Загрузка...

Bakıda banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə iyulun 10-da davam edəcək.

Qeyd edək ki, hadisə 2018-ci il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

O, hadisəni törətməsinin borcu olması ilə izah edib: “Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar”.