Загрузка...

Hər dəfə ölkədə texnogen qəza olanda, şəhərdə, ya da onun bir hissəsində elektrik enerjisi kəsiləndə yadıma o Hollivud filmi düşür. Filmin adını unutmuşam, amma bəlkə də Youtube-də bir az axtarıb-araşdırandan sonra tapmaq olar.

Azərbaycan telekanallarına tövsiyə edirəm ki, o filmi videotekalarından götürüb belə günlərdə versinlər (amma ta faciə günlərimizdə yeddi telekanalda nümayiş etdirilən “Dədə Qorqud”a döndərməyə ehtiyac yoxdur, bir-ikisi verdi, bəsdir).

Filmin süjet xətti isə belədir: adamın biri meqapolisin göydələnində pivə içə-içə televizora baxığı yerdə qəfildən işıq sönür. Adam durub pəncərədən baxır ki, görsün, nə olub, nə baş verib, qonşu küçələrdə də sönübmü. Adətən hamı elə edir – istər Mumbay olsun, istər Çikaqo və ya Yevlax.

Əsərin qəhrəmanı pəncərədən baxanda görür ki, bayaqdı ha, o biri yaşayış massivlərində də işıqlar ard-arda sönə-sönə getdi və şəhər zülmətə qərq oldu. O, narahat olur, başa düşür ki, bu, yekə texnogen qəzadır.

Adam geyinib düşür aşağı, maşınına minib gedir marketə, bilir ki, belə vaxtlarda bəzi zəruri ərzaq və sair gündəlik tələbat malları alınmalıdır. Amma heç demə, şəhər əhalisinin mühüm bir hissəsi onun düşündüyünü düşünüb və cumub marketlərə. Hamı zülmətdə, hər kəs təlaşlı. Panika get-gedə böyüyür. İnsanlar əsəb sarsıntısı keçirir, necə deyərlər, başları çönür. Marketlərdə talan başlayır. Sözü çəpləşənlər, bir-biri ilə tutaşanlar… Arada silaha əl atanlar, bir-birini yaralayanlar olur.

Bir neçə saat öncə bolluq-bostanlıq, rifah-firavanlıq yağan, təhlükəsiz bir şəhər it gününə qalır. Şəhərdə sanki vətəndaş müharibəsi gedir. Tərs kimi, texnogen qəzanın nəticələri tezliklə aradan qaldırılmır. İşıq yanmır və insanlar getdikcə hövüllənirlər. İşıq yananda isə məlum olur ki, abad şəhər bərbad olub gedib, insanlar bir-biri ilə düşmən olub, düzən, asayiş pozulub.

Filmin müəllifləri bununla demək istəyirlər ki, müasir həyatın rahatlıqlarına, abadlığına baxmayın, təkcə işığın kəsilməsi kifayət edir ki, hər şey dağılıb-tökülsün.

Srağagün gecə ölkəmizdə baş verən analoji hadisə də göstərdi kiE. biz də müasir meqapolisik, işığımız kəsiləndə özümüzü müəyyən qədər Los-Ancelesdəkilər kimi apara bilirik.

Hələ yaxşı ki, işıq gecə saatlarında sönmüşdü. Bu vaxtlarda isə, bildiyiniz kimi, normal insanların çoxu yatır. Düzdür, müasir dünyada artıq gecə saat 1-5 arasında yatmayanlar da anormal adam sayılmırlar, amma ən azı o məlumdur ki, belə adamlar səhər saat 8-də işə getməyəcəklər və belələrinin sayı azdır.

Ona görə də gecə yarısı elektrik işığının kəsilməsi böyük panikaya səbəb olmadı (sözügedən filmdə işıqlar axşam saat 10-11 radələrində sönür). Hərçənd sosial şəbəkədə xeyli ajiotaj olub. Telefonlarıyla internetə, sosial şəbəkəyə girənlər ölkədə nə baş verdiyini bilmək, bildiklərini bölüşmək üçün xeyli yazışmalar aparıblar.

Bizim çoxumuz da o vaxt yuxuda olmuşuq, heç xəbərimiz də olmayıb ki, ölkədə bu boyda texnogen qəza olub. Məsələn, mən özüm gecənin bir yarısı yuxudan ayıldım, gördüm, kondisioner işləmir və işıq da yoxdur, fikirləşdim ki, yəqin yaxın yarımstansiyada açılma olub. Ta nə bilim ki, açılma Mingəçevirdəki düyün stansiyasında baş verib.

Düzdür, biz o qədər həssas camaat deyilik ki, gecə yarısı kəsilən elektrik enerjisinin böyük texnogen qəzanın nəticəsini bilsək də, durub marketlərə hücum çəkək. Bilsək, deyərdik, gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır, sabah ola, xeyir ola, qoy, gün çıxsın, görək nə olub, nə baş verib.

Təcrübə göstərir ki, düzü elə budur. Beş saat işığın olmamasına görə həyəcanlanıb benzin satmaq istəməyən adamın üstünə tüfəng çəkmək (filmdə elə bir epizod da var) nəyə lazımdır? İctimai asayiş hər şeydən önəmlidir. Kütləvi panika isə pis şeydir.

Allah göstərməsin, bizdə kütləvi panikanı işıq, qaz, su kəsintisi yarada bilməz, əsasən iki xəbər yarada bilər: 1. “Müharibə başladı”; 2. “Çörək qıtlığı var, aclıq olacaq”.

Hə, bir də üçüncüsü də var: “İnternet bağlanıb”.

Bax, bu sonuncu da bizi özümüzdən çıxara bilər, bəlkə də Amerikada işığı kəsilən meqapolisin sakinlərindən də betər olarıq. Müasir dünyada əsas həyat amilləri belədir: hava, su, internet…

Gördüyünüz kimi, o gecə işıq, nəqliyyat, su kəsilib, amma internet və yazışma kəsilməyib.