Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Zöhrab Şirinovun vəkilləri çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Sonra digər təqsirləndirilən Ş. Əkbərovun vəkili Babək Həsənov çıxış edib. O, Ş. Əkbərovun günahsız olduğunu, verilən ittihamın təsdiqini tapmadığını deyib. Buna görə ona bəraət verilməsini məhkəmədən xahiş edib.

Ş. Əkbərovun digər vəkili Bəxtiyar Hacıyev də hüquqlqrını müdafiə etdiyi şəxsə verilən ittihamın doğru olmadığını bildirib.

Zərərçəkmiş A. Alışanovun vəkili Eyvaz isə prokuror tərəfindən istənilən cəzanın ədalətli hesab edilməsini, təqsirləndiriləm Aqşin Hüseynov barəsində isə həbslə bağlı olmayan qərar çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən şəxs Zöhrab Şirinov son sözlə çıxış edərək deyib ki, heç kimi öldürməyə cəhd etməyib və günahı yoxdur: “Şücayət Əkbərov nə iş görüb bunu özü bilər, mən günahsızam”.

Q. Cəbiyev də son sözündə ona bəraət verilməsini istəyib.

Ş. Əkbərov isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Загрузка...