Yaxud, Styopa dayı haqda unutduğum fakt
“Handa bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni”.
(Nəsimi)
Ötən yazımda Azərbaycanda erməni Stepan Şaumyana ümumxalq məhəbbətimizin fontan vurmasından, SSRİ zamanında onun adına bir deyil, iki rayon qayırmağımıza toxunmuşdum. Hörmətli oxucularımızdan deputat Aqil Abbasın zəngi isə məni şoka saldı, sən demə, bizdə Şaumyanın adına 2 yox, 3 böyük yaşayış məskəni düzəldilibmiş: unutduğum, fikir vermədiyim adqoyma obyekti Stepanakert şəhəridir. Dağlıq Qarabağın mərkəzi, sovetlərə qədər Xankəndi adını daşıyan obamız. Buraya 1923-cü ildə kommunistlər Stepan Şaumyanın adını qoymuşdular.
Buyurun. Hansı millətin ərazisində onun anasını ağladan ən qəddar düşmənlərindən, ən murdar tiplərdən birinə 3 zırpı yaşayış məskəni “bağışlamaq” olardı? Doğrudanmı 70 illik sovet hakimiyyəti dönəmində bir nəfərimizin də ağlına gəlməyib ki, bu təhqirə etiraz eləsin? Tutaq ki, biz uşaq olmuşuq, qanmamışıq, bəs ağsaqqal-ağbirçəklərimizə nə sözünüz? Bəyəm onlar Şaumyanın mart qırğınları zamanı azərbaycanlıların qanını axıdan əsas başkəsənlərdən biri olduğunu bilmirdilər? Bilən də susurdu, bilməyən də. Nəticə məlumdur.
İndi mən fikirləşirəm ki, bəlkə də bizdə Stepan Şaumyanın atası Qriqori-nin, oğlu Suren-in də adına nəsə obyektlər olmuşdur, yadımızdan çıxarmışıq. Unutqan millətik axı. Yaddaşı olmayan toplumu aldatmaq, fırlatmaq olduqca asandır.
Elə bu həftə başqa bir dostumuz 1936-cı ildə çəkilən sovet filmi “Partiya bileti”nin linkini atmışdı. Baxdım. O dövrün mənzərəsini saxta pafosla da olsa pis göstərmir. Filmdə partbileti itirdiyi üçün arvadı Kommunist Partiyası üzvlüyündən qovurlar, bu zaman iclasda onu tənqid edənlərdən biri əri olur. Adi sovet həyat tərzi. Qardaşın qardaşı, oğulun atanı satdığı alçaq bir rejim idi. Ancaq indi çox adamı danışdırsan Stalini kor-koranə tərifləyəcəkdir. Elə bu unutqanlıq üzündən hazırda yenə qardaş qardaşdan, ata oğuldan imtina ərizəsi yazır. “Xaricdə və məhbəsdə qohumum yoxdur” – sovet tərcümeyi-hallarının pozulmaz bəndi yenidən aktualdır.
Ümumiyyətlə, hara baxsan dəyişən bir şey görünmür. Yalnız bayrağın rəngində müəyyən dəyişiklik edilmişdi, onu da külək cırıbdır, daha dirəyi boş qalmışdır. İki gün qabaq Saatlıda pambıq tarlasında kimyəvi maddədən zəhərlənən 20-dən çox şəxs ağır vəziyyətdə Bakıya gətirildi. Sovet vaxtı da pambıq tarlalarında bizi müxtəlif zəhərli maddələrlə boğurdular. Xalq arasında rəvayətə bənzər əhvalatlar yayılırdı, deyirdilər bir bərdəli Moskvada rusla danışır, rus inanmır ki, o, Bərdədən gəlibdir: “Bilirsən, mən 15 il qabaq sizin o rayonda ”Kukuruznik” təyyarə sürmüşəm, pambıq tarlalarına dərman səpirdim. Ora o qədər zəhər səpmişəm ki, yaxın yüz ildə Bərdədə heç bir insan yaşamalı deyil”. Xlorofos, DDT, göy daş məhlulu və sairə – indi yadıma düşənlər bunlardır – sovet dövründə SSRİ bizim kəndlərə, torpaqlara cürbəcür zəhərli maddələri kefi istəyən qədər çiləyirdi. Təki pambıq, üzüm salamat qalsın, kəndlinin canı cəhənnəmə. Məktəbi bağlayıb uşaqları tarla becərməyə, qul əməyinə basırdılar. Yadıma gəlir, bir dəfə üzümlüyə sarı rəngli zəhər maddəsi vurmuşdular, biz sahəyə girəndə hamını yuxu basmışdı. Hələ də fikirləşirəm görəsən o hansı kimyəvi silah idi, bizim körpə orqanizmimizdə hansı izləri buraxmışdır… Kimdən soruşacaqsan? Alim yox, səhiyyə yox… O vaxt alim və həkimləri də elə tarlaya basıb işlədirdilər.
Mövzunu bağlamaq üçün ən yaxşı xəbər isə Rusiyadan gəlibdir. Deyir, orda Rusiya Kommunist Partiyasının müdiri Gennadi Zyuqanov ən yaşlı kommunisti təbrik edibdir. Kişinin 100 yaşı varmış, adı isə Məmməd Cəbrayılovdur. Bəli, yanılmamısınız, Rusiyanın ən qoca kommunisti azərbaycanlı imiş. Yaxşı iş deyil ki, bacarmayaq. Faşizm qədər qanlı bir rejim qurmuş kommunistlərə, üstəlik sənin dövlətini yıxmış, ananı ağlar qoymuş bir ideolojiyə 100 yaşında da tapınmaq ancaq bizimkilərin qanacağı olardı. Bir nəfər də tanıyırdım, 1993-cü ildə – SSRİ dağılandan 2 il sonra öz cızmaqaralarına idiot fəxriylə “Sov.İKP üzvü” imzası qoyurdu, ancaq indi axmaq universitetlərimizin birində kafedra müdiri işləyir.
Kim bilir, bəlkə elə bu cür lazımdır? Axı dinozavrların nəsli kəsilib, buqələmunlar isə yaşayırlar. Bəlkə elə bizim məsələni cücü dərmanıyla həll eləmək lazımdır?