Загрузка...

“Səhər çox sevdiyim bir neçə dostum mənə dedi ki, səninlə bağlı xəbərlər yayılıb.  Məlumatı yazan saytları mən oxumuram. Çünki o xəbəri yayanlar reketliklə məşğuldu, Mətbuat Şurası da elə onları qara siyahıya salıb.  Bu səbəbdən Azərbaycandan o saytlara girməyə qadağa qoyulub.  Bu açıqlamanı dostlarıma görə verirəm. Narahat olmayın, o boş xəbərlərə də inanmayın”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli instaqram səhifəsində yazıb. Sənətçi bir neçə mediada yolların ona görə bağlanması, yol polislərinin müşayiəti ilə hərəkət etməsi barədə məlumatları təkzib edib:

“Guya, polis məni müşayiət edib, mənə görə yol bağlanıb? Başa düşmədim! Mən kiməm? Dövlət məmuruyam, nazirəm? Mənə görə yol niyə bağlanmalıdır? Mən Azərbaycan qanunlarına riayət edən bir vətəndaşam. Kimin nə həddinə ki, ölkə qanunlarını poza? Kimin nə həddinə ki, məni qanunu pozan biri kimi qələmə verə, mənə şər ata? Ay gözəl insanlar, tam dəqiqliyi ilə deyirəm ki, belə bir şey olmayıb!!! Siz hər ağıldankəmin xəbərinə inanırsınız?”.

Qeyd edək ki, Günayla bağlı BakıPost saytında belə bir xəbər yayılıb:

İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun “vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq “hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur. Axşam saatlarında bu yolu Dövlət Yol Polisi əməkdaşları izahatsız bağlayıblar. Sürücülər düşünüblər ki, yəqin, yüksək vəzifəli şəxslərə görə bu addım atılıb. Təxmini yarım saat istidə əziyyət çəkən sürücülər boş saxlanan yoldan şütüyən avtomobilləri gördükdən sonra isə sözün əsl mənasında şoka düşüblər. Şahidlərin sözlərinə görə əvvəlcə nömrə nişanı 010-la bitən “Lexsus” markalı mülki maşın, arxasınca isə ağ rəngli, dövlət nömrə nişanı 004-lə bitən “Porsche” markalı avtomobil keçib. Onları isə bir yol polisi avtomobili müşayiət edib.

Sürücülər yolu bağlayan yol polislərindən öyrəniblər ki, arxada gedən “Porsche” müğənni Günay İbrahimlinin avtomobilidir. Müğənniyə görə yolun niyə bağlanıldığına isə cavab ala bilməyiblər. Bircə o məlum olub ki, müğənni Sulutəpədə bir villada yaşayır.

Xatırladaq ki, Günay İbrahimlinin ağ “Porsche” alması ilə bağlı bir müddət əvvəl mətbatda yazılar dərc edilib. Onun əvvəlki “Range Rover” avtomobilini də “004” nömrə ilə sürdüyü bəllidir.