Ermənistanın 1-ci şəxsi qismində Nikol Paşinyanın baş nazirliyindən iki ay ötdü. Deyir, dəniz suyunun dadına baxmaq üçün damla da yetərlidir. Paşinyanın “faydalı iş əmsalı” da artıq ortadadır.
Şəksiz ki, daxildə o, nəsə eləməyə çalışır, nəyəsə can atır. Ola bilsin nəsə alınsın. Ancaq məsələ də bu “nəsə”dədir. Paşinyanı öz çiynində iqtidar eləmiş narazı kütləni həmin bu “nəsə” məmnun edə, razı sala biləcəkmi? Yoxsa daha bir inqilaba və ya əks-inqilaba ehtiyac olacaq? Deyəsən, olacaq.
İş ondadır ki, xarici siyasət daxili siyasətin davamı sayılır. Xaricdən isə Paşinyan hökumətinə “gəl-gəl” deyən çox olsa da, hələ ki real siyasi və maliyyə dəstəyi verən yoxdur. Hətta zəngin erməni lobbisi də hələlik tərəddüd içində olduğundan, Ermənistanda islahatlar həbslər və təqiblərdən o yana keçə bilmir. Ölkəyə vəd olunan böyük investisiya axını, pul-para isə iki aydır gözə dəymir.
Ermənistan prezidenti Armen Sərkisyanın təzəcə başa çatan Avropa və ABŞ səfəri də nəticəsi bitib. Ac-yalavac, iş-gücsüz erməni əhali isə yeni hökumətdən qısa zamanda çörək, iş yerləri gözləyir. Ac qılınca çapar.
Düzdür, iki aydır ABŞ və Avropadan, hətta NATO yetkililərindən Paşinyan iqtidarına vədlər səslənir. Ancaq bunlar elə vəd olaraq qalır. Çünki Qərb Nikol Paşinyanı özünə “bir köynək” yaxın saysa da, Ermənistanın kimin qapazı altında olduğunun yaxşı fərqindədir. Qərbdə haqlı olaraq əminlik var ki, Rusiyanın ağuşunda qala-qala Ermənistanda islahatlar aparmaq, demokratik-siyasi dəyişikliklərə nail olmaq, o sırada iqtisadi həyatı və idarəetmənin liberalladırşmaq mümkün deyil.
Bu gerçəkdən də belədir. O səbəbə ki, Rusiya hərbi faktor da daxil, bilavasitə Ermənistanın içindədir. Onun olan-qalan iqtisadiyyatı, ən əsası, enerji sistemi və təsərrüfatı – Metsamor AES, elektrik-qaz şəbəkəsi Rusiyanın, onun şirkətlərinin nəzarətindədir. Yaxud silah və başqa kreditlərin qarşılığında Rusiyanın mülkiyyətinə keçib.
Paşinyan isə bu strateji sahələr üzrə də islahat aparıb Rusiyanın təsirini minimuma endirmək istəyir. Buna məcburdur, çünki iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi müstəqilliyi olmur. Demək, günün birində o, Kremlin “quyruğunu” tapdamaq zorunda qalacaq.
Onsuz da o, komandasını anti-Rusiya kadrlarından təşkil eləməklə özünü Kremlin qəzəbində gətirib. Üstəgəl, Qarabağ ixtilafının yaratdığı izolyasiya rejimi, iki böyük qonşu – 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycanla qapalı qalan sərhədlər, davam edən problemlər.
Doğrudur, Paşinyanın “islahat” adına nəsə eləməsi, daha dəqiqi, çabalamaları Qərbə xoş gəlir. Ancaq yetərli deyil. Obrazlı desək, qismən hamiləlik (islahat) olmur. O ya var, ya da yoxdur. Qərb isə pulu elə-belə vermir, verməyəcək və real islahatlara qədər Paşinyan iqtidarına üç barmağın konfiqurasiyasından ibarət işarəni göstərməkdə davam edəcək. Gürcüstan, Ukrayna örnəkləri var, hər halda.
Bu xüsusda sabah Brüsseldə başlayacaq NATO sammiti Paşinyanın siyasi taleyində dönüş nöqtəsi ola bilər. Çünki Moskvada onun Brüssel səfəri ilə bağlı böyük qıcıq var. Paşinyan özü də bunu dərk edir və səfərlə bağlı son günlər müəyyən tərəddüd keçirir…
Aydındır ki, bir gözü Qərbdə olan, potensial olaraq Qərbə satılmağa hazırlaşan Ermənistanla Rusiyanın müttəfiqliyi mümkün olan iş deyil. Belədə öz ağası ilə “bağların qırılması” qarşılığında Paşinyan həm özünü, həm də işğalçı ölkəni gözləyən bədələ hazır olmalıdır. Hər halda NATO, ABŞ uzaqda, Rusiya, onun böyük hərbi kontingenti isə Ermənistanın içindədir. Ermənistanın Türkiyə və İranla sərhədlərini belə, ruslar qoruyur. Paşinyan gərək bunu da unutmasın ki, Ermənistandakı əhalidən daha artığı (3 milyon) bu gün Rusiyada əmək miqrantı kimi ailəsinə çörəkpulu qazanır.
Bu fonda dünən Nikol Paşinyanın oğlu Aşot hərbi xidmət keçmək üçün Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə yollanıb. Təbii ki, Aşotun özündən olsaydı, ömründə yad ölkə ərazisinə, müharibə zonasına, güllə qabağına, ölümə getməzdi. Amma o da indi atasının populist siyasətinin girovu olmaq zorundadır. Fəqət, çifayda?
Aşotun “Qarabağ gedişi” sözsüz ki, xalqını populizmlə doydurmaq üçün Paşinyanın atdığı növbəti addımdır. Ancaq hara kimi? Populizm limiti də sonsuz deyil. Əslində bitmək üzrədir…