Gəncədə iki polisi qətlə yetirənlərin bioqrafiyası üzə çıxıb, deyirlər onlardan biri adam öldürməyə görə həbsdə olubmuş. Sizcə nə qədər müddətə? Mənə bir az təəccüblü gələn bu oldu. Cəmi 7 il azadlıqdan məhrum edilibmiş. Özü də bunun ilk öldürdüyü şəxs doğma anası imiş. Anasını öldürənə hansısa əsrarlı razılaşmalarla cəmi 7 il həbs cəzası kəsirsənsə, o daha da həvəslənib başqalarını, o cümlədən, polis zabitlərini qılıncla doğramaq istəməzmi?
Təbii, bunlar ritorik suallardır və mənim hüquq-mühafizə orqanlarımıza, o cümlədən ədliyyə-məhkəmə sistemimizə heç bir iradım yoxdur. Yer-göy qədər razıyam onlardan. Hətta vəkilləri “mıqq” elədiklərinə görə vəkil işləməkdən məhrum edirlərsə, biz kimik? Boynumuz və qələmimiz qıldan incədir. O incəliyə uyğun da hərəkət etməyə məcburuq. Hörmətli media kapitanlarımızdan birinin uzaqgörənlik və müdrikliklə tapdığı bənzətmədəki vəziyyətdəyik: kəndirbazlıq edirik. Həmin qıl körpüsünün üzərində. Azca ayağını qırağa qoysan gumbarumbla gedərsən cəhənnəmin dibinə, başlayarsan orda qır qazanında yanıb Zəqqutum İstilik Enerji Stansiyasına alov verməyə. Kəndirin üstündə balansı saxlamaqla yanaşı aşağıda təlxəklik eləyən kosa-mosaya da gərək fikir verməyəsən, yoxsa adam çaşıb yenə gedər üzü aşağı. Təlxəklər tamaşaçıları güldürmək üçündür, kəndirbazı yox.
Sözümün canı nədir bəs? (Hesab edək sözümüz hələ süni nəfəsalma aparatına qoşularaq can verməkdədir, ölməmişdir. Mark Tven demişkən: “Bizim ölməyimiz haqda xəbərlər bir qədər şişirdilibdir”). Sözümün canı odur ki, ana qatilinə 7 il cəza vermək bəlkə də düz olmayıbdır. Elə bil ki, əlim qurusun, gözüm çıxsın bunu yazdığım yerdə: bir az yüngül cəza olubdur. İstənilən müqayisə qüsurludur deyibdir ağsaqqallar, ancaq biz bir müqayisə aparaq. Misal üçün, 6 ildir bizim türmələrdə zülüm verilən, adı siyasi dustaq siyahılarında adətən başda gələn ictimai-siyasi xadim, Real Partiyasının sədri İlqar Məmmədovu yada salaq. Məmmədovu İsmayıllıya vizasız getdiyi üçün düz 7 il həbsə məhkum ediblər. Doğrudur, rəsmi ittihamda nəsə iğtişaş, polisə müqavimət-zad da yazılıbdır, ancaq hər halda orada kimisə, həmçinin öz anasını qətlə yetirmək söhbəti yoxdur. (Ümid edirəm Şəki Apelyasiya Məhkəməsi mənim bu yazımı oxuyub pis xəyallara düşməz. Çünki yetmiş yeddinci dəfə fırlanan cinayət işini təzəlikcə Ali Məhkəmə yenidən ora qaytarıbdır, deyir təzədən baxın. Götürüb ora ana ölümü əlavə eləsələr heç zad. Günah yiyəsi olacağıq).
İndi fikirləşirsən ki, necə olur, anasını öldürən də 7 il alır, rayona icazəsiz gedən də? Belə ədalətlilik olarmı? Əlbəttə, mən demirəm anasını öldürənlərə çox iş verilsin. Bəlkə elə ana dövlətçiliyə zidd yaşayırmış? Bəlkə bunun da anası erməni imiş? Son vaxtlar adətən belə çıxır. Çünki əsl azərbaycanlılar cinayət törədə bilməzlər, əsl azərbaycanlılar yalnız manısların hazırladığı elmi verilişlərə baxıb humanizm ruhunda, dini-mənəvi dəyərlərimizə uyğun böyüyürlər! Bəs o zaman mən nə istəyirəm? Əşşi, canıma azar istəyirəm, məqsədim odur ki, millətdə ruh yaşasın! Şair demişkən. Şair bir də belə demişdir: “Olduqca mən götürmə bəladan iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!”. Yəni, kimi tutub zindana salırlarsa düz eləyirlər. Günahı olmayanı tutmazlar. Özünü yaxşı aparsın, müasir işıq dirəkləri qurulan parklarda gəzmək hüququ olsun.
Sözgəlişi, bir də bayaq dini-mənəvi dəyərlərimizdən danışdıq, mən biləni bunun bizdə idarəsi var, rəhbəri də qədimi yapçılardan Mübariz müəllimdir. Bəs görəsən bu idarə niyə zəif işləyir? Çünki haçan baxırsan, görürsən deyirlər kimlərsə din adından süni istifadə edir, radikallaşır, nə bilim nə edir. İdarə yaxşı işləsə, kim onun sahəsinin adından süni istifadə edə bilər? (Ümid edirəm şeyx bunu oxuyub mənə bir yağlı dua yazar).
Ta deyirəm lirika dəftərinin ipini qırıb vərəqlərini ortaya dağıtmışkən bir dənə də ana segahı verək, oxucularımız qəmlənsin:
“Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..”
P.S. Çoxdandır anama baş çəkmirəm, dedim burda yaltaqlıq edim, əvəzi çıxsın.