Загрузка...

Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının başlamasından 6 gün ötür. Bu günlər ərzində qrup oyunlarında qeydə alınan bir sıra nəticələr yarışa olan marağı getdikcə artırır.

Xüsusilə, ilk oyunda çempionatın favoritlərindən sayılan Almaniyanın Mərakeşə minimal hesabla uduzması, Brazilyanın İsveçrə ilə heç-heçə qalması, Tunisin məğlub olmasına baxmayaraq İngiltərə qarşısında nümayiş etdirdiyi oyun yarışmanın tempini durmadan yüksəldir.

 

Futbolla yaxından maraqlanan tanınmışların bu çempionatla bağlı düşüncələrini aldıq.

 

 

Fazil Mustafa: “Üç komanda xüsusi diqqətimi cəlb etdi”

Dünya Çempionatı barədə tanınmışların proqnozları...

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa tamaşaçı kimi möhtəşəm oyunlar izlədiyini bildirdi: “Açığı deyim ki, gözləntilərimdən fərqli olaraq Afrika komandaları yüksək performans göstərə bilmədilər. Amma oyun olaraq Tunisin göstərdiyi oyun möhtəşəm idi. Sırf İspaniya futbolu stilində oynayan bir komanda ilə oynayırdı. Olduqca texnikalı millidir. Uduzmuş olsalar belə Tunis məqsədyönlü oyun  göstərə biləcək bir komanda ortaya çıxdı. Qalan komandalarla bağlı ilk oyundan hansının perfomansının necə olduğunu söyləmək olmur. Əslində Dünya Çempionatı bunu göstərib. 1982-ci ilin İtaliyası ilk oyunda heç-heçə edərək, ən zəif oyun göstərmişdi. Amma sonlara yaxın çempionluğu gözəl oyunda qazandı. Bu baxımdan indidən qərar vermək olmaz. Möhtəşəm komandalardan biri də Almaniyadır. Meksika uduzmasına baxmayaraq “alman maşını”nın sistemi pozulmayıb. İstənilən vaxt o “maşın” hərəkətə gələ bilər. Hər halda üç komanda xüsusi diqqətimi cəlb etdi. Bunlar Almaniya, İspaniya və Belçikadır. Baxmayaraq ki, ilk turda uğurlu olmayan nəticələr göstərdilər. Amma komanda olaraq sistem çox önəm daşıyır. Məsələn, Portuqaliya güclü komandadır, amma Ronaldonu oyunçular ya anlaya, ya da onu doğru yönləndirə bilmirlər. Ronaldo ilə ilk oyunda nələrsə etmək olur, amma həmişə onun gücü ilə nəyisə dəyişmək mümkün olmayacaq. Ona görə sistem komandalarının uğur qazanmalarına ümid bəsləmək olar”.

Dünya Çempionatı barədə tanınmışların proqnozları...

Tural Abbaslı: “Oyunlar gözləndiyi qədər də maraqlı olmur”

AĞ Partiya başqanı Tural Abbaslı Almaniyanın uduzmasına təəssüfləndiyini qeyd etdi: “Bütün oyunlara baxmağa nə vaxtım olur, nə də həvəsim. Ancaq, maraqlı olacağını düşündüyüm bütün oyunlara demək olar ki baxıram. Hələ çempionatın əvvəlidir deyə ola bilsin oyunlar gözləndiyi qədər də maraqlı olmur. Burada komandaların ehtiyatlılığı və ilk oyunun yaratdığı həyəcanın rol oynadığını düşünürəm. Bu demək deyil ki, bütün qarşılaşmalar maraqsız keçir. Bu günə qədər ən maraqlı hesab etdiyim oyunlar İspaniya-Portuqaliya, Almaniya-Meksika, İngiltərə-Tunis və bu kimi bir neçə oyunlardır. Təəssüflə qeyd edim ki, çempionatın favoriti hesab etdiyim Almaniya ilk oyunda məğlub oldu. Ümid edirəm turnir irəlilədikcə oyunlar daha maraqlı və daha baxımlı olacaq. İstənilən halda unudulmamalıdır ki, bu bir idman turniridir və nəticədən asılı olmayaraq bu turnirdən hər kəs zövq almalıdır. Bütün komandalara uğurlar və gözəl oyunlar arzulayıram”.

Dünya Çempionatı barədə tanınmışların proqnozları...

Əli Əliyev: “Oyunlara dünya qumar şəbəkəsinin müdaxiləsi şəksizdir”

VİP sədri Əli Əliyev qarşıdakı oyunlarda daha maraqlı nəticələrin olacağına inanır: “Təəssüflə qeyd etməliyəm ki, Almaniya, Argentina kimi nəhənglər öz oyunlarını oynamadılar. Bu oyunlara dünya qumar şəbəkəsinin müdaxiləsi şəksizdir. Unutmayaq ki, FİFA prezidenti Blatter və UEFA prezidenti Platini belə qalmaqallı hadisələr səbəbindən istefa veriblər. Yəqin ki, bir müddətdən sonra bu oyunlar haqda mətbuat yazacaq. Lakin İspaniya-Portuqaliya oyunu futbol adına gözəl tamaşa idi. Oyun dinamik və baxımlı keçdi. Yəqin ki, qarşıda prinsipial oyunları görəcəyik”.

Dünya Çempionatı barədə tanınmışların proqnozları...

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, Almaniya Meksika matçı qiymətli oyun oldu: “Hələ ki nəhənglər rus havasına uyğunlaşmırlar. Bir neçə güclü komanda heç 4/1-ə çıxa bilməyəcək. Amma qrup mərhələsi bitəndən sonra dünya gözəl futbol oyunlarını izləyəcək. Meksika sürpriz olsa da zəifləyəcək. Latın Amerika futbol komandasından biri finalın üzvü ola bilər. Bu Argentinadir. Almanlardan qisas almaq üçün Maradonanın yerliləri döyüşəcəklər”.

Dünya Çempionatı barədə tanınmışların proqnozları...

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli çempionatın sürprizlərlə keçdiyini vurğuladı: “Bu günə qədərki oyunlardan İspaniya-Portuqaliya maçını bəyənmişəm. Ümumən bu çempionat sürprizlərlə keçir. Çətin görünsə də, sırf Messiyə görə Argentinanın dünya çempionu olmasını istəyirəm. Lakin dediyim kimi, bu, çox çətin görünür”.

“Yeni Müsavat”