Avropa Birliyinə üzv olan ölkə diktatorluğa yuvarlanır
Macarıstan parlamenti ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini faktiki olaraq dayandıracaq yeni qanun paketini qəbul edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyət nümayəndələri bu qanunları “Macarsıtanın müdafiəsi üçün fəaliyyət planı” adlandırıblar. Sənəd özü “Stop Soros” adı ilə daha çox məşhurdur. Belə ki, qanunların əsl hədəfi məhz macar əsilli milyarder Corc Soros və onun “Açıq cəmiyyət institutu” olub.
Macarıstanda aprel ayında keçirilən parlament seçkilərindən sonra toplaşan qanunverici orqanın gündəliyində iki məsələ olub. Bunlardan biri baş nazir Viktor Orbanın yeni kabinetinin təsdiqi, ikincisi isə “Stop Soros” qanunlarını qəbulu olub.
Qanunla əlaqədar hətta ölkə konstitusiyasında dəyişiklik edilib. Belə ki, ölkənin əsas qanununa “əcnəbi xalqların Macarıstanda yerləşməsini qadağan edən”, həmçinin “dövlət orqanlarını xristian mədəniyyətini qorumaqla mükəlləfləndirən” müddəalar əlavə edilib. Bundan baqşa, yığıncaq azadlığı məhdudlaşdırılır və parlamentin icazəsi olmadan hansısa şəxsin siyasi sığınacaq alması yasaqlanır. Bu dəyişikliklərə 159 deputat səs verib.
Həmçinin 160 deputatın dəstəyi ilə “Soros qanunları” deyilən aktlar qəbul edilib. Buna görə, ölkədə qeyri-leqal miqrasiyanı dəstəkləyən qeyri-hökumət təşkilatlarının fəaliyyəti qadağan olunacaq.
Yuxarıda bəhs olunduğu kimi, macar hökuməti bunu “Macarıstanın müdafiəsi üzrə tədbirlər planı” olaraq təqdim edir. Siyasi ekspertlər son seçkilərdən sonra, belə qanunların qəbulunun gözlənilən olduğunu söyləyirlər.
Belə ki, hakimiyyətdəki Fides partiyası 134 yerə sahibdir. Onu radikal “Yobbik” fraksiyası dəstəkləyir. Ana müxalifət Sosialist partiyası isə etiraz əlaməti olaraq və qanunların əsas insan hüquq və azadlıqlarına zidd olduğunu göstərərək ümumiyyətlə səsvermədə iştirak etməyiblər.
Musavat.com