Загрузка...

Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sistemi yaradılacaq.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Beləliklə 2019-cu il yanvarın 1-dən Azərbaycan Respublikasının ərazisində istehsal olunan, yaxud ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, 2019-cu il martın 1-dən isə alkoqollu içkilərin və pivənin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi tətbiq olunacaq. Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, və İqtisadiyyat Nazirliyi müəyyənləşib.

Bununla əlaqədar 2019-cu il yanvarın 1-dək Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlanmalı olan mallara nəzarət markalarının tətbiqi, təqdim edilməsi, uçotunun aparılması və dövriyyəsinə nəzarət Qaydaları” təsdiq ediləcək, aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.