edilmir. “Tütün istehsalçılarına gübrələr güzəştlə satılır, bunun üçün fermerlər sənəd təqdim etməlidirlər. Gübrələrin verilməsində problem mövcud deyildir”, -nazirlikdən verilən yazılı açıqlamada belə deyilir.

Nazirlikdən əlavə ediblər ki, mütəxəssislər dərhal şikayətçi fermerlərlə görüşüb, onlara subsidiya və güzəştlərlə bağlı məlumat veriblər. Habelə fermerlər artıq nazirliyə dəvət edilib və tezliklə onların təklifləri, problemləri dinləniləcək.

Загрузка...