“Aləmi bəzər, özü lüt gəzər”
(tapmaca)
Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyini təmin eləmək üçün böyük işlər görür, ancaq öz enerji təhlükəsizliyimizdə hələ də təhlükələr qalırmış. Bunu bir daha 3 iyul gecəsinin qəzasında gördük. Nə üçün belədir, bax: epiqraf verdiyim ata sözümüzə. Əslində bunu da istəsən bizim geniş ürəkli, səxavətli, canıyanan dövlət olmağımızla yozarsan.
Canıyanan demişkən… Hamı bu saat qaranlığa səbəb axtarır, halbuki, o qaranlığın səbəblərini hər gün, hər dəqiqə görürük, başa düşürük, dilimizə gətiririk. Bərkdən deyənlərin isə axırı yaxşı olmur – onları daha qaranlıq yerə göndərirlər. Yüklənmədən danışırlar, ancaq bizim haçan yükümüz yüngül oldu ki? Belimiz əyilib yükdən. Sürünə-sürünə yaşayırıq. İşğal yükü, korrupsiya yükü, yalan yükü, yaltaqlıq yükü… Birdirmi, beşdirmi, ondurmu? İnsanı neçə kilovatt yükləmək olar ki, o, yanmasın? Dərdin meqavattı neçəyə qalxanda rele atır? Ürəyimizin telləri yananda beynimizi prosesə qoşsaq gərginlik aradan qalxarmı? Gözümüzün işığı azalıbsa, qaranlıqdan qorxmağa dəyərmi?
Deyir indi də biz xaricdən elektrik enerjisi alırmışıq. Qəzanın nəticəsini aradan qaldırmaq üçün. Ancaq bu qədər enerjisi olan ərazi nədən itdən-qurddan işıq dilənməlidir? Altı-üstü, hər yeri işıqdır, enerjidir, oddur. Odlar yurdu da heç qaranlıqda qalar? Qalarmış. Bunu da görürük. Hələ nefti-qazı qırağa qoyaq. İlin 300 sutkası külək əsən, elə o qədər də günəşli günü olan torpaq alternativ, tükənməz enerjidən niyə yararlana bilmir? Bakıdan çıxanda yol qırağında nümayiş üçün külək fırlanğıcları da qoyublar, Günəş panelləri də. Ancaq nə o pərlərin tərpəndiyini görən olub, nə panellərdən enerji alındığını. Bəlkə panelləri söküb əhaliyə versələr manqal qayırıb üstündə kabab bişirərdik. Çünki millətin bir ayda inək təzəyindən aldığı alternativ enerji o külək-kələk qurğularının 10 ildə “verdiyindən” çoxdur. Hər halda, istənilən rəqəm sıfırdan böyük olmalıdır. Riyaziyyat elmində – dünyada qəbul edilən normalarda. Bizdə sıfır istəsə bütün rəqəmləri döyər.
Sözgəlişi, bu qaranlıqda ziyalılarımızın böyük rolu vardır. Onlar öz simalarından xalqa işıq salmadılar. Tolik, Faiq, Roza, nə bilim, Anar müəllim, Çingiz müəllim və sairə başqa dəyərli ziyalılarımızı nəzərdə tuturam. Onlar pəncərə qarşısında durub qaranlığa öz üzlərinin nuru ilə işıq zolaqları sala bilərdilər, lakin nədənsə etmədilər. Millətə yazıqları gəlmədi. Bəs bu ziyanı daha haçan işlədəcəksən? Yeri gəlmişkən, çox adam fikir vermədi, qəzadan yarım sutka öncə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında elektrik qəzası olmuşdu. Alimlərimiz bir neçə saat işıqsız qalmışdı. Bəlkə də bu qəza daha yekə qəzanın xəbərdarlığı idi. Axı vulkan da püskürməzdən qabaq kərtənkələlər qaçır, zəlzələdən öncə siçanlar narahat olurmuş. Biz də gərək öz alimlərimizi diqqətdə saxlayaq. Bir işə yaramasalar da ziyaları var.
Ziya demişkən, rəhmətlik nəqliyyat nazirimiz Ziya müəllimin də bir gün qabaq villası yanmışdı. Ümumiyyətlə, Ziya müəllimin son illər yanan villalarının sayı bəlkə 10-u adlayıbdır. Mümkündür bunun da elektrik qəzasına təsiri olsun.
Qəzanın nəticələrini araşdırmaq üçün komissiya yaradılıb, ancaq mən fikir verdim, orda vəzifələrin adları yazılıb, həmin vəzifəni daşıyan adamın isə yox. Əlbəttə, formal olaraq belə də yazıla bilər, eyni zamanda, bəzi nazirliyin başsız qalması komissiya siyahısına hansısa ad yazmağa mane olmur. Sadəcə, bizdə son illərdə qəza komissiyalarına vəzifəli şəxslərin adlarını heç yazmırlar. Görünür rəhbərlik də başa düşür ki, bunun elə mənası yoxdur. O komissiya heç bir faydalı şey araşdırıb ortaya çıxarmayacaqdır, yenə köhnə hamam, köhnə tas olacaqdır.
Anomal istilər davam eləsə Günəşi tutub Kürdəxanıya salmalıyıq. Başqa yolumuz qalmır.