“Əgər biz gedib görək ki, məsələn, övrətimiz əlinə bir yekə dəyənək alıb öz anasını döyür – biz övrətə heç bir söz demərik. Halbuki ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. Amma əgər biz övrətimizi küçədə üzüaçıq görsək, vurub öldürərik”.
(Mirzə Cəlil, “Molla Nəsrəddin” jurnalı, 1907-ci il)
Bir nəfər gənc vardır, vaxtilə bizdə Avropaya inteqrasiya-zad işlərinə baxırdı, indi hökumət bunu tutub zindana salıbdır. Deyirlər sərhədimizi qanunsuz yolla keçib qaçmaq istəyirmiş. Keçən il isə başqa bir nəfəri sərhədimizi o üzdən qanunsuz keçməyə cəhd maddəsiylə tutdular. Görün necə maraqlı ölkədir. Bunu həm tərk eləmək cinayət sayılır, həm buna girmək. O daş haqda məsəldəki kimi: götürən də peşmandır, götürməyən də. Daşın harada yerləşdiyini yazmıram, bilənlər bilməyənlərə desinlər.
İstəsən buna “Azərbaycan paradoksu” adı verib fəlsəfə kitablarına salmaq olar. Qədim yunanlarda belənçik söhbətlər olmuşdur. Misal üçün, Axilles və tısbağa haqda olan paradoks yadıma gəlir. Zenon adında bekar bir kişi olub, bunu uydurubdur. Deyir guya Axilles tısbağaya heç vaxt çata bilməz, çünki Axilles hər dəfə 100 metr gedəndə tısbağa da 10 metr gedir. Guya beləcə ara məsafəsi qorunur. Əslində tamam cəfəngiyyat fikirdir, Hüseyn Boltu gətir, lap maşını ötsün. Adam 100 metri 9 saniyəyə qaçmışdı. Yəni elementar olaraq hər 10 metrdən bir dəfə ayağını yerə vurduğunu zənn eləsək (bunu 1 saniyə sayaq) Hüseyn müəllim faktiki qaçmayıb, uçubdur. Bakı-Qazax qatarı axşam saat 10-11-də çıxıb səhər saat 9-da məkana çatırsa, bunun sürəti hardasa saatda 40-50 kilometr eləyir. Hüseyn Boltun 100 metrədə sürəti isə arada saatda 44 kilometrə qalxmışdır. Deməli Bolt istəsə Qazax qatarından bərk gedər. Buna görə biz hökumətə minnətdarıq, ümid edirik gələn yüzillikdə rayonlarımıza sürət qatarları olacaqdır.
Çünki sürət əsrində bunlar zəruri şeylərdir. Özünüz baxın, bütün sivil dünya xalqları artıq lütləniblər, təzədən geyinirlər, biz müsəlmanlar isə hələ də geyinməyin qaydalarını müzakirə eləyirik. Vaxtaşırı görürsən bir əlixınalı, başıörpəkli, yeddiqat tumanlı ağbirçək nənə, ağzıdualı, əlitəsbehli, qulağının dibindən bozbaş iyi gələn müdrik el ağsaqqalı hansısa cavan qız uşağını, ya da oğlanı tutub it sürütməsi eləyir, deyir nə üçün şortik geymisiniz, niyə baldırınız çöldədir, ölün yerə girin, sizin yiyəniz yoxdurmu və sairə. Son günlər yenə bu tema aktual olmuşdur, hansısa metroda şortik (lənət şeytana, artıq ikinci dəfə idi bu sözü səhvən “çortik” yazırdım; məncə bu “ç” və “ş” hərflərinin klaviaturada yanaşı olmasına görə yox, mistik səbəbdəndir – göylər mənim bu temaya qarışmağımı istəmirdi) geyinmiş bir qızı parçalayıb qatarın altına atıblar. Qızın şortikini üsyan bayrağı eləyərək milli qeyrətimizə, mentalitetimizə abidə qoymuşlar. Azyaşlıları zorlayanlar o bayrağın altında and içib mentalitet cəbhəsinə yollanırlar.
Bəs nə etməli? Məncə həmişəki kimi hökumət qərarı olmalıdır. Dövlət özü şortik işinə qanun qoymasa heç zad düzəlməyəcəkdir, daima qan su yerinə axacaqdır. Yadınıza salın, yas yerlərindəki qonaqlığa hökumət son qoymadımı? Bu arada bir haşiyə çıxım. Şəxsən mən hər dəfə elə düşünürəm ki, artıq bütün millətə uniformalar verilibdir, tam formalaşaraq dövlətçilik mərhələsinə tullanmışıq. Ancaq yenə bir şortik qalmaqalı qopur, görürəm yanılmışam. Deməli hamını hərbi-polis sisteminə düzəltmək hələ başa çatmayıbdır. İnşallah. Ümidsiz şeytandır.
Hesab edirəm hökumət deputatxanada xüsusi qanun qayırmalı, orada şortikin baldırın hansı nöqtəsinə qədər uzanması, göbəyi hara qədər açıq qoymaq olar, qoltuğun altını açmaq zəruridirmi, şalvar belindən düşürsə və onu əlinlə saxlamısansa icra hakiminin çıxışlarına əl çalmalısanmı və sairə və ilaxır detallar tənzimlənməlidir. Bunların hamısını sistemli şəkildə “Şortik məcəlləsi”ndə toplamaq olar. Zarafat gəlməsin, keçən əsrin əvvəlində ABŞ-da xüsusi polis olub, plyajları gəzib xətkeşlə, arşınla qadınların tumanının uzunluğunu ölçürmüş, qısa olsa cərimə yazırmış. Belə proseslərdən hamı keçibdir. Utanmaq lazım deyil. Hətta bəzi qəbilələr lüt arvad tutanda bişirib yeyiblər.