(Xalq nağılı)
Uzun illərin jurnalist təcrübəsindən sonra mən şikayət məktublarını dərc etdirmək istəyən oxucularıma adətən bu fikirdən daşınmağı tövsiyə edirəm. Məsləhət görürəm bəlkə dərdini qəzetdə yazmazdan öncə başqa üsulları – tapşırıq, xahiş, minnət, yalvarış, ödəniş, qurban kəsmə, nəzir vermə, falabaxma, pirə tapşırma, cadu-piti, bayatı çağırma, qarğış, dua, və sairə – sınasın. Çünki başına gələn başmaqçı olur, mən bilirəm ki, bizim məmurlar qəzetdə onlardan şikayət getməsini qətiyyən xoşlamırlar. Məmurdan qəzetdə yazmaq arı yuvasına çöp soxmaq kimi bir şeydir. Daha hirslə şikayətçinin üstünə gedirlər, onu məhv eləməmiş sakitləşmək bilmirlər. Ara yerdə biz jurnalistlər, necə deyərlər, “vayqanlı” oluruq. Hətta neçə dəfə olub, şikayətçi məmurun hücumlarına tab gətirməyərək onun tərəfinə keçərək bizə qarşı olmuşdur.
Keçən həftə Qazax rayonundan şikayət məktubu alanda da eyni məsləhəti verdim, 2-ci qrup əlil Azər Məmmədliylə şikayətiylə bağlı üstəlik telefon danışığımız oldu, ona dedim bunu yazmayaq, həm xeyri olmayacaq, həm başı ağrıyacaqdır. Eşitmədi. Dedi sən bilmirsən, qəzet yazanda reaksiyası böyük olur. Buyurun. Baxın görün “reaksiya” necədir…
Öncə şikayətin qısa məzmununu bir cümlədə xatırladım. Azər Məmmədli yazır ki, Qazağın icra başçıcı şəhərdəki böyük parkın ağaclarını qırır, mən buna etiraz elədiyim üçün isə göstəriş verib, əlillik pensiyamı kəsiblər. Bunu mən keçən həftəki, 6 iyul tarixli “İşıqlı avtoritarizm” başlıqlı köşə yazımda verdim. Yazı çıxan gün gözlənilməz reaksiya ilə üzləşdim və hətta Azər Məmmədliyə ürəyimdə haqq qazandırdım, fikirləşdim, deyəsən, təcrübəm səhv çıxır, ölkəmizdə məmur-media münasibətlərində nələrsə ciddi formada dəyişir. Çünki birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Cavid Abdullayev məni axtarıb yazıdakı məsələ ilə bağlı fakt istəmişdi. Abdullayev bildirirdi ki, belə şey ola bilməz, fond icra hakimlərinin göstərişi ilə işləmir, DSMF Qazax rayon şöbəsi ilə əlaqə saxlayıb, fakt təsdiqlənmir, gərək biz qəzetdə bu münasibətlə təkzib verək. Mən də dedim, baş üstə. Ancaq DSMF Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanovun cəmi 10 gün qabaq – 28 iyunda Azər Məmmədliyə göndərdiyi, rəsmi möhürlü, nömrəli məktubu nə eləyək? Bu məktub varkən, nəyi təkzib edim? Həmin məktubda Qurbanov yazır ki, daha sənə pensiya verilməyəcəkdir. Halbuki Azər Məmmədlinin növbəti həkim yoxlamasına hələ 2 il qalırmış. Burada icra hakimiyyətinin barmağı aydın görünürdü. Mən məktub haqda DSMF-yə məlumat verdim, bununla da söhbət sanki bitdi. Yəni bir növ heç-heçə alındı: icra başçısı kefində, DSMF süddən çıxmış ağ qaşıq, şikayətçi də pensiyasız qaldı. Vəssalam-şüttəmam. Keçəli verdilər paççahın qızına… Şikayətçiyə necə xəbərdarlıq eləmişdimsə elə də oldu. Ancaq ürəyimdə bir nigaranlıq qalmışdı, çünki dövlət orqanlarının onlardan şikayət edənləri bu cür “sakit buraxacağına” ümid eləmirdim. Dünən Azər Məmmədlinin telefon zəngi nigarançılığıma son qoydu, dövlətçiliyimizdən daha bədgüman olmadım. Ürəyim yerinə gəldi, vallah.
Məmmədli deyir ki, indi icra başçısı prokurorluğa göstəriş verib, onlar rayon xəstəxanasının həkimlərini yoxlamağa başlayıblar, həkimləri “Nə üçün siz Azər Məmmədliyə vaxtilə əlillik dərəcəsi vermisiniz” deyə incidirlər (Məmmədli ağır formada şəkərli diabetdir, hətta qanqrena üzündən barmağını kəsiblər – oxuculara bilgi üçün). Yəni, proses daha genişlənibdir, parkın, şikayətçinin, “sabes” müdirinin təpə-qapaz olunmasına prokuror və həkimləri də qatıblar. Halal olsun. Bax, güclü dövlət belə olur! Yoxsa hər yerindən duran bir şikayət ərizəsi cızmaqara eləsin, bu ondan yazsın, o bundan pozsun… Bizim öz milli-mənəvi dəyərlərimiz, ağsaqqal-ağbirçək, icrabaşı-prokuror, sabes-mabes ənənələrimiz vardır.
Ancaq bu qədər dağa-daşa düşməyə nə ehtiyac vardı anlamadım. Elə birdəfəlik elan etmək olmazdımı ki, Qazax rayon sakini, filan ilin beşməkan ayında doğulmuş Azər Məmmədli adlı şəxs tərəfimizdən araşdırılmış, belə bir insanın yox olduğu qeydə alınmışdır? Vəssalam. Adam yoxdur, problem də yoxdur. Əlilliyi araşdır, şikayətə bax, prokuroru çağır, həkimin dərisini soy… Bunlar uzundərə işlərdir. Qısaca yazırsan belə adam yoxdur. Qoy qalsın qışqıra-qışqıra.
Hələ bunu televizorda “Qeybdən gələn qışqırıq Qazax sakinlərini şoka saldı” başlığıyla göstərmək də olar. “Buzovun beşinci ayağı çıxdı”, “Fındıq üzərində uçaskovının adı yazılıb”, nə bilim, “Anasının Dubaya getdiyini manısa efirdə dedilər” tipli xəbərlər kimi…