Qarabağ müharibəsində “qalib” ermənilərin məğlub, miskin durumu barədə artıq bütün dünya bilir. Dünyaya blokadadan car çəkən də yenə “qalib” Ermənistandır, Azərbaycan yox. Buna çox vaxt “Pirr qələbəsi” deyirlər.
Allah kəssin elə qələbəni ki, o sənin millətinə yalnızca məhrumiyyətlər gətirir. Bədbəxt erməni. Müharibədə “qalib” deyil, məğlub olsaydı, indi qat-qat yaxşı, rifah içində yaşayırdı.
“Nə oldu, deyirdiniz ki, azərbaycanlılar bizi yaşamağa qoymur. Bəs indi niyə kütləvi şəkildə çıxıb gedirsiniz?” Bu sözlər Kanadada yaşayan erməni yazıçı-publisist Vaaqn Karapetyanın bu günlərdə öz soydaşlarına ünvanlandığı video-müraciətdəndir.
Erməni publisist bir daha öz xalqının gözünü açmağa, ona reallıqları göstərməyə çalışıb. Ermənistan və Qarabağ ermənilərinin 30 ildir bir qrup avantüristin girovu olduğunu deyib. Azərbaycan ərazisinə girməyin səhv olduğunu söyləyib.
“Ermənilər elə bilir ki, Qarabağ de-fakto onlarındır. Amma yanılırlar. Qarabağ de-fakto Rusiyanındır, rusun tələyə qoyduğu pendirdir”. Bunu da o deyib. Sonda isə nə qədər gec deyil, öz millətini etdiyi səhvi düzəltməyə, Azərbaycanla barışığa çağırıb, arzu edib ki, Azərbaycan, Gürcüstan və Ermənistan öz potensialını birləşdirsin, üç xalq vahid “beyin mərkəzi” yaratsın və Cənubi Qafqaz Yer üzündə cənnətə çevrilsin.
Düz sözə nə deyəsən? Zatən, üç ölkədən ikisi – Azərbaycan və Gürcüstan on illərdir əməkdaşlıq, dostluq, barış və iş birliyi içindədir. Elə bu gün qardaş Türkiyədə, Əskişəhərdə üç ölkə liderlərinin iştirakı ilə Ermənistandan yan keçəcək Cənub Qaz Dəhlizinin ikinci mühüm hissəsi – TANAP-ın təntənəli açılış mərasimi olacaq. Bu törənə Ermənistan rəhbəri də qatıla, qaz kəməri Ermənistan ərazisindən də keçə bilərdi. Eləcə də ondan yan ötən digər iri, strateji əhəmiyyətli neft-qaz, dəmiryol xətləri.
Ermənistan guya Dağlıq Qarabağı qazanmaqla görün nələri itirib – kasad büdcəsinə girəcək milyardları, öz xalqının rifahını və mütluluğunu, təhlükəsizlik içində yaşam şansını, bütövlükdə gələcəyini! Bunlar – bir toplum üçün, onun varlığı üçün hər şeydir. Bunu hamıdan yaxşı Karapetyan kimi erməni aydınları anlayır. O üzdən erməni yazıçı haqlı olaraq, Qarabağ avantürasına görə məhz öz xalqını suçlu sayır, səhvi də öncə onun düzəltməli olduğunu deyir.
Əfsus ki, belə erməni aydınları azdır. Yaxud kifayət qədər olsa da, səslərini çıxarmağa qorxurlar. Çünki gerçəyi deyən soydaşlarını əksəriyyət satqın, “türkləşmiş erməni” adlandırıb damğalayır, terrorla, ölümlə hədələyir. Keşkə, ermənilərin hamısı beləcə “türkləşəydi”. Onda özləri də xilas olar, böyük bir region isə daha rahat nəfəs alardı…
Nəqliyyat, kommunikasiya arteriyaları, neft-qaz kəmərləri istənilən bölgənin “qan damarları”, “kapillyarları” sayılır. Onlarsız heç bir müasir ölkənin iqtisadi həyatı, ayaqda durması mümkün deyil. Ermənistan isə öz günahı üzündən on illərdir böyük “qan dövranı”dan kənarda qalıb, qansızlaşıb. Qan işləməyən, anemiyalı nahiyələr isə, tibbi terminlə desək, gec-tez nekrozlaşmağa, yəni çürüməyə və sıradan çıxmağa məhkumdur.
Öz qapıbir qonşuları – Azərbaycan və Türkiyəni qoyub, hələ də ümidini heç bir quru əlaqəsinin olmadığı Rusiyaya bağlayan, tələdəki “pendiri” götürməyə boş yerə cəhdlər edən işğalçı ölkənin ola bilsin dirçəlmə şansı hələ qalır – nə barədə ki, yazıçı Karapetyan da bir daha öz xalqına çağırış edir.
Bu yerdə yada yazıçı Rüstəm İbrahimbəyovun da Qarabağla bağlı fikirləri düşür. Müsahibələrinin birində o, demişdi ki, “Mən ermənilərin Dağlıq Qarabağa haqqı olmadığını iddia edə bilmırəm”. İndi bu – “Qarabağ ermənilərə məxsus deyil” deyən erməni Karapetyan, o da “Qarabağa erməninin haqqı var” söyləyən “azərbaycanlı” İbrahimbəyov. Roma papasından artıq katolik olmaq cəhdi yəni.
Kim indi daha çox haqqı deyir – erməni Karapetyan, yoxsa “azərbaycanlı” İbrahimbəyov? Doğrudan da, “Kişi dilinin altında gizlənib” (Həzrəti Əli (ə)). Danışdıqca tanınar…