Загрузка...

Ermənistanda generalların sayına və rütbələrin təqdim edilməsi kriterilərinə yenidən baxılmalıdır.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının keçmiş komandanı, general-mayor Levon Stepanyan deyib.

Onun sözlərinə görə, Ermənistanda general rütbəsi lap əvvəldən ləkələnib.

“Yalnız hərbi təlim üçün 8-10 il vaxt tələb olunur, hələ mən orduda xidməti demirəm. Hərbçi hərbi məktəbdən ali rəhbərliyə qədər yol keçməlidir… Bu proses ən azı 18 ilə yaxın vaxt aparır”, – Stepanyan deyib.

Onun sözlərinə görə, bu rütbə Ermənistanda hansısa xidmətlərə görə hədiyyəyə çevrilib. Bu məsələdə hərbi kadrlarla səhra komandirləri arasında həmişə mübahisələr olub. Stepanyan bildirir ki, bir sıra generalın rütbəni siyasi oyunlara görə aldığı sirr deyil.

“Məsələn, seçkiləri saxtalaşdırdıqlarına, səs gətirdiklərinə görə. Bu sirr deyil”, – o əlavə edib.

Stepanyan xatırladıb ki, Qarabağın “müdafiə ordusu”nun keçmiş komandanı Samvel Babayanın belə generalları kolxoz sədrlərinə bənzətməsi yanlış fikirdir. Onun sözlərinə görə, kolxoz sədrləri barədə daha yaxşı fikirdədir.

“Ermənistanda general tanıyıram ki, rütbəni şöhrətpərəstlik üzündən alıb, eləsi də var ki, heç hərbi salam verə bilmir. Hətta general var ki, Ararat dağının Ermənistan ərazisində olmadığını bilmir”, – Stepanyan deyib.

O ki qaldı həbs edilmiş general Manvel Qriqoryana, Stepanyan burada qəribə bir şey görmür. Onun fikrincə, bunu hamı bilirdi.