Lənkəran rayonunun ucqar Gəgiran kənd məktəbində dərs deyən Həbib Əlizadə sosial şəbəkədəki aktiv fəaliyyəti ilə qısa müddətdə məşhurlaşıb.
Həbib müəllimi “məktəbə 6-7 saat yol gedən müəllim”, “velosipedlə uşaqlara kitab paylayan müəllim”, “replə dərs deyən müəllim” kimi təqdimatlarda tanımışıq. Əslində, bu təqdimatlar Əlizadənin fəaliyyətinin əsasını təşkil edir.
Astaranın Şüvi kəndində yaşayan Həbib müəllim dərsi olan günlər Lənkəranın Gəgiran kəndinə gəlmək üçün bəzən 6-7 saat zaman sərf edib, saatlarla yolda maşın gözləməli olub. Amma bu çətinliklər, onu müəllimlik peşəsindən uzaqlaşdırmayıb.
Həbib Əlizadə fərqli metodlarla tarix dərsini şagirdlərinə sevdirməyə çalışır. Debatlar edir, müzakirələr aparır, hətta dərsində xronologiyanı rep halına salaraq şagirdlərə öyrədir:
“Tarix dərsi yorucu dərsdir. Hər kəs öyrənməyə həvəsli olmur, xüsusən də xronologiyanı. Mən də düşündüm ki, belə bir üsulla şagirdlərimə tarixi öyrədim. Həm əyləncəli olar, həm də yorulmazlar. Dərslərimdə debatlar təşkil edirəm. Məsələn, Şah İsmayılın hakimiyyəti dövrünü müzakirəyə qoyuram ki, şagirdlərim həmin dövrü təhlil etsinlər, öz fikirlərini desinlər. Bir şagirdim tutalım deyir ki, mən Şah İsmayılın hakimiyyəti dövrünü bəyənmirəm. Niyə bəyənmirsən? Onu əsaslandırmağını istəyirəm. Beləliklə, müzakirə yaranır. Bu şagirdlərin öz fikirləri olmağına, fikirlərini sərbəst şəkildə ifadə etmələrinə, özgüvənlərinin artmağına çox kömək edir. Bilirsiniz, bizdə ailələrin əksəriyyəti uşaqları dinləmir, onların fikrini soruşmur. Bu da uşaqların kompleksli böyüməyinə səbəb olur. Mən istəmirəm gənclərimiz çəkingən, qorxaq, cəsarətsiz olsun. İmkanım daxilində bu istiqamətdə onlara faydalı olmağa çalışıram”.
O, həmkarlarını bu kimi müsbət nümunələr yaratmağa və bunu ictimailəşdirərək daha çox insana çatdırmağa səslədi:
“Mən bütün həmkarlarımdan xahiş edirəm, gəlin birlikdə cəmiyyətimiz üçün müsbət nümunələr yaradaq. Yeniliklər gətirək, standardlardan qaçaq. Gördüyümüz işləri, etdiyimiz yenilikləri çəkib sosial şəbəkələrdə paylaşaq. Bizim cəmiyyətimizin belə nümunələrə çox ehtiyacı var. Mən həmçinin siravi vətəndaşlardan da təhsil mövzusunda müəllimlərə dəstək olmalarını, müsbət rəylər yazaraq onları motive etmələrini xahiş edirəm. İnsan nə qədər təqdir olunsa da, özünü bir o qədər faydalı hiss edər. Əksi olduqda isə özünü dəyərsiz hiss edəcək”.
Primetime.az saytına istinadən Həbib müəllimlə videomüsahibəni sizlərə təqdim edirik: