Bir neçə gün əvvəl rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd plan yerlərinin azaldılmasından narazı olduqlarını bildirmişdilər. Səhiyyə Nazirliyindən tələbələrin bu etirazına cavab gecikməyib. Qurumdan bildirilib ki, rezidenturaya qəbul imtahanının II mərhələsindən keçə bilməyən namizədlər də Səhiyyə Nazirliyinin tabeliyində olan baza ali tibb təhsili müəssisələrində tutulmasına icazə verilən həkim vəzifələrinə müsabiqədənkənar qəbul olunub işlə təmin olunacaqlar.
Xəzər xəbər-in məlumatına görə, narazı tələbələr Səhiyyə Nazirliyinə dəvət olunaraq mövcud suallar ətrafında müzakirələr aparılıb, onların problemi dinlənilib. Bu barədə nazirliyin aparıcı məsləhətçisi Təranə Əhmədova məlumat verib. O bildirib ki, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, ölkə vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Tələbat əsasən bölgələrdə ailə həkimlərinə, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, həmçinin hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərədir.
Namizədlərin qeyd etdiyi digər bir məsələ isə onlara qəbul planının azaldılması ilə bağlı gec məlumatın verilməsi olub. Təranə Əhmədovanın sözlərinə görə isə, qəbul planı “Rezidentura” jurnalının IIInömrəsində dərc olunub.
Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Stomatologiya fakültəsi tələbələrinin dediyinə görə, keçən il plan yerlərinin sayını 21-dən 11-ə, bu il isə daha da azaldaraq 5-ə endiriblər. 9 milyon əhalisi olan ölkə üçün cəmi 5 stomatoloq yeri ayırılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır.