Загрузка...

Ermənistanın baş naziri Nikol Paşinyan seçki islahatları komissiyası yaradıb. Novator.az-ın məlumatına görə, baş nazirin 20 iyun əmri ilə yaradılmış komissiya Seçki Məcəlləsinə dəyişikliklər konsepsiyası hazırlayıb ictimai müzakirəyə təqdim etməlidir.

Baş nazirin birinci müavininin rəhbərlik etdiyi komissiyaya ədliyyə naziri, Polis rəisinin müavini, Mərkəzi Seçki Komissiyasının sədri, ictimai təşkilatların nümayəndələri, seçki hüququ üzrə ekspertlər daxildir.

Nikol Paşinyan bu il mayın 8-dən baş nazir postunu tutur. O, hakimiyyətə xalq hərəkatı dalğasında gəlib. Baş nazir postuna oturandan sonra Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanda növbədənkənar parlament seçkisinə ehtiyac var, ancaq bunun üçün əvvəlcə seçki qanunvericiliyi dəyişməlidir.

İndiki parlament ötən il aprelin 2-də beş il müddətinə seçilib. O vaxt prezident postunu tutan Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb.

Sarukyan bloku parlamentə 31, “Çıxış” bloku 9 mandatla düşüb.

Bu il aprelin 9-da Serj Sərkisyanın prezidentlik müddəti başa çatıb. Aprelin 17-də o, baş nazir kürsüsünə keçib. Ancaq “Çıxış” blokunun liderlərindən olan Nikol Paşinyanın çağırışı ilə vüsət alan etiraz hərəkatı Serj Sərkisyanın istefasına, Nikol Paşinyanın baş nazir kürsüsünə oturmasına gətirib.