“Həyat bizonun qışdakı nəfəsinə oxşayır”
(Hindu ata sözü)
Cənub Qaz Dəhlizi açılan kimi Binəqədinin qazı kəsildi. Bəlkə də bizim qazı TANAP projesinə vurub, Avropaya yola salıblar. Axı bizdə adətən belə olur. Görürsən hansısa rayona qaz verilməsi münasibətilə mərasim keçirilir, lakin simvolik məşələ qazı balonla gətiriblər. Yeri gəlmişkən, bizdə demək olar bütün abidələrin qabağındakı əbədi xatirə məşəllərinin alovu yanmır. Bəs onları niyə qoyublar? Saxtakarlıq üçünmü? Yadıma gəlir, bir dəfə qaz idarəsi hətta Suraxanıdakı Atəşgahın qazını kəsmişdi – borca görə! Nə olsun, atəşpərəstsən, zəhmət çək yandırdığın qazın pulunu ödə. Bizdə yalnız erməni kilsələri pulsuz qaz almaq hüququna malikdir, çünki soyuq, yazıq, əzabkeş dini təriqətdir. Nəsə, çox qazı basıb uzaq getməyək, yanarıq.
Yeganə sevindirici cəhət odur ki, Bakının 4 rayonunda qaz kəsilmişdi. Elnən gələn dərd-bəla toy-bayram olar. Qayınana bicdir, kündəni sayır, gəlin bicdir – kündədən kəsir. (Deyəsən axırıncı ata sözünün temamıza heç bir dəxli yox idi, ancaq siz fikir verməyin – qarışıq zəmanədir). Doğrudan da əgər sən Nəsimi rayonundan baxıb Yasamalda qazın gəldiyini görsən adamın ürəyi partlayır. Elə biz 6-7 rayonun işğalına niyə səbirlə, mətanətlə dözürük? Çünki çoxdur. Bir-iki rayon alınsa pis olardıq. Bu baxımdan, çalışmalıyıq dərd-bəla bizə həmişə geniş planda, elliklə, respublika əhəmiyyətli hadisə kimi gəlsin.
Təhsil haqda qanuna dünən edilən dəyişikliyi də biz buna görə toy-bayramla qarşıladıq. İndən belə olimpiadalarda yer tutanları universitetlərə imtahansız dürtüşdürmək sərbəstdir. Pulunu ver, medalını al, qəbula girmədən tələbə ol. Nə gözəl üsuldur… Yoxsa pullu insanlarımız çətinlik çəkirdilər. Uşağı Dağıstanda Beynəlxalq Aul Akademiyasına yazdır, sonra ordan Bakıdakı Həsənsoxdu Dəyirmanı Universitetinin (HDU) yurfakına perevod elətdir… Ən pisi isə bəzən bu imkanlı uşaqlar hansısa yoluq kəndlinin balası ilə birgə, eyni zalda (!!!) imtahan verməli olurdular, tərləyirdilər, havasızlıqdan əziyyət çəkirdilər, ürəkləri bulanır, imtahan nəzarətçilərinin çirkli ayaqqabılarının üstünə qusurdular.
Ancaq tək olimpiada bəs eləyəcəkmi? Ayrı üsulları da tətbiq eləyib bu murdar test üsulunun tabutuna son mıxları şappıldatmalıyıq. Misal üçün, elə aktual olaraq Cənub Qaz Dəhlizinin çəkilməsində əməyi olan şəxslərin uşaqlarını konservatoriyaya imtahansız qəbul edə bilmərikmi? Oxusunlar, qulaq asaq. Məncə yaxşı səsləri olmalıdır. Yaxud, uşaq vaxtı qızılca keçirdənləri, sol qulağında xalı olanları, kor bağırsağını kəsdirməyə hazırlaşanları, itdən qorxanları, pişikdən küsənləri, qonşudan bezənləri və sairə və ilaxır kateqoriyadan olanları universitetlərə imtahansız qəbul eləsək, bundan təhsil sistemimiz böyük gəlir əldə edər. Həm maddi, həm mənəvi gəlirdən söhbət gedir. Misir müəllimin Bolonya göylərində uçan ruhu da şad olar, çünki bu sistemin kök atmasında rəhmətliyin əvəzsiz rolunu qeyd etməyə borcluyuq. Unutsaq, unudularıq. Yaşamaq yanmaqdır, qaz gəlsin gərək. Non scholae sed vitae discimus – latın ata sözüdür, deyir biz məktəb üçün yox, həyat üçün oxuyub öyrənirik.
Sonda bir hadisəyə münasibətimizi də bildirək, bu da elə elnən gələn bəladır. Bir jurnalist bir generala zəng vurub nəyəsə münasibət öyrənsin, general isə jurnalistin var-yoxunu, nəslini pis formada söymüşdür. İndi Mətbuat Şurası-filan bunu pisləyir, deyirlər general niyə jurnalistlərin var-yoxunu söyməlidir, bizdə belə praktika yoxdur. (Həqiqətən, tut bas içəri da bə. Nöşün söyürsən ki, bu da səsini yazsın, zibili çıxsın?). Ancaq fikrimcə burada generalın iş yerinə diqqət kəsilməliyik, çünki zati-aliləri polisdə pasport, qeydiyyat işləri idarəsinin müdiri imiş. Yəni, zəhmətkeşlərimizin, o cümlədən jurnalistlərin var-yoxu, nəsli haqda bütün məlumatlar elə hörmətli generalın bilavasitə əlinin altındadır. Bir növ, onda bu var-yoxa doğma münasibət yaranmışdır, hər gün o şəxslərin kağız-kuğuzları, bioqrafiyaları, sənədləri ilə söhbətləşir axı. Gəlin onu qınamayaq. Jurnalisti tək söysə qınayardıq. Belədə elliklə, nəsilliklə gələn söyüşdür, bayram edək.
Lap sonda bağça müəllimələrinə nifrətimi bir daha bəyan edirəm.