“Bizim azadlığımız hər üç işığı eyni vaxtda yanan svetoforu xatırladır”
(Mixail Jvanetski)
****
Ali Məhkəmə bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə baxdı və onu zindanda saxlamaq qərarını verdi. Hüseynov həbsinin 2 illik müddətini tam axıra qədər çəkməlidir, çünki bizim ölkədə ən ağır cinayətkarlardan biridir. Təsəvvür edin, hüquq-mühafizə orqanlarına böhtan atmışdır, demişdir məni idarədə incidiblər… Buyur, indi necədir, incidən-filan yoxdur ki? Hələ 2 il tamam olanda ağlı başına gəlməsə sroku artırmaq da olar. Odur, Əli İnsanov 10 il yatıb çıxmağa az qalmış nadzoru kəllə ilə vurub uçurtmamışdımı? Üstəlik, İnsanovun 70 yaşı var, Hüseynov isə cavandır. Yəni, buna lap nadzoru iki yerə bölmək, türmə rəisini partlatmaq, nə bilim, ictimai-siyasi sabitliyi kobud şəkildə pozaraq xarici düşmənlərin dəyirmanına su tökmək kimi xeyli maddə düzüb-qoşmaq olar. Nəticədə Hüseynov 29 il türmədə qalaraq bizim milli Nelson Mandelaya çevrilər. Hər şeyimiz var, çoxdandır milli dissidentimiz çatışmır.
Söz düşmüşkən, Mehman bəy azadlıqda olanda əsas fəaliyyəti ondan ibarət idi ki, hər yağış yağanda gedib rezin qayıqda Binəqədi yolunda üzürdü. Mən fikir vermişəm, bəy tutulandan bəri ötən 1 ildən çox müddətdə bizdə heç o cür güclü yağışlar yağmır. O cümlədən, Binəqədi yolu da yaxşıca təmir olunmuş, orada yağış kanalizasiyası, su boruları, yalan olmasın, meteorit yağışı üçün setka, nə bilim, vulkan püskürsə çətir və sairə zəruri vəsaitlər qurulmuşdur, vətəndaşların mədəni istirahəti, asudə vaxtdan səmərəli istifadəsi hər cür təşkil edilmişdir. Deməli əsas günahkar Mehman imiş. Onu tutmasalar, problem aradan qalxmazdı. Kim bilir, bəlkə də orada yağışı süni şəkildə artıran, bu yolla düşmən dəyirmanına su axıdan elə Hüseynovun özü imiş.
Bir də bunun (bir köhnə rəis demişkən, “bının”) əsas özfəaliyyət sferasına hansısa nazirin, məmurun, deputatın villasının şəklini, videosunu çəkib paylaşmaq daxil idi. Guya deputatlar və nazirlər küçədə yaşamalıymış, Xruşşovkada qalmalıymış, nə bilim, iş-güc dalıyca yelsəpetdə getməliymiş. Söz düşmüşkən, elənçik bir nazirimiz var idi təxminən, deyirdilər avtobusda işə gedir. Nəhayət bunu işdən çıxartdılar, bizim də canımız dincəldi. Harda görünüb canlı nazir avtobusa minib xalqın gözünə görünsün? Onda hökumətin mənası nə oldu? Biz Avropada yaşamırıq, bizim öz milli mentalitetimiz var. Millət hökuməti çox yaxından görsə ondan qorxmaz. Nə isə. İşdən çıxarılandan sonra hardasa oxudum, deyir o keçmiş nazir indi də evinə piyada gedirmiş. Ah-vah… Bir avtobus gedişi üçün 20 qəpik pul da yığa bilməyibdir.
Ancaq, əlbəttə, dəyərlərimizi yüksək tutan məmurlar hər zaman olubdur. Misal üçün, keçmiş sosial müdafiə naziri. Adamın idarədə işə düzəltdiyi qohumlarının sayı-hesabı yoxmuş. Az qala hər həftə görürsən xəbər lentində belə başlıq çıxdı: “Keçmiç nazirin qohumları da işdən qovuldu”. Elə 3-4 gün qabaqkı bir xəbərdən sitatı oxuyaq: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçmiş nazir Səlim Müslümovun bir neçə qohumunu işdən çıxarıb. Nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə bu gün vəzifəsindən çıxarılıb. Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir”.
Bəh-bəh… Şəbəkəyə fikir verdinizmi? Nazirliyi hərtərəfli ələ keçirmək budur. Dayının kürəkəni, bacının əri, əmi oğlu… Bütün nəsil, şəcərənin hər bir qolu sosial müdafiə olunaraq əməklə, iş yeriylə təmin edilibmiş. Bəs o zaman Səlim Müslümova kim pis nazir adı qoymuşdur? Bu ki lap yaxşı nazir imiş. Mehman Hüseynov azadlıqda olsa yəqin Müslümovdan da nəsə video hazırlayıb lüzumsuz tənqidlərə yol verərdi. Villasını, dayısının kürəkəninin bahalı maşınını çəkib yayardı. Ancaq gördüyünüz kimi, ədalət zəfər çalıb, həm nazir dincəlir, həm bloqçu. Siz də gedin dincəlin, əziz oxucular, bəsdir mənasız yazılar oxudunuz…