Загрузка...

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə görüşəcək.

Publika.az xəbər verir ki, bu, Putinlə Trampın ilk ikitərəfli görüşü olacaq. Buna qədər liderlər müxtəlif sammitlərdə bir araya gəliblər. Bir il öncə Putinlə Tramp G-20-nin Hamburqda keçirilən sammitində görüşdü, sonuncu dəfə isə onlar 2017-ci ilin noyabrında Vyetnamda keçirilən ATES sammitində qısa söhbət etdilər.

Bu baxımdan, Helsinki görüşü Trampın ABŞ prezident seçilməsindən sonra Putinlə bir araya gələcəyi əsas hadisə hesab olunur.

Rusiya və ABŞ arasında müzakirə edilməli, həmçinin, dünyanın siyasi gündəmini zəbt etmiş bir çox məsələ var. Lakin məsələnin diqqət çəkən tərəflərindən biri də görüş yeri kimi niyə məhz Helsinkinin seçilməsidir.

Finlandiyanın “İlta-Sanomat” nəşri görüş yerinin Helsinki seçilməsinin 4 səbəbini açıqlayıb?

Birinci: Finlandiyanın tarixi

1975-ci ildə ABŞ prezidenti Cerald Ford SSRİ lideri Leonid Brejnevlə ilk danışıqları məhz fin torpaqlarında aparıb. Helsinki anlaşmasına görə, kommunist və kapitalist dövlətləri arasında münasibətlərinin yaxşılaşdırılması haqqında bəyannamə imzalandı və nəticədə “soyuq müharibə” dövründə ilk yumşalmalar başlandı.

1990-cı ildə SSRİ-nin dağılmasından əvvəl Mixail Qarbaçovla Corc Buş (ata) Helsinkidə Fars körfəzi böhranını müzakirə ediblər.

1997-ci ildə Finlandiya prezidentinin Myantyuniemi iqamətgahında ABŞ prezidenti Bil Klintonla Rusiya prezidenti Boris Yelsin arasında danışıqlar aparılıb.

Bu gün Ağ Ev və Kreml ümid edir ki, Rusiya-ABŞ münasibətlərinin yaxşılaşması üçün fin torpaqları uğur gətirəcək.

İkinci: “Neytral torpaq”

Finlandiya Avropa İttifaqının üzvü olaraq Qərb ölkəsi hesab olunur, lakin bu ölkə NATO-ya daxil deyil. Həmçinin, Avropa ilə yanaşı, ABŞ və Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Buna görə də Finlandiya “neytral torpaq” sayıla bilər.

Üçüncü: Lojistika

Helsinki görüş üçün rahat məkandır. Rusiya-ABŞ sammitində öncə Tramp iyulun 11-12-də NATO-nun Brüssel sammitində iştirak edəcək. İyulun 13-də o, Böyük Britaniyanın baş naziri Tereza Mey və kraliça II Yelizaveta ilə görüşəcək.

İyulun 15-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatı başa çatacaq. Helsinki ilə Moskva arasında uçuş vaxtı təxminən 1,5 saatdır.

Beləliklə, Tramp görüş vaxtına qədər Avropa torpaqlarında “gəzəcək”, Rusiya lideri də rahat və tez bir vaxtda Finlandiyaya gələ biləcək.

Dördüncü: şəxsi səbəblər

Burada Rusiya liderinin diqqət mərkəzində olmaq istəyi də var. Belə ki, Putin dünyanın ən böyük idman tədbirinin yekununda iştirak edəndən bir gün sonra ABŞ lideri ilə görüşəcək. Bununla yanaşı, Helsinki beynəlxalq münasibətlər üçün əhəmiyyətli simvolik jest də ola bilər. Tramp NATO sammitini tərk edəndən sonra, Putinlə görüşür. Bu, yaxın günlərdə Tramın NATO liderlərini tənqid etməsini yada salır. Tramp bildirmişdi ki, NATO ölkələri öz hərbi xərclərinə daha çox sərmayə qoymalıdırlar. Neytral torpaqda görüş NATO liderinə təzyiq göstərə və onların öz müdafiə xərclərini artırması ilə nəticələnə bilər. Bu da Birləşmiş Ştatların NATO-ya ayırdığı maliyyədə yüngülləşməsinə səbəb ola bilər.