Загрузка...

Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abıyev bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradla bağlı fikirlərini bölüşüb.

A.Abıyev ölkə.az-a açıqlamasında bildirib ki, Azərbaycanın güclü ordusu var:

“Vətənini sevən hər bir azərbaycanlı bu gün keçirilən hərbi parada görə sevinir. Bugünki parad çox gözəl təşkil olunmuşdu. Bu paradla düşmənlərimiz gördü ki, Azərbaycan hansı gücə malikdir. Hər bir ölkə bunu bacarmır. Ancaq biz yaradırıq. Paradda təyyarəçilərimiz dünyaya “master-klass” keçdi.

Paradın ən yaxşı cəhətlərindən biri isə komandirlərinin adlarının çəkilməsi idi. Onların hamısı Azərbaycan övladları idi.
Türkiyədən gələn hərbiçilərin də hərbi paradda keçid etməsinin öz yeri var idi. Güc birlikdədir. Biz nə qədər ki, bir olacağıq, o qədər də güclü qalacağıq. Ancaq bizim bu birliyimiz bir millət, iki dövlət olaraq davam etməlidir”.

Deputat deyib ki, Azərbaycanın çox güclü Silahlı Qüvvələrə malik olması regionda sabitliyin qorunmasına təminatdır:

“Bütün növ hərbi qoşunlarımız var. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ qoşun növləri arasında heç bir fərq yoxdur. Bizim bütün qoşunlarımız müasir silahlarla təchiz olunub. ABŞ-da olan silahlardan bizdə də var. Bəzən kimlərsə Azərbaycan ordusunu ABŞ ordusundan zəif hesab edir. Ancaq onlar səhv edirlər. Mən onlara tövsiyə edirəm ki, gedib elektron sistemlərlə bağlı mütaliə etsinlər. Çünki ABŞ-da da, Azərbaycanda da elektron sistemlər eynidir.

Fikir versəniz görərdiniz ki, hərbi paradı izləyən xarici dövlətlərin hərbi ataşeləri ordumuzun keçidini videoya çəkirdilər. Təbii ki, onlar da Azərbaycanda olan müasir silahlarla maraqlanırlar. Azərbaycanın bu cür müasir silahları haradan alması onlara maraqlı idi. Hətta, bizdə elə silahlar var, həmin ölkələrdə yoxdur. Bizim Rusiyadan aldığımız elə silahlar var ki, bəlkə də ondan ABŞ və digər ölkələrdə yoxdur. Biz həmin silahları dünyaya göstərmirik, yalnız avara qonşularımıza nümayiş etdiririk. Bizim dünya ilə heç bir problemimiz yoxdur. Sadəcə özünü yaxşı aparmayan qonşularımız görsünlər ki, biz istənilən an onların təxribatına cavab verməyə qadirik”.