Загрузка...

Sosial şəbəkədəki tanışlıq real həyatda gerçəkləşdikdən sonra istintaq və məhkəmə salonlarına yol açıb. Virtual dostunun onu şantaj etdiyini deyən qadın “bandotdel”ə müraciət edib. Araşdırmalar zamanı isə məlum olub ki, əslində virtual dostu qıza verdiyi borcu ondan geri istəyib…

Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini, 27 yaşlı Elnur Əbilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Elnur Əbilov “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Ellada Qurbanovanın (ad və soyad dəyişdirilib – red.) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əbilova qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 178.1-ci maddələri ilə ittiham irəli sürülüb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

“İnstaqram” da tanışlıq, “Facebook”da yazışmalar, “WhatsApp”dakı əlaqələr

Təqsirləndirilən Elnur Əbilov ifadəsində Ellada Qurbanova ilə 2016-cı ilin yaz aylarında “İnstaqram”da tanış olduğunu, “Facebook”da əlaqə saxladıqlarını göstərib. Növbəti danışıqlar zamanı bir-birlərinə telefon nömrələrini veriblər, zəngləşib görüşüblər. Onların virtual tanışlıqları ilk dəfə “28 Mall” ticarət mərkəzində reallaşıb. Bu cür görüşlər bir neçə ay, təxminən noyabra qədər davam edib.

Noyabr ayında isə virtual dostlar bir az da “irəli gediblər”: “Evdə tək idim. Ellada bizə gəldi, ağlaya-ağlaya dedi ki, onu Elçin adlı bir nəfər narahat edir, pul istəyir, onunla yaxınlıq etməsini tələb edir, əks halda, atasınının maşınına narkotik atdırıb onu tutduracağı ilə hədələyir. Elçinin onu sakit buraxması üçün məndən 400 manat istədi, verdim”.

“Ellada mənə şantaj olunduğunu dedi”

Növbəti gün Ellada ilə kafelərin birində görüşüb söhbət edərkən qız Elçinin ondan əl çəkmədiyini bildirib. Söhbət əsnasında Elladanın telefonuna zəng gəlib. Zəng vuran şəxsin Elçin olduğunu deyən Ellada dəstəyi Elnura ötürüb:

“Elçinə Elladanın oğlanı olduğumu, bir daha onu narahat etməməsini dedim. Məni təhqir edib telefonu qapatdı. Onun nömrəsini Elladadan alıb təkrar zəng vuranda polis əməkdaşı olduğunu, Ellada ilə gəzdiyini, başıma oyun açacağını dedi”.

“Ona 1000 manatdan çox pul vermişdim”

E.Əbilovun ifadəsinə inansaq, Ellada Elçin tərəfindən şantaj olunduğunu bəhanə edərək bir neçə dəfə ondan pul istəyib. O, Elladaya ümumilikdə 1000 manatdan çox pul verib:

“Həmin ərəfədə təhsilimlə bağlı Ukraynaya getməli idim. Elladanın səmimiyyətinə inanıb təhsil haqqımın 450 manatını da ona verdim. Pulları bir aya qaytaracağını demişdi. Sonuncu dəfə Elladaya pul verəndə ona yeni mobil nömrə aldım. Təsəlli vermək üçün dedim ki, Elçinlə də danışmışam, bir daha səni narahat etməyəcək. Dekabr ayında təhsilimlə bağlı Ukraynaya getdim. Ellada ilə internetlə əlaqə saxlayırdıq. Pul lazım olduğundan 200 dollar düzəldib Ukraynaya göndərməsini xahiş etdim. Pulu Xarkovda “Privat Bank”dan götürə biləcəyimi desə də, həmin pul göndərilmədi. Bakıya qayıdandan sonra Elladadan ona verdiyim pulların heç olmasa yarısını qaytarmasını xahiş etdim. O, isə pulu olmadığını söylədi”.

“Gülə-gülə dedi ki, borcunu qaytarmayacağam”

Növbəti dəfə borcunu geri istəyən E.Əbilov Elladaya zəng vurub: “Mənə gülə-gülə dedi ki, sənin pulunu qaytarmayacağam. Elçinin üstünə səni tapdım, sənin üstünə də bir polis tapıb deyəcəyəm ki, məndən pul istəyirsən”. Zənglərimə də cavab vermədi. Əsəbləşib “WhatsApp”da ona “gətir, mənim pulumu ver, əks halda, atanla görüşüb səninlə birgə qucaqlaşdığımız şəkli göstərib deyəcəyəm ki, yaxınlığımız olub, məndən aldığı pulu qaytarmır” tipli mesaj yazdım.

Bu yazışmadan sonra poçtla 150 manat göndərdi. Məndən aldığı 1050 manatdan cəmi 600 manatı qaytarmışdı. Qardaşımın uşağı anadan olmuşdu, uşaq xəstə doğulmuşdu. Yaşayıb-yaşamayacağı sual altında idi. Ona dedim ki, əgər uşaq sağ qalsa daha səndən pul istəməyəcəyəm. Uşaq sağalandan sonra Elladaya səsli mesaj göndərdim ki, sənin daha mənə borcun yoxdur, xoşbəxt ol, özündən muğayat ol. Daha onunla əlaqə saxlamadım. Sonradan eşitdim ki, polisə şikayət edib, guya ondan pul tələb etmişəm. Belə bir hal olmayıb. Mən ondan öz pulumu istəmişəm”.

“Adıma saxta profil açılmışdı”

Zərərçəkmiş şəxs qismində dindirilən Ellada Qurbanova ifadəsində Elçin adlı şəxslə “İnstaqram”da tanış olduğunu, bir-birləri ilə zəngləşib danışdıqlarını, 2016-cı ildə “İnstaqram”da adına saxta profil yaradıldığını göstərib:

“Profilin kim tərəfidən yaradılmasını öyrənmək üçün Elçinə müraciət etdim. Qohumlarının polisdə işlədiyini, əlaqəsinin geniş olduğunu demişdi. Elçin hər gün zəng vurur, ailə qurmaq istədiyini deyirdi. Ona rədd cavabı verdim. O isə polisdə işləyən qohumları vasitəsilə atamı tutduracağını deyirdi”.

“Yazışma zamanı çılpaq şəkillər göndərməyimi istəyirdi”

E.Qurbanova ifadəsində göstərib ki, həmin ərəfələrdə tanışı Elnur ona “WhatsApp”da mesaj yazıb. Ona Elçin tərəfindən narahat edildiyini bildirib:

“Elnur məsələni həll edəcəyini, bunun üçün görüşmək lazım olduğunu, yaşadığı evə gəlməyimi söylədi, getdim. Bu məsələni həll etmək, sevgili olduğumuzu sübut etmək məqsədilə qucaqlaşıb şəkli çəkdirmək, Elçinə göstərmək lazım olduğunu bildirdi. Mən də inanıb çəkdirdim. Sonradan problemi həll etdiyinə görə məndən 200 manat istədi. Həmin pulu ona verdim. Sonra bildim ki, heç Elçinlə görüşməyiblər də. Yazışma zamanı çılpaq şəkillər göndərməyimi istədi. Etiraz etdikdə qucaqlaşıb çəkdirdiyimiz şəkli atama və qohumlarıma göstərib məni rüsvay edəcəyini dedi. Ondan bunu etməməsini xahiş etdim. Elnur Ukraynada olduğunu, şəkli yaymamaq üçün məndən 100 dollar tələb etdi. Məcbur olub göndərdim”.

“Deyirdi ki, şəklini saxlayıb nişanlına göstərəcəyəm”

Pulu alandan sonra Elnur ona şəkli telefonundan sildiyini, artıq onunla işi olmadığını deyərək xoşbəxtlik arzulayıb. Onun sözlərinə inanmayan Ellada bir müddət sonra tam əmin olmaq üçün yenidən mesaj yazaraq şəkli silb-silmədiyini soruşub. Aldığı cavab Elladanı şoka salıb:

“Cavabında mənə “nə silmək? O şəkli saxlayıb nişanlına göstərəcəyəm” dedi. Tələb etdi ki, hər ay ona 150 manat pul, yaşamaq üçün də bir qız təşkil edim. Razılaşmadıqda şəklimi yayacağını dedi. Məcbur olub hər ay ona 150 manat ödəməyə razılaşdım. Onun əl çəkmədiyini görüb polisə müraciət etmək məcburiyyətində qaldım”.

Məhkəmənin hökmü ilə Elnur Əbilovun ittiham olunduğu Cinayət Məcəlləsinin 182.2-ci maddəsi öz təsdiqini tapmadığından onun əməli həmin Məcəllənin 322.2-ci (özbaşınalıq) maddəsinə tövsif olunub. Məhkəmə tərəfindən E.Əbilova 10 ay 25 gün cəza təyin edilib. Barəsindəki seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə elan olunmuş epizod üzrə isə cinayət əməlinə xitam verilib.